AZ

Məhkəmə fermeri maşını ilə qəsdən vuran şəxslə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Aqif Babayevin (soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Yevlax Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli hökmü, həmin hökmə “Volkswagen Touareg markalı avtomobilin təqsirləndirilən şəxsə qaytarılması nəzərə alınıb və “”1 ədəd SD diski cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın” sözləri əlаvə edilməklə dəyişdirilib.

 

İttihama görə, hadisə ötən il Yevlax rayonu, Kövər kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Aqif Babayev nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Volkswagen Touareg” markalı avtomobillə zərərçəkmiş İlqar Hüseynovun xırdabuynuzlu və iribuynuzlu heyvanları saxlamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu fermaya gəlib. O, həmin fermanın digər bir şəxsə məxsus olduğunu iddia etməklə orada əsassız olaraq videoçəkiliş aparıb. Bu barədə fermada yaşayan qadın mobil telefonla zərərçəkmiş şəxsə məlumat verib.

 

Sonra İlqar Hüseynov yaxınlıqda olduğundan fermaya doğru gəlib. Aqif Babayev isə avtomobilə əyləşib sürüb. Yolun kənarında dayanan İlqar Hüseynov ona avtomobili saxlaması üçün əl işarəsi edib. Lakin təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərinə tərəf avtomobili qəsdən sürüb. O, maşının sol güzgüsü ilə zərərçəkmiş şəxsin sol qol nahiyəsindən qəsdən vuraraq, ona az ağır zərər vuran bədən xəsarəti yetirib.

 

Yevlax Rayon Məhkəməsinin hökmü ilə Aqif Babayev 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 25 İyul 2025, 08:24   
Seçilən
93
pravda.az

1Mənbələr