"18 yaşadək qızlardan ibarət basketbol yığması ilə uğurlar əldə etməyimiz gələcəkdə də eyni nəticələr qazanacağımız mənasına gəlmir. Uğur üçün zamana ehtiyacımız var".

Offsideplus.az xəbər verir ki, bu sözləri qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Evren Alkaya deyib.

Türk çalışdırıcı Avropa çempionatı-2027-nin ilkin seçmə mərhələsindəki rəqiblərimiz barədə fikirlərini bölüşüb: "E qrupunda mübarizə aparırıq. Rəqiblərimizdən biri Monteneqrodur. Bu komanda kifayət qədər təcrübəlidir. Ötən dəfə öz qruplarında iki ardıcıl məğlubiyyət sürpriz idi. Ancaq bu məğlubiyyətlərdən sonra çox fərqli şəkildə qələbə qazanaraq final mərhələsinə kimi gəldilər. Məncə, qrupdakı ən güclü rəqibimiz məhz elə Monteneqrodur. Ukrayna və Bolqarıstan isə bir-birinə yaxın komandalardır. Hər ikisi öz qruplarında ciddi qələbələr qazanıblar. Onların kifayət qədər təcrübəli oyunçuları var. Təbii ki, biz də əlimizdən gələni edəcəyik. İndi apardığımız mübarizə inkişafa gedən yolun bir hissəsidir".