AZ

Elmar Baxşıyev: “Avrokuboka vəsiqə ilə çoxuna sürpriz etdik”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Yunanıstan klubları arasındakı ilk görüş bu gün Bakıda baş tutub.

“Araz-Naxçıvan” bu matçdan 2:1 hesablı əzmkar qələbə ilə ayrılıb. Elmar Baxşıyev oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı, maraqlı, dinamik oyun gördük. Bilirdik ki, rəqib bizə nə sürprizlər hazırlayıb. Yaxşı təşkilatlanmış komandadır, yaxşı futbolçulardır. Amma yenə də komanda şəklində oyuna düzgün yanaşdıq. Layiqli qələbə qazandıq. Bizi daha çox düşündürən özümüzük. Komanda göstərdi ki, həm oyun planında, həm də xarakter baxımından möhkəmdir. Zədəlilərimiz də sıraya qayıtdıqdan sonra daha da yaxşı olacaq.

Belə oyunlarda VAR-ın tərəfdarıyam. Biz də gördük ki, qapımıza vurulmuş qoldan öncə penalti idi. Amma hakim fərqli qərar verdi. Hücumdan sonra əks-hücumda qol buraxdıq. Siz komandanı indi görürsünüz, biz 14 günlük toplanışda hiss edirdik ki, xarakter formalaşır. Möhkəm komandamız var. Düşünmürəm ki, bu gün sürpriz etdik. Daha da artığını etmək gücündəyik. Hakimliklə bağlı danışmaq istəmirəm. Futbolu qoyub hakimlikdən danışsaq, komandanı unutmuş olacağıq. Özümüzə köklənməliyik.

Bu gün atmosfer yaxşı idi. Azarkeşlər qol buraxandan sonra da komandanı tək buraxmadılar, futbolçuları hücuma səsləyirdilər”.

Elmar Baxşıyev komandasını tərifləsə də, hələ hər şeyin ideal olmadığını da vurğulayıb:

“Əla idik, yaxşı idik, deyə bilmərəm. Gündən-günə yaxşılığa doğru gedirik. Bu gün meydana çıxmış oyunçuların 5-i bizə yeni qoşulub. Günlər keçdikcə, futbolçular da daha rahat uyğunlaşacaqlar. Heyətimiz cavan futbolçulardan ibarət deyil. Avrokuboklarda oynamış futbolçularımız var, təcrübəyə sahibik. Düşünmürəm ki, səfərdə aura onlara təsir etsin. Komanda şəklində buna da hazır olacağıq”.

Elmar Baxşıyev növbəti mərhələlərdə hansısa ev oyununun Naxçıvanda keçirilməsinin mümkünlüyünə də toxunub:

“Biz də Naxçıvanda oynamaq istəyirik. Amma bu sual mənə aid deyil. Qərar olacaqsa, oyunlarımızı orada keçirərik, komanda olaraq buna sevinərik. Oranın da başqa aurası var, futbolu orada da sevirlər. “Araz-Naxçıvan” avrokuboklara getməklə çoxlarına sürpriz etdi. Bu gün də ilk qələbəmizi qazandıq. Pillə-pillə arzulara doğru irəliləyirik.

Elmar Baxşıyev hazırda Premyer Liqa barədə düşünmədiklərini vurğulayıb:

“Çempionata hələ var. Hələ çempionatı fikirləşmirik. Futbolçularım iddialıdırlar, özlərinə güvənirlər. Çempionatda yaxşı iş ortaya qoyacağıq. Komandanın aurası sağlamdır. Heyətimizdə bizimlə olan insanlar da onu görür, hiss edirlər. Yaxşı aura formalaşdırmışıq. Burada təzyiq yoxdur. Komandamızın potensialı bu deyil”.

“Aris”in baş məşqçisi Marinos Uzunidis də matçdan sonra fikirlərini bölüşüb:

“Bizim üçün pis nəticədir. Qol vurduqdan sonra oyuna nəzarəti itirdik. Daha soyuqqanlı oynamalı idik. Üçüncü qolu da buraxa bilərdik. Bu, bizim üçün qəbuledilməzdir. İkinci hissədə əziyyət çəkəcəyimizi bilirdik. Bu oyunu unudub, növbəti matça hazırlaşmalıyıq.

Razıyam ki, “Araz-Naxçıvan” bizi bütün komponentlərdə üstələyərək layiqli qələbə qazandı. Amma cavab görüşündə tamamilə fərqli oyun olacaq. Görəcəksiniz. İkinci oyunda hər şey bizim üçün daha yaxşı olacaq. Bizim bir həftə vaxtımız var. Fiziki cəhətdən bəzi oyunçuların vəziyyəti yaxşı deyildi. Ona görə belə halları gözləyirdik. Təcrübəli oyunçularımız var. Onların yaxşı reaksiya verəcəyini gözləyirəm. Buraxılan qollarda səhvlərə imza atdıq. İkinci oyunda soyuqqanlı olmalıyıq. İşləyəcəyimiz detallar var.

Məncə, ən böyük problem komandamızda idi. Rəqibin necə oynayacağını bilirdik. Daha böyük problem bizim komandada idi. Birinci oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Cavab görüşündə azarkeşlərimizlə birlikdə qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik”.

Seçilən
56
arena.az

1Mənbələr