Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı gizli memorandum əldə etdiyini və bu sənədin Ermənistan və ABŞ tərəfindən təsdiqləndiyini iddia edib. Nəşr Zəngəzur dəhlizini “Tramp körpüsü nəqliyyat dəhlizi” adlandırır. Məqalədə deyilir ki, erməni diasporu sənədin məzmunu ilə tanış olub. Məlumata görə, burada ikitərəfli regional iqtisadi dəhliz və müdafiə dəhlizi layihəsi müzakirə olunur: "Bu, Ermənistanın Sünik rayonundan keçən 42 kilometrlik nəqliyyat dəhlizidir. Dəhliz Azərbaycanı Ermənistan və İran sərhədində strateji mövqeyə malik Naxçıvanla birləşdirir. Bu dəhlizin yaradılması Ermənistanın müharibənin qarşısının alınmasından sonra Azərbaycanın əsas səylərindən biri olub. Bu dəhlizin böyük bir hissəsinin itirilməsinə səbəb ola biləcəyi üçün sənədə əsasən, Ermənistan Syunik bölgəsi üzərində suverenliyini saxlayır, lakin buna baxmayaraq, nəqliyyat dəhlizinin lazımi lisenziyanı almış ABŞ şirkəti tərəfindən idarə ediləcəyi aydındır. Ermənistan minimum 99 il müddətinə öz ərazisindən məhrum ediləcək”, - məqalədə qeyd olunur.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına bildirib ki, bu məsələ əslində İspaniyanın “Periodista Digital” nəşri yaymamışdan öncə də bununla bağlı fikirlər səsləndirilirdi. Yəni Zəngəzur dəhlizi ilə bağlı Ermənistanla ABŞ arasında gizli danışıqların aparılması və bəzi məlumatlara görə, bununla bağlı razılığın əldə edilməsi ilə bağlı informasiyalar dolaşırdı.
Xəyal Bəşirov
“Ermənistanın hazırkı hakimiyyəti bu məsələ ilə bağlı əgər həqiqətən də danışıqlar aparırsa, zaman-zaman ictimaiyyətin diqqətini buna yönləndirməklə, Ermənistan cəmiyyətini sanki buna hazırlayır və bu da təbii ki, gələcəkdə həqiqətən də prosesin reallaşmasından xəbər verir. Biz nəzərə almalıyıq ki, Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin reallaşması məsələsinə dair 10 noyabr 2020-ci il tarixli bəyanat var. Burada Azərbaycanın əsas istəyi Azərbaycanı Naxçıvanla maneəsiz şəkildə birləşdirən yoldur. Bura həm dəmir yolu, həm avtomobil yolu aiddir. Eyni zamanda Ermənistanın ərazilərinə heç bir iddia olmadan, ancaq Ermənistan sərhədçilərinin və yaxud digər hüquq-mühafizə orqanlarının da təmasının olmadığı bir yoldan söhbət gedir. Yəni Azərbaycanın əsas hissəsindən Naxçıvana və Naxçıvandan da əks istiqamətdə maneəsiz olaraq gedib-gəlməli və yüklər də maneəsiz daşınmalıdır. Bunu Ermənistan tərəfi zaman-zaman Azərbaycana qarşı Azərbaycanın sanki Ermənistana ərazi iddiaları kimi qələmə verməyə çalışır. Eyni zamanda Ermənistan bunu Zəngəzur gah dəhliz hesab etmir, digər formalarda adlandırır. Burada bizim əsas məqsədimiz Ermənistana açıq şəkildə bəllidir. Beynəlxalq ictimaiyyət də bunu çox gözəl anlayır ki, Azərbaycanın istədiyi nədir. Azərbaycan bu məsələdə beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə istəklərini ortaya qoyur. Zamanında mövcud olan yolların yenidən işlək vəziyyətə düşməsinin tərəfdarı olduğunu bildirir. Həmin ərazilərin Ermənistan tərəfindən ABŞ-ın hansısa bir şirkətinə təhvil verməsi və yaxud da 10 noyabr 2020-ci il tarixli bəyanatın tələblərinə uyğun olaraq, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin nəzarətinə verilməsi Ermənistanın öz ərazilərinə münasibətdə atacağı addımlardır. Bizim istəyimiz həmin o yolun mövcud olması və maneəsiz keçidinin təmin edilməsidir. Əgər maneəsiz keçiddə Rusiya və ya Amerika Birləşmiş Ştatları və yaxud digər dövlət hər hansı bir formada maneçilik törədəcəksə, o halda bu vəziyyət Azərbaycanın maraqlarına və razılaşmanın mahiyyətinə zidd olacaq”-deyən politoloq qeyd edib ki, Ermənistan öz ərazilərini kiminsə sərəncamına verirsə, bu, Ermənistanın daxili məsələsidir və Ermənistanın öz ərazisi ilə bağlı atdığı addımlar Azərbaycanı maraqlandırmır, Azərbaycanı maraqlandıran nüans keçidi özündə əks etdirəcək yolun fəaliyyətə başlaması ilə bağlıdır.
ABŞ ştatlarının maraqları ilə bağlı politoloq bildirib ki, XX əsrin əvvəllərində ABŞ Zəngəzur uğrunda mübarizə aparırdı: “Söhbət burada təbii ki, Qərbi Zəngəzurdan gedir və həmin o yola nəzarət etmək və Şərqlə Qərbi birləşdirəcək Orta dəhlizin əsas həlqələrindən birinə nəzarət etmək istəyini həyata keçirməyə çalışırdı. Amma nail ola bilmədi. Sonralar Sovetlər İttifaqı yarandı və Sovetlər İttifaqı bütün bu əraziləri məcburi şəkildə öz nəzarəti altına aldığına görə, o plan həyata keçmədi. İndi də Ermənistanın ərazilərində müxtəlif dövlətlərin silahlıları və digər kəşfiyyatçıları yerləşib. Ermənistan öz konstitusiyasına zidd addımlar atır”.
Politolqun fikrincə, Azərbaycanın əsas istəyi Azərbaycanla Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsindən ibarətdir.
“Burada əsas toqquşacaq qüvvələr Ermənistan üzərindən Rusiya və Amerika Birləşmiş Ştatları olacaq. Görünən tərəf odur ki, bu məsələdə də Rusiyanı sıxışdırmaq istəyir və hətta əgər Zəngəzur dəhlizinə nəzarəti mülki qaydada da olsa, 42-43 kilometrlik ərazini Ermənistandan icarəyə alacaqsa, o icarəyə alma məsələsi Ermənistanla ABŞ arasında tənzimlənəcək.
Amma onun Azərbaycan tərəfinin istəklərinə maneçiliyi olacaqsa, burada artıq Azərbaycanın mövqeyi işə düşəcək. Əks təqdirdə bizim üçün yenə də qeyd edim, belə bir əhəmiyyət kəsb etmir”-deyə Xəyal Bəşirov bildirib.
Politoloq qeyd edib ki, Ermənistan bu razılığa ABŞ-la gələrsə, bu ondan xəbər verir ki, Ermənistan artıq Rusiyanın tam girovluğundan, forpostluğundan çıxmaq niyyətini ortaya qoyub.
Bunu nə üçün gizli edirlər?
Politoloq hhesab edir ki, bunu seçki öncəsi gizli edirlər.
Beləki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək və parlament seçkilərində Ermənistanın hazırkı hakimiyyəti Rusiyanın qınağına, Rusiyanın hücumuna tuş gəlməmək üçün bunu gizli şəkildə edir.
Amma parlament seçkiləri olmasaydı və yaxud olub keçəndən sonra Ermənistan bunu açıq şəkildə bəyan edəcəkdi.
Digər tərəfdən də ABŞ-ın rəğbətini qazanmağa çalışır.
“Nikol Paşinyan Donald Tramp hakimiyyətə seçildikdən sonra ABŞ-a səfər etdi, onunla görüş keçirmək istədi, amma buna nail ola bilmədi.
Ermənistan baş naziri Donald Trampın diqqətini bu şəkildə cəlb etməyə çalışır.
Digər tərəfdən də Rusiya amili var və Rusiya tərəfini də qane etməlidir.
Ona görə də Nikol Paşinyan Moskvaya tələm tələsik səfəri barədə məlumat yayıldı.
Əslində bu məsələdə Ermənistan həm Rusiyanın həm də ABŞ-ın təzyiqi ilə qarşılaşacq.
Amma Azərbaycan tərəfinin əsas istəyi Zəngəzur dəhlizinin reallaşmasıdır. Zəngəzur dəhlizinin reallaşması bir çox dövlətlər tərəfindən dəstəklənir”-deyən Xəyal Bəşirov vurğulayıb ki, Zəngəzur dəhlizinə nəzarət məsələsi Azərbaycanın istəklərinə zidd olmadan həyata keçməlidir.
Bunu da təbii ki, irəliləyəcək zaman müddətində biləcəyik.
Qeyd edək ki, Ermənistan hökuməti "Periodista Digital" tərəfindən dərc edilən və anonim şəxslərə istinadən Ermənistan ərazisindən keçən “Trump körpüsü” adlandırılan nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Ermənistan, Azərbaycan və ABŞ arasında məxfi razılığın əldə edildiyini iddia edən xəbəri təkzib edib.
Bu barədə Ermənistan NK-nın yaydığı məlumatda bildirilir.
"Qeyd olunan məqalənin reallıqla heç bir əlaqəsi yoxdur"-deyə məlumatda qeyd olunub.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.