AZ

Yayın istisində qlobal iqlim təhlükəsi

Təbiət bizdən kömək gözləyir

Yay quşların nəğməsi, kəpənəklərin uçuşu, çiçəklərin parıltısı ilə gözəldir. Amma indi bir çox yerdə bu gözəllikdən əsər-əlamət ya yoxdur, ya da xeyli azalıb. Bəzi növ canlılar artıq müəyyən ərazilərdə yoxa çıxır, bəziləri isə iqlimə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu isə ekosistemin zəifləməsinə, bioloji müxtəlifliyin azalmasına səbəb olur. 

Hələ onu demirik ki, bir vaxtlar yay aylarında sabit və isti hava müşahidə olunurdusa, indi günün birində günəşli hava, ertəsi gün isə leysan yağışlar və fırtınalar müşahidə edilir. Bəzən elə olur ki, iyunun ortasında yaz havası hiss olunur, bəzən də iyulda sərin payız küləkləri əsir. Qarşıda isə avqust var, qorabişirən ay. Yəqin ki, o da özünü sürprizlərlə göstərəcək. 

İqlim dəyişmələri Yer kürəsində uzunmüddətli hava şəraitinin dəyişməsi deməkdir. Bu dəyişmələr əsasən meşələrin qırılması, sənaye tullantıları və nəqliyyatın sıxlığı ilə bağlıdır ki, nəticədə atmosferdə karbon qazının miqdarı artır və yer səthində temperatur yüksəlir. Həmin proses "qlobal istiləşmə" adlanır və yay fəslində ətraf mühitə daha çox təsir edir. Havanın normadan artıq qızması, quraqlıqların artması, vaxtaşırı meşə yanğınlarının baş verməsi, su ehtiyatlarının azalması və kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi artıq bir çox bölgədə hiss olunur. Bu dəyişikliklər təkcə təbiətə deyil, insan həyatına da birbaşa təsir göstərir. Kənd təsərrüfatında məhsul azaldıqca ərzaq qiymətləri artır, su qıtlığı bir çox regionda insanların gündəlik həyatını çətinləşdirir. Quraqlıqdan dolayı torpaqlar məhsuldarlığını itirir, bəzi bölgələrdə əkinçilik artıq əvvəlki kimi istənilən nəticəni vermir. Meşə yanğınları yalnız ağacları deyil, həm də yüzlərlə canlını və yaşayış məkanlarını məhv edir. Bütün bunlar SOS  siqnalı verməyin vacibliyini önə çıxarır. Çünki ərzaq və su çatışmazlığı insanların miqrasiyasına, iqtisadi çətinliklərə və hətta ölkələr arasında siyasi gərginliklərə səbəb ola bilər. İqlim dəyişmələri artıq gələcəyin problemi deyil, bu günün reallığıdır. Bəs nə etməli?

Bu suala cavab yalnız fərdi həyat tərzində deyil, həm də qlobal səviyyədə aparılan təşəbbüslərdə ehtiva olunur. Sevindirici haldır ki, dünya bu problemə səssiz qalmır. Bariz nümunəsi 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda baş tutmasıdır. COP29 planetin gələcəyi naminə qəbul edilən qərarların müzakirə olunduğu ən nüfuzlu platformalardan birinə çevrildi. Onun Bakıda keçirilməsi təkcə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi deyil, həm də ölkəmizin iqlim məsələlərinə verdiyi əhəmiyyətin təzahürü kimi  tarix səhifələrinə yazıldı. COP29 bir daha sübut etdi ki, iqlim məsələsi yalnız beynəlxalq sənədlərdə qalmalı olan bir problem deyil, bu, hər ölkənin, hər vətəndaşın məsuliyyətidir. Qlobal tədbir onu da göstərdi ki, iqlim dəyişmələrinə qarşı mübarizə həm yerli, həm də beynəlxalq səviyyədə mümkün və zəruridir. İndi isə  bu qərarların həyata keçirilməsi mərhələsidir. Dövlətlər, şirkətlər və cəmiyyətlər birlikdə çalışmalıdırlar. Əgər bu gündən başlamasaq, sabah artıq gec olacaq. İndi COP29 ilə növbəti COP30 arasında yarı yolda dayanaraq, konfransın fəaliyyətini dəyərləndirmək və Azərbaycanın formalaşdırdığı siyasətin gələcək COP-lara mümkün təsirini qiymətləndirmək vaxtıdır.

Təsadüfi deyil ki, bu məsələyə diqqətin artması Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışında da öz əksini tapdı və bu sahədə Azərbaycanın prinsipial mövqeyi bir daha ortaya qoyuldu. Londonda yerləşən "Economyfirst Limited"in direktoru Klaus Piter Ralf Yurgensin  COP29-la  bağlı sualını cavablandıran dövlət başçısı dedi ki, Azərbaycan artıq COP29-un nəticələrinin həyata keçirilməsi istiqamətində konkret təşəbbüslərlə çıxış etməyə hazırdır və ölkəmiz bu prosesi regional və beynəlxalq əməkdaşlıqla davam etdirəcək. Onun sözlərinə görə, iqlim ədaləti yalnız siyasi çağırış deyil, həm də əməli fəaliyyət tələb edir: "Biz 10-dan çox təşəbbüs irəli sürdük. Ölkələrin tam əksəriyyəti həmin təşəbbüslərə qoşuldu. Düşünürəm ki, təşəbbüslərimizin heç birinə qoşulmayan cəmi iki ölkə oldu. Lakin bu, təşəbbüslərin münasibliyinə deyil, sırf siyasi səbəblərə bağlı idi. İndi isə sual belədir: gələcəkdə nə baş verəcək? Xüsusən də iqlim dəyişmələri ilə bağlı ABŞ Administrasiyasının mövqeyini nəzərə alsaq, nə olacaq? Əlbəttə ki, ABŞ-nin qlobal lider, iqlim dəyişmələrinə ən böyük töhfə verən tərəf və ən böyük investor kimi məsələləri nəzərdə tutulur. Onun rolu, əlbəttə ki, diqqətdən kənarda qala bilməz. Bir sözlə, çox məsələ onlardan asılı olacaq. Buna görə hamımız böyük ümidlə və müəyyən narahatlıqla bu ilin sonunda keçiriləcək COP30-u gözləyirik".

Yayın gəlişi bizə günəşli, isti hva ilə birlikdə, həm də xəbər gətirib: təbiət dəyişir, iqlim dəyişir, həyat dəyişir. Biz bu dəyişikliklərin qarşısında laqeyd qalmamalıyıq. Artıq təkcə seyrçi yox, bu prosesin fəal iştirakçısı olmağın zamanıdır. Çünki iqlim dəyişikliyi nə gələcəyin problemi, nə də başqalarının məsuliyyətidir, bu, hamımızın məsələsidir. Atılan hər bir addım - enerji qənaəti, tullantıların azaldılması, yaşıllığın qorunması - böyük dəyişikliklərə yol aça bilər. 

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr