AZ

Qohum evliliyinə son

Bu, genofondumuzu təhlükədən xilas edəcəkmi?

Azərbaycanda qohum evlilikləri tarixboyu bir sıra sosial səbəblərə əsaslanaraq dərin kök salıb. "Yada gedincə, özümüzə qismət olsun", "özümüzünküdür" fikirləri ilə bir çox ailə qohumla evlənməyi daha üstün və etibarlı hesab edib. Hətta bəzi nəsillərdə "kənara qız vermək", ümumiyyətlə, qəbuledilməz hesab olunub. 

Narahatlıq doğuran tək məqam belə evliliklərdən doğulan uşaqların yalnız görünüşcə bir-birinə bənzəməsi deyil, həm də qan qohumluğu nəticəsində müxtəlif irsi xəstəliklərin daşıyıcısı olmasıdır ki, bu da genetik xəstəliklərin daha geniş yayılması ilə nəticələnir. Deməli, qohum evlilikləri sadəcə mülkiyyəti qorumaq, illərlə bir-birini tanıyan, birlikdə böyüyən şəxslərin nikahı deyil, həm də xəstə nəslin yetişməsidir. Bu baxımdan genetik xəstəliklərin artmasına təsir göstərən qohum evliliyinin qanunla qadağan olunması vacib addımdır. 

Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, iyulun 1-dən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan olunub. Artıq rəsmi nikaha girmək istəyən şəxslərin qohumluq dərəcəsi yoxlanılır və bu zaman cütlükdən əlavə sənədlər tələb edilir. Amma bu qadağanın problemi birdəfəlik həll edəcəyini gözləmək sadəlövhlük olardı. Məsələn, qohumla ailə qurmaq istəyənlər rəsmi nikah əvəzinə kəbin kəsdirə bilərlər. Belə hallara indinin özündə bölgələrdə daha çox rast gəlinir və bu qəribədir ki, heç kəsi rahatsız etmir. Elə buna görədir ki, təkcə rəsmi olaraq bu ilin 6 ayında 1429 qohum evliliyi qeydə alınıb.

Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, bu ilin  6 ayı ərzində ümumilikdə 24786 nikah qeydə alınıb kı, onlardan da 1429-u bioloji qohumluğu olan şəxslər arasında bağlanıb. 6 ayda bağlanan nikahlar da göstərir ki, insanlar bu izdivacın hansı problemlərə gətirib çıxaracağını dərk etməyərək, qanunun qüvvəyə minməsinə qədər tələm-tələsik belə addım atıblar. Bildirilib ki, 2018-ci ildən etibarən qeydiyyat şöbələri və icra nümayəndəlikləri tərəfindən kənd və qəsəbələrdə əhali, xüsusən məktəblərdə yeniyetmələr ilə görüşlər keçirilərək erkən nikahın, eləcə də qohum evliliklərinin törətdiyi fəsadlar barədə onlara məlumat verilir.

Qadağa qüvvəyə mindikdən sonra nikaha girəcək şəxslərdən qohumluq dərəcəsinin yoxlanılması üçün hansı sənədlərin tələb olunduğu barədə sualımıza isə nazirlikdən belə cavab verilib: "Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır. Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər".

Dəyişiklik cəmiyyət tərəfindən necə qarşılanır?

Sualımıza Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin aparıcı məsləhətçisi Leyla Abdinova cavab verdi. Bildirdi ki, 1 iyul 2025-ci ildən etibarən Azərbaycanda qohum evliliklərinin qadağan olunması əhalinin genetik sağlamlığının qorunması və irsi xəstəliklərin yaranma riskinin minimuma endirilməsi məqsədi daşıyır: "Dəyişikliklə bərabər, onun cəmiyyət tərəfindən qəbul edilməsi və tətbiqi istiqamətində də müəyyən tədbirlər görülüb və görülməkdədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumlar vasitəsilə əhali arasında maarifləndirmə işləri aparılır, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bu nikahların yarada biləcəyi genetik fəsadlar barədə maarifləndirici məlumatlar yayılır. Gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirilir, maarifləndirici vəsaitlər, sosial reklamlar hazırlanır və onların yayılması təşkil edilir".

Cəmiyyətin bu dəyişikliyə nə dərəcədə hazır olduğu məsələsinə gəldikdə isə L.Abdinova dedi: "Mövcud vəziyyət göstərir ki, yanaşmalar fərqlidir. Əhalinin bir hissəsi bu qadağanı alqışlayır və onu gələcək nəsillərin sağlamlığının qorunması baxımından zəruri addım kimi qiymətləndirir. Bəzi regionlarda qohum evlilikləri  ənənə kimi qəbul olunduğundan bu dəyişikliyin sözsüz qəbul edilməsi və tətbiqi üçün zamana, ardıcıl maarifləndirməyə və ictimai şüurun artırılmasına ehtiyac var". 

Söz düşmüşkən qeyd edək ki, komitə tərəfindən ölkədə qohum evliliklərinə münasibətin öyrənilməsinə dair analitik hesabata əsasən, respondentlərin 46 faizinin belə nikaha münasibəti mənfidir. Sorğuda iştirak edənlərin 14,8 faizi bildirib ki, qohum evliliyinin fəsadı olmasa da, riskləri çox böyükdür. Respondentlərin 22,7 faizi isə qohum evliliyinə insanın öz seçimidirsə, müsbət baxır. Amma 16,2 faiz respondentin istənilən halda qohum evliliyinə münasibəti müsbətdir. Cavablardan göründüyü kimi, respondentlərin 38,9 faizi belə nikahlara müsbət yanaşsa da, 61,1 faizi qohum evliliyinə mənfi münasibət bəsləyir. 

Qohum evliliklərinin qanunvericilik baxımından hüquqi nəticələr doğurmadığını vurğulayan komitə rəsmisi bildirdi ki, bu nikahların dövlət qeydiyyatına alınması mümkün deyil: "Belə evliliklər hüquqi qüvvəyə malik olmayan evlilik sayılır. Bu isə gələcəkdə ciddi hüquqi fəsadlara səbəb ola bilər. Nikahın rəsmi qeydiyyata alınmaması səbəbilə ailə hüququ subyektlərinin (ərin və arvadın) hüquq və vəzifələri yaranmır. Miras hüququ, aliment, birgə mülkiyyətin bölünməsi, vergi və sosial təminatlar kimi hüquqi münasibətlərdə tərəflər dövlət müdafiəsindən məhrum olurlar. Belə evlilikdən doğulmuş uşaqların hüquqi statusunun müəyyən edilməsi (atalığın tanınması və s.) çətinlik yarada bilər. Qanunsuz nikah cəhdi müəyyən edilərsə, nikah aktı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınmır və Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, məhkəmə qaydasında etibarsız sayılır".

Həmsöhbətimiz onu da  söylədi ki, qanunun qüvvəyə minməsinə baxmayaraq, əhalinin, xüsusilə də ailə qurmağa hazırlaşan cütlüklərin qohum evliliyinin təsirləri və fəsadları haqqında mütəmadi olaraq məlumatlandırılmasına yenə ehtiyac var: "Qadağa ilə yanaşı, vətəndaşların belə halların qarşısının alınmasında yaxından iştirak etməsi, fəallıq göstərməsi də cəmiyyətdə qohum evlilikləri ilə bağlı düzgün fikrin, münasibətin formalaşmasına öz töhfəsini verəcək. Maarifləndirmə və məlumatlandırma tədbirləri sistemli şəkildə aparılacaq və ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək".

Aparıcı məsləhətçi dedi ki, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq: "Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq".

Qadağa qüvvəyə minsə də...

Müəyyən problemlərin qaldığını deyən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirdi ki, qohum evliliklərinin rəsmən qadağan olunması prosesi bir il çəkib: "Yəni nişanlı, evlənmək niyyətində olan qohum tərəflərə humanizm nəzərindən yanaşılaraq vaxt verilib. İyulun 1-dən isə bioloji nənə və babanın övladlarının övladları, yəni nəvələrin ailə qurması qadağan edilib. Bu qadağa ilk növbədə ölkədəki tibbi göstəricilər, statistika ilə bağlıdır. Artıq hər kəsə bəllidir ki, qohum evlilikləri həmin ailələrdə dünyaya gələn uşaqların fiziki sağlamlığına böyük mənfi təsir göstərir. Qan xəstəlikləri, ürəkqüsurlu uşaqların doğulması, autizmli uşaqların sayının artması - hamısının arxasında qohum evlilikləri durur". 

Deputat qeyd edib ki, qadağanın nə dərəcədə əhəmiyyətli olduğunu dərk etmədən yenə hansısa yolla, məsələn, imam nikahı ilə izdivaca girməyə çalışanlar var. Əlbəttə ki, sivil, hüquqi ölkədə rəsmi nikahın bağlanması çox vacibdir. Ona görə də nikaha girənlər üçün bundan sonra şərtlər irəli sürüləcək. Qohumluq dərəcəsinin yoxlanması ilə bağlı əlaqədar icra orqanı tərəfindən ana, ata, nənə, babanın qohumluq dərəcələri ilə bağlı sənədlər tələb olunacaq. Bu gün elektron dünyada yaşayırıq və hər bir vətəndaş haqqında elektron sistemdə məlumatlar var. İndi nikaha girmək üçün müraciət edən şəxslərin soykökü, qohumluq dərəcəsini araşdırmaq elə də çətin deyil. 

J.Əliyeva yeni qanunun rəsmi nikahların sayının azalmasına böyük ölçüdə təsir edəcəyini düşünmür. O vurğulayıb ki, qohum evliliklərinin aradan qaldırılması bir müddət rəsmi nikahların sayının azalmasına səbəb ola bilər, amma qanun tam qüvvəsi ilə işlədikcə, vətəndaşlar onun əhəmiyyətini anladıqca özləri bu izdivaclardan qaçacaqlar: "Nikaha daxil olan tərəflər anlamalıdırlar ki, bu gün ailə sadəcə iki nəfərin sevgisi, istəyi əsasında qurulmur, bu ailənin nəticəsi, gələcəyi var. Dünyaya gələn uşaqların fiziki, psixoloji sağlamlığı çox vacib amillərdir. Nikah yaşına çatmış və ailə qurmağa hazır olan kifayət qədər yetkin insanlar bu məsuliyyəti anlamalıdırlar".

Qohum evliliyi yeni nəslin yararlı gen almaq imkanlarını tamamilə məhdudlaşdırır

Bu fikir isə sosioloq Asif Bayramova məxsusdur. Onun sözlərinə görə, milyon illərin təkamülünün nəticəsi kimi təbiətin yaratdığı ən mürəkkəb, ən mükəmməl və ən heyrətamiz biostrukturlardan biri məhz canlı varlığın genidir və ya hər bir bioloji növün genotipidir və bu gen təbii olaraq hər yeni nəsildə daha mükəmməl quruluşda təzahür etməyə meyillidir: "Bu təkmilləşmə tendensiyasının mahiyyəti ondan ibarətdir ki, canlının həyatda qalmasını, onun yaşamaq qabiliyyətini təmin etmək üçün zəruri olan genetik xüsusiyyətlər, qabiliyyətlər dominant səviyyəyə keçir, yəni canlının fərdi xüsusiyyətlərində bilavasitə üzə çıxır. Həyat üçün əhəmiyyətsiz, sosial baxımdan növün yaşamasına əngəl törədən, hətta zərərli olan genlər isə resessiv səviyyəyə keçir, yəni gizli qalır və canlının fərdi fiziki-mənəvi xüsusiyyətlərində təzahür etmir. Əgər təkamülün bu qədər mükəmməl və heyrətamiz qanunu mövcud olmasaydı, o zaman coğrafi-təbii, sosial-mənəvi və s. bu kimi amillərin təsiri nəticəsində dəyişən mühitə canlının adaptasiyası, onun yaşamaq imkanları tədricən tükənə bilər və bir bioloji növ kimi həmin canlı nəsil kəsilmək riski ilə üz-üzə qalardı. Bu qanunlar bioloji növ olaraq insan üçün də eyni dərəcədə keçərlidir. Canlı aləmdə təbii seçmə qanunu hökm sürür və bu qanun yaşamaq uğrunda mübarizədə daha qüvvətli olan fərdlərə məxsus genin yaşamasını təmin edir. Əgər təbiət həyat üçün yararsız genlərin yaşamasını təmin etmiş olsaydı, o zaman bütün bioloji növləri tədricən yoxolma cəzasına məhkum edirdi. Nəticədə canlı aləmdə təkamül və ya evolyusiya prosesi deyil, deqradasiya və ya involyusiya prosesi baş verər, bioloji inkişaf ibtidaidən aliyə yox, alidən ibtidaiyə doğru yuvarlanardı".

Sosioloq qeyd edib ki, cəmiyyət bu qanunları öz xüsusi maraqları çərçivəsində dəyişməyə, onları öz istək və mənafelərinə uyğunlaşdırmağa meyillidir: "İnsan övladı qədimdən bu qanunların ruhuna zidd olan və özünün yaratdığı müxtəlif mistik inanclara söykənən stereotiplər, paradiqmalar ərsəyə gətirərək, toplumu bu şüurla idarə etməyə üstünlük verib. Daha ibtidai dövrdə formalaşan bu şüur tipi inkişafın sonrakı mərhələlərində tədricən imperativ xarakterli qanunlara çevirilib və insan öz şəxsi istəklərini təbiətin doğal qanunları ilə qarşı-qarşıya qoyub. Bu normalar insanların şəxsi maraqlarını və mənafelərini təmin etmək üçün daha faydalı idi. Belə olan halda təbii qanunlarla süni normaların ruhu uzlaşmır, əksinə, ziddiyyət təşkil edir, hətta tez-tez toqquşur". 

A.Bayramov bildirdi ki, əslində, bu gün qan qohumluğu üzərində qurulan evliliyin yasaq edilməsinin hüquq səviyyəsinə qaldırılması bu prosesi təbii müstəviyə doğru çəkən çox əhəmiyyətli addımlardan biridir: "Qohum evliliyi uzun illər ərzində dünyaya gələn yeni nəslin həyat üçün daha yararlı gen almaq imkanlarını tamamilə məhdudlaşdırır. Ona görə ki, oxşar genotipə məxsus insanlardan dünyaya gələn yeni nəslin öz valideynlərindən irsən həyat üçün zəruri olan yeni gen almaq ehtimalları son dərəcə məhdud olur. Üstəlik, bu zaman təkamülün təbii qanunları pozulduğundan həyat üçün zərərli olan və təbiətin gizlətdiyi naqis genlərin dominant səviyyəyə keçmə riski artır, əsrlərlə resessiv olan, yəni gizlində qalan yararsız genlər üzə çıxır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda əsasən irsi xəstəlik hesab olunan patologiyalar daha geniş yayılıb". 

Ekspert həmçinin vurğulayıb ki, tarixi baxımdan yanaşdıqda qohum evliliyinin institutlaşmasına sosial-iqtisadi amillərin təsiri daha çox olub və inkişafın sonrakı mərhələlərində bu amillərin təsiri müvafiq mənəvi-ideoloji və psixoloji paradiqmanın - şüur tipinin formalaşmasına gətirib çıxarıb. Onun sözlərinə görə, tarixən hər bir ailə, yaxud nəsil malik olduğu varidatın, mülkün təbii olaraq ona doğma və ya qohum olan bir kəsin mülkiyyətində qalmasında maraqlı olub və çalışıb ki, bu sərvət qohumluq dairəsindən kənara çıxmasın: "Bu proses isə istər-istəməz tədricən sosial norma - ənənə statusu qazanıb və bir növ sosial instituta çevirilib.  Nəticədə bu ənənə - qohum evliliyini bir növ legitimləşdirən norma halına gətirib və bu gün Azərbaycan reallığında bu faktın hətta ən ibtidai modellərini izləmək mümkündür".

A.Bayramov hesab edir ki, bu ciddi problemin həlli üçün Azərbaycan cəmiyyəti yetərincə elmi-informatik bazaya malikdir, çünki təxminən son yüz il ərzində yaranmış geniş təhsil şəbəkəsi cəmiyyət daxilində təhsilli auditoriyanın miqyasını xeyli genişləndirə bilib: "Hazırda qəbul olunmuş müvafiq qanunun tələbləri nəzərə alınmaqla, xüsusilə ölkəmizin təhsil şəbəkəsində, eləcə də müxtəlif iş yerlərində maarifləndirmə proqramının hazırlanması və müvafiq infrastrukturun qurulması olduqca zəruridir. Bu addımın ictimai şüur səviyyəsində dərk olunması yaxın gələcəkdə cəmiyyətimizin mənəvi və fiziki sağlamlığının daha uğurla təmin olunmasına faydalı töhfələr verəcək".

Deyilənlər də göstərir ki, qadağa ilə yanaşı, ardıcıl maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də Ailə Məcəlləsinə edilən dəyişikliyin effektivliyinin artırılması baxımından zəruridir. Çünki rəsmi nikahı vacib saymayan, kəbin kəsdirməklə evlilik həyatına qədəm qoyan cütlüklər ilk növbədə bu izdivacın fəsadlarını dərk etməli və özləri qohum evliliyindən boyun qaçırmalıdırlar. Ailənin xoşbəxtliyi həm də dünyaya gələcək uşaqların sağlamlığından asılıdır. Başqa sözlə, xoşbəxt gələcək sağlam uşaqlardan başlayır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr