Yeni dünya düzənində coğrafi məkanlar xüsusi əhəmiyyət daşımağa başlayıb. Yaşadığımız Cənubi Qafqaz da belə bölgələrdən biridir. İndi dünyada baş verən gərgin geosiyasi proseslərdə regionumuz ön plana çıxıb.
Müasir dünyada iqtisadi amillər siyasi və hərbi ambisiyaları üstələyib. Karl Marksın "Bazis və üstqurum" nəzəriyyəsi özünü doğruldub. Hazırda iqtisadi amil siyasi faktorlardan üstün mövqeyə çıxıb. Düzdür, Qərb ölkələri siyasi faktordan lazım olanda digər ölkələrə qarşı təzyiq mexanizmi kimi istifadə edir. Ancaq bunlar işinə yarıyanda yada düşür, qalan vaxtı iqtisadi mənfəət gətirən ölkələrin siyasi mənsubiyyətinə baxmazlar.
Məlumdur ki, indiki dünya düzənində iqtisadi əlaqələrin güclənməsində ticarət marşrutları önəmli rol oynayır. Səbəbi də budur ki, müasir texnologiyalardan istifadə sürətlə və daha çox məhsul istehsal etməyə imkan verir. Amma bu məhsullar tez bir zamanda satılmalıdır ki, istehsalın sürətini təmin edən axın xətləri dayanmasın. Hazırda Çin bu üsulla ildə milyonlarla avtomobil istehsal edir. Onlar dünya bazarında vaxtında realizə olunmasa, axın xətlərini dayandırmağa məcbur olacaq. Bu, təkcə Çinə aid məsələ deyil. Vurğuladığmız kimi, müasir texnologiyalardan, xüsusilə süni intellektdən istifadə dünyada az işçi qüvvəsi ilə daha çox məhsul istehsal etməyə imkan verir. Üstəlik, insan amilinin azalması daha çox məhsulun istehsalını stimullaşdırır.
Qərbdən yüksək texnologiyaları idxal edən bir çox Asiya ölkəsi indi bu sahədə liderliyi ələ almağa çalışır. Xüsusilə Çin və Hindistan bu sahədə xeyli irəli gediblər. Dünyanın nüfuzlu ekspertləri qeyd edirlər ki, Hindistan süni intellektdən istifadə sahəsində ən üst səviyyəyə çatan ölkələrdən biridir.
Çin "Bir kəmər, bir yol" layihəsi ilə özünə dünya bazarına maneəsiz çıxmaq üçün yol açır. Bu, hazırda dünyanın diqqət mərkəzində olan Orta dəhlizdir. Marşrutun belə əhəmiyyət qazanmasının hazırda beynəlxalq aləmdə baş verən geosiyasi proseslərlə sıx bağlılığı var və onun səbəblərini dəfələrlə qeyd etmişik. Onu da qeyd etmişik ki, indiki halda qlobal dəhlizlərdən ən təhlükəsizi Orta dəhlizdir. Həmçinin yüklərin Şərqdən Avropaya və əksinə daşınmasında ən qısa yol da Orta dəhlizə məxsusdur. O üzdən indi beynəlxalq aləmdə baş verən gərgin geopolitik mübarizədə Zəngəzur dəhlizinin açılması xüsusi önəm daşıyır.
Hazırda dünyada Orta dəhlizə, onun əhəmiyyətli qolu olan Zəngəzur dəhlizinə nəzarət uğrunda ciddi mübarizə gedir. İran və Rusiyanın son bəyanatları bunu açıq şəkildə göstərir. Hər iki ölkənin bu məsələdə öz siyasi baxışları var. İran Zəngəzur dəhlizinin açılmasının birmənalı əleyhinədir. Cənub qonşumuz Zəngəzur dəhlizi əvəzinə yüklərin Araz dəhlizi vasitəsilə daşınmasını istəyir. Onlar buna nail olsalar, Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı qazanar, üstəlik, beynəlxalq müstəvidə itirilmiş siyasi nüfuzunu yenidən bərpa edə bilər. Bununla yanaşı, beynəlxalq əhəmiyyətli ticarət marşrutuna nəzarət imkanı əldə etmiş olur. Digər tərəfdən, Hindistanla Ermənistan ərazisindən keçəcək yeni ticarət marşrutu yaratmaqla dünya ticarətində önəmli ölkəyə çevrilə bilər. Söz düşmüşkən bildirək ki, Hindistan tərəfindən Ermənistanın hərbi və siyasi cəhətdən dəstəklənməsinin əsas səbəbi özünün əsas rəqibi olan Çinin Orta dəhliz layihəsinə mane olmaqdır.
Zəngəzur dəhlizi ilə bağlı gərginliyin ilk fazası Ermənistanın baş naziri Nikol Paşinyanın son Türkiyə səfərindən və Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə 5 saatlıq görüşündən sonra başlandı. İran və Rusiya Zəngəzur dəhlizi ilə bağlı hədə-qorxu tipli bəyanatlar səsləndirdilər. İran bölgədə köhnə "sərhədlərin dəyişilməz" bayatısını təkrar etdi, Rusiya 10 noyabr Bəyanatının 9-cu bəndini xatırlatdı. Hər iki ölkə isterika içindədir. Bu məsələ xüsusilə İspaniyanın "Periodista Digital" nəşrində dərc edilən, dəqiqliyi hələlik məlum olmayan məqalədən sonra daha da qızışdı. Həmin yazıda qeyd olunmuşdur ki, "Zəngəzur dəhlizinin idarə olunması barədə Ermənistan, Azərbaycan və ABŞ arasında gizli razılaşma əldə olunub. Bu gizli razılaşmaya görə, Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən geçəcək strateji dəhlizin - "Tramp Körpüsü"nün yaradılması barədə razılığa gəlinib. Həmin dəhliz vasitəsilə Azərbaycanla onun eksklavı Naxçıvan arasında birbaşa quru əlaqəsi yaradılacaq". Etiraf edək ki, bu "razılaşma" prinsip etibarilə Azərbaycanı qane edir.
Hazırda Rusiyada aparılan anti-Azərbaycan təbliğatının arxasında da bu dayanır. Rusiyada anlayırlar ki, bu baş verərsə, şimal qonşumuz əsrlərlə Cənubi Qafqazda formalaşdırdığı nüfuz dairəsini birdəfəlik itirə bilər.
Prezident İlham Əliyevin mövqeyi qətidir - bu dəhliz vasitəsilə Naxçıvana gedən sərnişinlərin və yüklərin təhlükəsizliyi təmin edilməlidir. Bunun hansı formada olması barədə isə Ermənistan qərar verməlidir. Biz ötən əsrin 90-cı illərində Azərbaycandan Ermənistan ərazisi vasitəsilə Naxçıvana gedən vətəndaşların hansı təhlükələrlə qarşılaşdığını unutmamışıq. Prezident İlham Əliyev Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilmiş III Şuşa Qlobal Media Forumunda jurnalistin sualını cavablandırarkən bu barədə demişdir: "Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir". Dövlət başçısının cavabından aydın görünür ki, bu dəhlizin ətrafında gedən siyasi oyunlarda tərəfdaş deyilik, əsas tələbimiz insanların və yüklərin təhlükəsiz keçidinin təmin olunmasıdır.
Prezident İlham Əliyev Şuşa Qlobal Forumunda Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, professor Şerzodxon Kudratxucanın sualını cavablandırarkən bu dəhlizin beynəlxalq əhəmiyyətinə də toxunmuşdur: "Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır".
Rüstəm KAMAL,
"Azərbaycan"