Rusiya və Ukrayna nümayəndə heyətləri yenidən Türkiyədə üz-üzə oturdular
Rusiya-Ukrayna danışıqlarının növbəti raundu da İstanbulda - Çırağan sarayında baş tutub. Bu, ardıcıl üçüncü və ABŞ Prezidenti Donald Trampın Rusiyadan hərbi əməliyyatları 50 gün ərzində dayandırmağı tələb edən ultimatum verməsindən sonra birinci görüş idi.
Həm Rusiya, həm də Ukrayna tərəfinin danışıqlardan əvvəl verdiyi bəyanatlara əsasən, Amerikanın təzyiqi müzakirə mövzusuna ümumiyyətlə təsir etməyib. Rusiya rəhbərliyi hələ də münaqişənin əsas səbəblərinin müzakirəsini vacib hesab edir, Ukrayna rəhbərliyi isə Volodimir Zelenski ilə Vladimir Putin arasında görüşün təşkilinə daha çox üstünlük verir.
Danışıqlardan əvvəl Vaşinqtonda mühüm bəyanat verilib. Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib ki, Rusiyanın Ukrayna ilə sülh bağlamalı olduğu təxminən 50 gündən (əgər Moskva həmin müddətdə sülh bağlamasa, Tramp Rusiyanın enerji resurslarının alıcılarına qarşı qadağanedici rüsumlar tətbiq edəcək) danışarkən ABŞ Prezidenti razılığın konkret tarixə qədər əldə olunmasını nəzərdə tutmayıb: "Mən xəbərdarlıq edərdim ki, prezident bir müddət və ya zaman pəncərəsi təyin etdikdə bu, həmin müddət ərzində istənilən mərhələ ola bilər". Görünür, Bryusun sözlərindən o anlama gəlmək lazımdır ki, Tramp Rusiyanın Ukrayna ilə danışıqlar aparmaq istəmədiyinə qərar verərsə, istənilən vaxt ikinci dərəcəli rüsumlar tətbiq etmək hüququnu özündə saxlayır.
Lakin bu xəbərdarlığın, daha doğrusu, təhdidlərin nə Moskvaya, nə də Kiyevə təsiri olub. İstanbuldakı danışıqlardan əvvəl V.Zelenski müzakirə edilməli olan üç prioritet məsələnin adını çəkib: hərbi əsirlərin mübadiləsi, Rusiya tərəfindən oğurlanmış uşaqların geri qaytarılması (əsasən Donbasdan olan, rusiyalılar tərəfindən övladlığa götürülən uşaqlar nəzərdə tutulur) və iki ölkə başçılarının görüşünün təşkili. Öz növbəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, danışıqların üçüncü raundunda "əsasən ikinci raundda mübadilə edilmiş memorandum layihələri ilə bağlı məsələlərin, eləcə də çox mühüm qarşılıqlı mübadilə prosesinin davam etdirilməsi ilə bağlı söhbətin" müzakirəsi planlaşdırılır. O, həmçinin qeyd edib ki, lazım olduqda hər hansı digər məsələlər qaldırılacaq.
İyunun 2-də keçirilən danışıqlarda Ukrayna tərəfinə təqdim edilən Rusiya memorandum layihəsində Kiyevin yerinə yetirməli olduğu bir çox məqamları xatırlayaq. Ukrayna qoşunlarının Donbass, Zaporojye və Xerson vilayətlərindən çıxarılması, səfərbərliyin və xarici hərbi yardımın dayandırılması, Prezidentin və Ali Radanın deputatlarının yenidən seçilməsi. Layihədə Moskvanın müharibənin əsas səbəbləri adlandırdığı məsələlərin aradan qaldırılmasına yönələn tədbirlər də var: Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, onun qeyri-nüvə statusu, Ukrayna silahlı qüvvələrinin şəxsi heyətinin sayına məhdudiyyət qoyulması, Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Kiyevin qəbuledilməz hesab etdiyi digər şərtlər.
Hələ iyun ayında, danışıqların ikinci raundundan sonra V.Zelenski Rusiya memorandumunu ultimatum və heç kəsin ciddi qəbul etməyəcəyi "anlaşılmazlıq" adlandırmışdı. Ukrayna Prezidenti hesab edir ki, əsas məsələ iki dövlət liderlərinin görüşündə həll olunmalıdır.
Onu da qeyd edək ki, 3-cü görüşdə Moskva nümayəndə heyətinin tərkibində dəyişiklik etməyib. Ötən ay olduğu kimi, ona Rusiya Federasiyası Prezidentinin müşaviri Vladimir Medinski rəhbərlik edib. Ukrayna Prezidentinin fikrincə, Rusiya nümayəndə heyətinə kifayət qədər yüksək çinli olmayan bir məmurun rəhbərlik etməsi ilə bağlı V.Zelenskinin narazılığına məhəl qoyulmaması qərara alınıb. Bununla belə, Ukrayna nümayəndə heyətinin də rəhbəri dəyişməyib - Rüstəm Umerov. Yalnız onun vəzifəsi dəyişib. İyulun 18-dən Umerov müdafiə naziri deyil, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibidir.
İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundundan sonra verilən məlumata görə, görüş bir saatdan az davam edib. Bundan sonra Rüstəm Umerov və Vladimir Medinski ayrıca jurnalistlərin qarşısına çıxıblar.
R.Umerovun dediyinə görə, onlar Rusiya tərəfinə avqustun sonuna qədər Rəcəb Tayyib Ərdoğan və Donald Trampın iştirakı ilə liderlərin görüşünü keçirməyi təklif ediblər. Ukrayna tam və qeyd-şərtsiz atəşkəsdə israr etməkdə davam edib və sülh danışıqlarına hazır olduqlarını bildirib. Atəşkəs mülki obyektlərə və mühüm infrastruktur obyektlərinə hücumların tam dayandırılmasını əhatə etməlidir. Ukrayna təkcə hərbi əsirlərin deyil, həm də mülki şəxslərin, o cümlədən uşaqların azad edilməsində irəliləyiş gözlədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Vladimir Medinski isə bildirib ki, Zelenski və Putin arasında görüşün baş tutması üçün razılaşmanın şərtlərini hazırlamaq və nəyin müzakirə ediləcəyini anlamaq lazımdır. Və həmin görüşdə buna son qoymaq, sazişi imzalamaq lazımdır. Bunsuz görüşməyin mənası yoxdur. Medinskinin fikrincə, tərəflərin təqdim etdiyi sülh memorandumlarında mövqelər "bir-birindən olduqca uzaqdır".
Tibbi briqadaların yaralıları və ölənləri götürmələri üçün cəbhə xəttində qısa, 24-48 saatlıq atəşkəs elan edilməsi məsələsinə baxılması təklif edilib və yaxın gələcəkdə hər tərəfdən ən azı 1200 hərbi əsir dəyişdirmək barədə razılığa gəlinib.
Ruslar Ukrayna tərəfinə onlayn rejimdə işləyəcək üç işçi qrup yaratmağı təklif ediblər - siyasi, humanitar və hərbi məsələlər. Bundan savayı, Rusiya Ukrayna ərazisindən götürülmüş 339 ukraynalı uşağın adının tam siyahısını hazırlayıb. Artıq uşaqların bir qismi geri qaytarılıb, qalanları ilə bağlı "iş gedir".
Bu arada Kreml Putin və Zelenski arasında görüş üçün şərtləri açıqlayıb. Rusiya və Ukrayna arasında danışıqlar substantiv olmalıdır və yalnız hərtərəfli hazırlıqdan sonra iki ölkə liderləri arasında görüşdən danışmaq mümkün olacaq. Bunu iyulun 24-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. İyulun 23-də İstanbulda keçirilən danışıqların üçüncü raundunun nəticələrini şərh edən mətbuat katibi qeyd edib ki, Kreml məsləhətləşmələrin növbəti raundundan irəliləyiş gözləmir. "Bununla belə, humanitar gündəliyin müzakirəsi faktını, eləcə də Rusiyanın onlayn dialoq formatı üçün işçi qruplarının yaradılması təklifini müsbət qiymətləndirməyə dəyər", - deyə o qeyd edib. D.Peskov onu da vurğulayıb ki, Rusiya tərəfi konkret və mənalı gündəm təklif edib və indi konstruktiv işə diqqət yetirmək vacibdir. "Rusiya və Ukrayna prezidentləri arasında yüksəksəviyyəli görüş barədə söhbət yalnız əsaslı iş görüldükdən sonra keçirilə bilər", - deyə o əlavə edib. Avqustun sonuna qədər belə bir görüşün keçirilməsinin mümkünlüyünü şərh edən D.Peskov deyib ki, lazımi hazırlığın həcmini nəzərə alaraq, "bu məsafəni bir sıçrayışla necə qət etməyi" təsəvvür etmək çətindir. Bundan əlavə, o, Kremlin "Ukrayna ərazisində saxlanılan mülki şəxslərin" taleyindən narahat olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya hərbçiləri "Rusiya ərazisinin təhlükəsizliyini təmin etmək üçün Ukrayna ilə sərhəddə bufer zonalar yaratmaq istiqamətində bütün lazımi tədbirləri görür". Qərb dövlətləri ilə qarşılıqlı fəaliyyətdən danışan Kreml sözçüsü vurğulayıb ki, lazım gələrsə, Vaşinqtonla operativ əlaqə təşkil oluna bilər.
Rizvan CƏFƏROV,
"Azərbaycan"