Dəmir yolunun kənarındakı qanunsuz tikililər insan həyatını təhdid edir
Dəmir yollarının ətrafında qanunsuz tikililər illərdir ki, cəmiyyəti və dövlətin nəzarət orqanlarını narahat edən problemə çevrilib. Abşeron dairəvi xətti boyunca, xüsusilə Nərimanov-Böyükşor və Keşlə sahələrində yerləşən mühafizə zolaqlarında tikilən qanunsuz evlər həm bu ərazilərdə yaşayan insanların, həm də bütövlükdə dəmir yolu infrastrukturunun təhlükəsizliyini təhdid edir.
Statistikaya görə, həmin ərazidə qanunsuz tikilmiş 161 evdə 156 ailə olmaqla 543 nəfər yaşayır. Qanunsuz tikililərin müxtəlif təhlükələri və ciddi hüquqi problemləri bir araya gətirdiyi göz qabağındadır. Onların əksəriyyəti sənədsizdir və müvafiq icazə olmadan inşa edilib. Belə hal həm qanun pozuntusuna səbəb olur, həm də ərazidəki insanların gələcəkdə hüquqi məsələlər və məhkəmələrlə üzləşməsinə gətirib çıxarır.
Yeri gəlmişkən qeyd edək ki, əldə olunan məlumata görə, hazırda dəmir yolunun mühafizə zolağında yaşayan ailələrdən 54-nün başqa ünvanlarda qanuni yaşayış sahəsi mövcuddur. Bu, o deməkdir ki, onlar dəmiryol ərazisində yaşamağa ehtiyacdan deyil, daha çox şəxsi maraqlardan, bəlkə də kommunal rahatlıq, şəhər mərkəzinə yaxınlıq və ya torpaq sahəsinə sahiblənmək üçün üz tutublar. Daha acı olanı isə odur ki, evlərin bir hissəsi artıq gəlir mənbəyinə çevrilib. 11 nəfər həmin evləri kirayə verərək, faktiki olaraq təhlükə içində başqasının yaşamasına razılıq verib. Fakt bizə onu deməyə əsas verir ki, burada ehtiyacdan tikilən daxmalar yox, planlı şəkildə qurulan gəlir modeli var. Düşünmək olar ki, bu adamlar çarəsizlikdən, məcburuyyətdən belə addım atıblar. Amma qeyd etdiyimiz rəqəmlər bir daha göstərir ki, söhbət təkcə sosial çarəsizlikdən getmir. Bəziləri bu tikililəri biznes alətinə, qanunsuz gəlir mənbəyinə çeviriblər.
Araşdırmalar bir faktı da ortaya qoyub ki, ərazidə yaşayanlar ölkənin təxminən 40 şəhər və rayonundan gəliblər. İlk baxışda adama elə gəlir ki, bu insanlar təhlükəli mühafizə zolağında - dəmir yolunun qorunma sahəsində ev tikib yaşamağa məcbur olublar, yaxud da məcburi köçkün, ya da qaçqındırlar. Halbuki bu, tam olaraq belə deyil. Həmin tikililərdə yaşayanlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Deməli, böyük əksəriyyət bu addımı atarkən heç də qaçqınlıq və ya məcburi köçkünlük statusuna sığınmayıb. Çoxu sadəcə mövcud vəziyyətdən faydalanmağa çalışıb. Bəziləri sosial yardım alacağına ümid edib, bəziləri isə gələcəkdə bu evlərin sənədləşdiriləcəyini düşünərək riskə gedib.
Bu ərazidə inşa olunan evlərin heç biri qanuni əsaslara söykənmir. Onlar nə müvafiq icra hakimiyyətindən razılıq alıb, nə də şəhərsalma planında özünə yer tapıb. Sənədsiz, qanunsuz və nəzarətsiz şəkildə tikilən həmin evlər, əslində yalnız tikinti qaydalarını deyil, eyni zamanda hüquq və təhlükəsizlik prinsiplərini də pozub. Sənədsiz ev əslində sənədsiz tale deməkdir - nə hüququ var, nə də gələcəyi.
Bu görüntünün ən ağrılı tərəfi odur ki, son üç ildə dəmir yolu xəttində çoxsaylı bədbəxt hadisə baş verib. Səs-küysüz, kameralardan uzaq baş verən bu hadisələr bəzən cəmiyyətin diqqətindən kənarda qalır. Amma hər biri bir ailənin faciəsinə, bir insanın həyatında iz buraxan dönüş nöqtəsinə çevrilir. Bu tikililər yalnız qanunsuz deyil, onlar həm də təhlükənin içində ucaldılıb. Dəmir yolunun bir neçə metrliyində qurulan həyatlar, tikilən evlər hər gün şütüyən qatarlar ilə silkələnir. Bir anlıq ehtiyatsızlıq, bir körpənin oyun zamanı relslərə çıxması, bir gəncin yolu qısaltmaq istəyi bəzən geri dönüşü olmayan faciə törədir.
Evlərin qanunsuz tikili olması ilə bağlı hüquqi statusu artıq rəsmi şəkildə müəyyən olunub. Məhkəmə öz sözünü deyib: tikililər sökülməlidir. Bəziləri qərarı sərt, bəziləri isə gecikmiş hesab edə bilər. Lakin dövlət torpağında, xüsusilə də dəmir yolu kimi strateji və təhlükəli bir ərazidə sənədsiz ev tikməyin izahı yoxdur. Məhkəmə qərarı təkcə beton divarların sökülməsini deyil, həm də qanunsuzluğa son qoyulmasını tələb edir. Bu, sadəcə sənəd deyil, o, həm də dövlətin təhlükəyə "yox", qanunsuzluğa "dur" deməsi kimi oxunmalıdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"