Yay aylarında istidən sərinləmək üçün müxtəlif yollar axtarılır və bu zaman diqqət çəkən içkilərdən biri də turşu suyudur.
E-saglam.az xəbər verir ki, son illərdə idmançılar, sağlamlıq həvəskarları və təbii qidalanma tərəfdarları arasında populyarlığı artan turşu suyunun faydaları və zərərləri barədə mütəxəssislər fərqli fikirlər səsləndirirlər.
Faydaları nələrdir?
Diyetoloq Julia Zumpano bildirir ki, turşu suyu elektrolitlərlə – xüsusilə natrium, kalium və maqneziumla zəngindir. Bu isə onu ağır fiziki fəaliyyət və tərləmə nəticəsində bədəndə itirilmiş maddələrin bərpası üçün faydalı edir. Əgər turşu sirkə əsaslıdırsa, qan şəkərini tarazlaya və hətta arıqlamağa kömək edə bilər. Lakto-fermentasiya olunmuş turşu suyu isə probiotik tərkibi sayəsində bağırsaq sağlamlığını dəstəkləyir.
Miçiqan Universitetində aparılan bir araşdırmaya görə, turşu suyu əzələ spazmlarını azaltmaqda sadə sudan daha təsirli ola bilər.
Amma diqqətli olmaq da vacibdir
Digər tərəfdən, funksional tibb mütəxəssisi Dr. Will Haas xəbərdarlıq edir ki, turşu suyu gündəlik və müntəzəm istehlak üçün uyğun deyil. Onun fikrincə, bu içkidəki yüksək natrium miqdarı yüksək qan təzyiqi, şişkinlik və reflü kimi problemləri artır bilər. O, bu səbəbdən elektrolit tozları kimi daha balanslı alternativlərin seçilməsini tövsiyə edir.
Zumpano da əlavə edir ki, artıq natrium istehlak edən və ya bu maddəni məhdudlaşdırmalı olan şəxslər turşu suyunu ehtiyatla istifadə etməlidirlər.
Nə qədər istifadə edilməlidir?
Hər iki mütəxəssis razılaşır ki, turşu suyunu sınamaq istəyənlər az miqdardan – məsələn, bir neçə yemək qaşığından başlamalıdırlar. Əgər əl və ayaqlarda şişkinlik və ya başqa narahatlıqlar hiss olunarsa, istifadə dayandırılmalıdır. Zumpano xüsusilə fermentasiya olunmuş təbii variantlara üstünlük verilməsini məsləhət görür.
Tərcümə: Könül Oruc
E-saglam.az