AZ

Yaponiya 100 “Boeing” təyyarəsi alacaq

Pekin, 25 iyul, AZƏRTAC

Yaponiya ABŞ-ın “Boeing” şirkətindən 100 ədəd təyyarə alacaq.

AZƏRTAC xəbər verir ki, Ağ Evin açıqlamasına görə, alqı-satqı iki ölkə arasında əldə edilmiş ticarət razılaşmasında əksini tapıb. Bildirilib ki, Yaponiya ABŞ-dan milyardlarla dollar dəyərində kənd təsərrüfatı və digər məhsullar almaq, habelə bu ölkədən düyü idxalını 75 faiz artırmaq öhdəliyi götürüb.

İki ölkə arasındakı strateji ticarət və investisiya müqaviləsinə əsasən, Yaponiya ABŞ-dan müdafiə avadanlığının illik alışını da əhəmiyyətli dərəcədə artıracaq. Bundan başqa, gündoğan ölkə əsas sənayelərini yenidən qurmaq və genişləndirmək üçün ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq. Supergüc dövlət də bu investisiyadan əldə edilən gəlirin 90 faizini özündə saxlayacaq.

Qeyd edək ki, ABŞ Yaponiyaya tətbiq etdiyi 25 faizlik idxal rüsumlarını 15 faizə endirməyə razı olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
33
1
azertag.az

2Mənbələr