BAKI, 24 iyul. TELEQRAF
IV qrup üzrə qəbul imtahanında 700 bal toplayan Sona Nurməmmədli təəssuratlarını bölüşüb.
Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Teleqraf-a deyib ki, əslində, bu nəticəni gözləyirmiş: "İmtahandan sonra nəticələri yoxlayanda test suallarının hamısına doğru cavab verdiyimi öyrəndim. Açıq suallarla bağlı nəticəni bilməsəm də, yüksək olacağını təxmin edirdim. Ölkə birincisi olmaq gözəl hissdir. Nəticəni mesaj göndərməklə öyrəndim. Az sonra gördüm ki, bütün xəbər saytlarında adım var".
S.Nurməmmədli bildirib ki, Azərbaycan Tibb Universitetinin Tibb fakultəsini seçəcək: "Təhsilimi ölkəmdə davam etdirəcəm. Tibb fakultəsində oxumaq istəyirəm. Gələcəkdə hansı ixtisası seçəcəyimi isə hələ fikirləşməmişəm".