AZ

Ermənipərəst konqresmenlər sülhə qarşı çıxırlar

Lakin nə etmələrindən asılı olmayaraq niyyətlərinə çatmayacaqlar

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ətrafında nikbinlik doğuran proseslərin cərəyan etməsi ABŞ-dəki erməni lobbisinin kürkünə birə salıb. Çünki belə olmasaydı, sülh sazişinin imzalanması istiqamətində irəliləyişin baş verdiyi bir dövrdə erməni lobbiçiliyini edən amerikalı konqresmenlər sülh prosesinin pozulmasını hədəfə alan növbəti təxribatçı əmələ yol verməzdilər. 

F.Peloni kimilər hər cür riyakarlığa baş vururlar

Belə ki, 87 konqresmen ABŞ Prezidenti D.Trampın administrasiyasına müraciət edərək ermənilərin "Dağıq Qarabağ"a qayıtmasına dəstək verilməsinə çağırıblar. Müraciəti ABŞ Konqresində Ermənistanla dostluq qrupunun həmsədrləri Frank Peloni, Qas Bilirakis, Bred Şerman və Devid Valadaonun rəhbərliyi ilə hər iki partiyadan olan konqresmenlər imzalayıblar. Frank Peloninin adı Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. COP29 tədbiri zamanı Azərbaycana gələn bu ermənipərəst konqresmen yerli ictimaiyyət tərəfindən hiddətlə qarşılanmış və səfərini yarımçıq qoyaraq rüsvayçılıqla ölkəmizi tərk etmişdi. Məhz belə bir adamın rəhbərliyi və iştirakı ilə D.Trampın administrasiyasına sözügedən müraciətin Azərbaycanla Ermənistanın sülhü imzalamağa yaxın olduqları bir dövrdə, o cümlədən, münasibətlərin normallaşdırılması ilə bağlı irəliləyişin əldə olunduğu Əbu-Dabi görüşündən sonra edilməsi ondan xəbər verir ki, ABŞ-nin ermənipərəst konqresmenləri sülhə qarşı çıxırlar. 

Konqresmenlərin isə bu mövzuda ABŞ-nin deyil, korrupsiya sxeminə bulaşdıqları erməni diasporunun maraqlarını müdafiə etdikləri məlum məsələdir. Ötən 30 ildən artıq dövrdə bu dəfələrlə öz təsdiqini tapıb. Məsələn, 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəliş qəbul olunarkən konqresmenlər erməni diasporunun sifarişini yerinə yetirmişdilər. Və bu riyakar addımı atmaqla onlar Ermənistanın işğalçılıq siyasətini dəstəkləmiş, qanlı müharibəyə rəvac vermişdilər. Bu gün də erməni diasporundan maliyyələşən eyni qüvvələr qanlı münaqişənin yenidən başlanması və sülh prosesinin pozulması üçün hər cür riyakarlığı edirlər. 

D.Tramp sülh gündəliyini dəstəkləyir

Qeyd edək ki, konqresmenlərin bu müraciəti həm də Prezident Donald Trampın özünə qarşı yönəlib. Məlum olduğu kimi D.Tramp ABŞ-yə birinci prezidentliyi dövründə Ermənistan-Azərbaycan münaqişəsinə neytral yanaşıb. İkinci Qarabağ müharibəsi zaman isə Tramp administrasiyası Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə qarşı çıxmayıb. O zaman bu, ABŞ-nin siyasi rıçaqlarından istifadə etməyə öyrəşmiş erməni lobbisinin narazılığına səbəb olmuşdu. 

D.Trampın ABŞ-yə ikinci prezidentliyi dövrünün reallıqları isə ondan ibarətdir ki, o, sülh gündəliyini dəstəkləyir. Bu isə Cənubi Qafqazı qan çanağına döndərməyə çalışan erməni lobbisinin maraqlarına cavab vermir. Bu baxımdan D.Trampı "ermənilərin Qarabağa qayıdışı" tələbinə qoşulmağa çağıran konqresmenlərin niyyəti sülh prosesini ləngitmək, ABŞ Prezidentinin dəstək verdiyi sülh gündəliyini aradan qaldırmaqdır. 

Qeyd edək ki, ABŞ-dəki erməni lobbisinin əsas niyyətlərindən biri də bu cür əməllərlə D.Trampa olan etimadı zəiflətməkdir. D.Trampa etimadı zəiflətmək cəhdlərinin arxasında isə indiyədək erməni diasporundan alınan pullar hesabına qeyri-şəffaf korrupsiya sxemləri qurmuş konqresmenlərin ifşa olunmaq qorxusu dayanır.  Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə D.Trampın qələbəsi barədə danışarkən bu məsələləyə də toxunmuş, "Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun", - deyə bildirmişdi. Məlum olduğu kimi Demokratlar partiyasından olan ermənipərəst senator B.Menendez korrupsiya və rüşvətxorluğa görə ittiham olunaraq həbs edilib. Digər ermənipərəst konqresmen Adam Şiffi də eyni tale gözləyir. Xatırladaq ki, hələ ötən ilin payızında D.Tramp Adam Şiffi ABŞ üçün daxili təhlükə adlandırmışdı. Bu yaxınlarda isə D.Tramp Adam Şiffi oğru adlandırıb və onu vergi fırıldaqçılığında ittiham edib.

Gec-tez Menendezin aqibətini yaşayacaqlar

ABŞ Prezidenti D.Trampın özünün sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı fikirlərindən paylaşım etməsi də erməni lobbisinə vurulan zərbə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev isə D.Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib. Bütün bunlar həm də Azərbaycanla ABŞ arasında siyasi münasibətlərin yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Bundan narahat olan isə ABŞ-dəki erməni diasporu və onun lobbiçiliyini edən ermənipərəst konqresmenlərdir. 

Ümumiyyətlə, erməni diasporu həmişə Ermənistanı müharibəyə sürükləyib. Fərqi yoxdur, ABŞ-də, Fransada və ya hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, erməni lobbisi hər zaman Ermənistanı Azərbaycanla müharibəyə sürükləyib, bunun üçün maliyyə və siyasi dəstəyini əsirgəməyib. Odur ki, Ermənistanın bu gün düşdüyü acınacaqlı vəziyyətin, regionda təcrid olunmuş vəziyyətə düşməsinin əsas baiskarlarından biri xarici ölkələrdəki erməni lobbisidir. Bu cür lobbiçilik Ermənistanı yalnız rəzil vəziyyətə salıb. 

Bu gün ABŞ-dəki erməni lobbisi sülh əleyhinə nə etməsindən asılı olmayaraq niyyətinə çatmayacaq. Erməni lobbisinin başında duranlar isə gec-tez Menendezin aqibətini yaşayacaqlar.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Seçilən
48
azerbaijan-news.az

1Mənbələr