Ukrayna Prezidenti Vladimir Zelenski antikorrupsiya qurumlarının fəaliyyətinə dair mübahisəli dəyişiklikləri ləğv edib. Bu qərar ölkə daxilində baş verən etirazlar və beynəlxalq ictimaiyyətin narazılığından sonra verilib.
KONKRET.az xəbər verir ki, Zelenski cəmi iki gün əvvəl imzaladığı qanunu geri qaytarmaq üçün Ali Radaya yeni qanun layihəsi təqdim edib. Yeni layihə, antikorrupsiya qurumlarının müstəqil statusuna edilən dəyişiklikləri ləğv etməyi nəzərdə tutur.
Bununla belə, yeni qanun layihəsinin parlamentdə təsdiqlənməsi hələ gözlənilir. Bəzi fəallar xəbərdarlıq edirlər ki, sənəd Zelenskinin siyasi düşərgəsindən olan deputatlar tərəfindən bloklana bilər.
Yeni təşəbbüs baş prokuroru əvvəlki qanunla əldə etdiyi səlahiyyətlərdən məhrum edir və yalnız bəzi texniki əlavələr, o cümlədən antikorrupsiya agentlərinin əlavə olaraq poliqraf (yalan detektoru) yoxlamasından keçməsini nəzərdə tutur.
Natiq Səlim,
KONKRET.az