AZ

"Əqli mülkiyyət" jurnalının öz oxucuları var 

Ölkəmizdə fəaliyyət göstərən və seçilən mətbu orqanlardan biri də elmi-praktik "Əqli mülkiyyət" jurnalıdır. 2019-cu ildən fəaliyyətə başlayan, həm rus, həm də Azərbaycan dillərində işıq üzü görən bu mətbu orqan hər nömrəsində bir-birindən maraqlı məqalələrlə oxucuların görüşünə gəlir. 

Jurnalın mövzusu rəngarəngdir. Buna görə də onun hər nömrəsi oxucular tərəfindən maraqla qarşılanır və oxunur. Oxucular jurnalda onlara lazım olan bir çox məlumatı ətraflı öyrənə bilirlər, həm ölkəmizdə, həm də dünyada baş verən hadisələrdən, elmi yeniliklərdən xəbər tuturlar.

Başqa nömrələrində olduğu kimi, "Əqli mülkiyyət" jurnalının iyul sayında da  müxtəlif mövzuları əhatə edən məqalələr dərc olunub. Jurnalın baş yazısı müəllifi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri, professor Kamran İmanovun "Yaşıl gələcəyə doğru ön sıralarda - Əqli mülkiyyət və innovasiyaların rolu" adlı məqalədir. Professor məqaləsində bəşəriyyətin və insanlığın sabahı üçün hava və su kimi gərəkli olacaq "yaşıl gələcək" məsələlərini dərindən araşdırır, dəyərli təhlillər aparır, istiqamətlər müəyyənləşdirir. Bir çox maraqlı fakt və göstəricini oxucuların diqqətinə çatdırır.

Jurnalın baş redaktoru Ədalət Mədətoğlunun "Həqiqət" araşdırma məqaləsi də oxucuların diqqətini çəkən bir mövzuya həsr olunub. Müəllifləri İslam Mustafayev və Hökmən Mahmudov olan "İqlim dəyişmələri və alternativ energetika" məqaləsi bu gün dünyamızı narahat edən məsələlərə həsr olunub. Məqalədə verilən əhatəli təhlil və şərhlər, faktlar, rəqəm və cədvəllər, gətirilən nümunələr oxucuda mövzu haqqında geniş təsəvvür yaradır. 

Tanınmış elm adamlarının qələmə aldıqları "Bitki toxumlarının səpinqabağı işlənilməsi üçün konveyer tipli ozonlaşdırma qurğusu" adlı elmi məqalə də olduqca dəyərlidir. "Ceyms Bond Amazona qarşı", eləcə də "Yaradıcı əmək yoxdursa, qonorar da yoxdur" məqalələri oxucuların maraq dairəsini daha da genişləndirir. 

Jurnalist Şərif Kərimlinin yazdığı "Hələbdə irsimiz - Yeni Suriya nələr vəd edir?" məqaləsində isə dünənin, bu günün və sabahın Suriyasından geniş söz açılır, tarixi faktları, hadisələri sıralayır, görkəmli şairimiz İmadəddin Nəsiminin Hələb şəhərindəki qəribsəmiş məzarından bəhs edir. 

Səhifələrində dərc olunmuş məqalələrindən də açıq-aydın göründüyü kimi, "Əqli mülkiyyət" hər nömrəsində bir-birinə bənzəməyən yeni mövzularla oxucuların görüşünə gəlir. Elə buna görə də jurnal həmişə maraq dairəsində olur - oxunur, sevilir, izlənilir.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr