AZ

Yurdun yenidən kəşfi:Zəfərin ruhsal coğrafiyası- Əkbər QOŞALI yazır

Azərbaycan torpaqlarını azad etməklə birgə, təfəkkür sınırlarını də azad etmiş oldu. Qarabağa qayıdış - fiziki hərəkətdən daha çox mental-mədəni dirçəlişin başlanğıcı sayıla bilər. Bu qayıdışın önündə gedən - Zəfərin dili ilə danışan gənclikdir. O gənclik ki, müharibə meydanında qızıl ləyaqət göstərmiş gəncliyin işini mülki meydanda davam və inkişaf etdirir.

Gənclər Qarabağa iş üçün getmiş sayılmaz - onlar məhz varlıq üçün gedir. Gənclər torpağa səssizcə "bura mənimdir" demir - bunu yaşayır, yaşadır. Hər yeni məktəbli uşağın səsi, hər gənc müəllimin lövhəyə yazdığı ilk cümlə, hər körpənin doğum bəlgəsində yazılan kənd adı - bu Vətənləşmənin bəlgəli təsdiqidir.

Öncələr "qayıdacağıq" deyə-yazılan bütün ədəbi mətnlər, publisistik çağırışlar artıq faktların, addımların, yol xətlərinin gerçəkliyində vücud - başqa sözlə, "vəhdəti-vücud" tapır; amma burada mədəni sürəc bir az da irəli gedir - məkan yenidən anlamlandırılır. İtirilmiş kəndlərdə yenidən ad verilmə, uşaq bağçalarının seçdiyi simvollar, yerli brendlərin meydana çıxması - bunlar "qayıdış"ın artıq mülkiyyət yox, mənəvi mənimsəmə mərhələsinə keçdiyini göstərir.

Necə deyərlər, Qarabağ - yeni mədəniyyət-ideologiya laboratoriyasıdır.
Bu coğrafiyamız artıq yalnız sınır bölgəsi olmaqda qalmayıb - mədəniyyətin təzələndiyi, ideoloji düşüncənin gerçək yaşamla yoxlanış yeridir. Burada qayıdan ailələrin yaşam tərzi üzərindən yeni kənd modelinin, yeni vətəndaş tipinin, yeni dəyərlər sisteminin sınağı gedir. Və bu sınaqda gənclik - özünün həm memarı, həm iştirakçısıdır.

Bu yeni dönəmin ən dəyərli baxış bucağı belədir: Qarabağa yiyələnmək yox, onunla birləşmək! Artıq "Torpaq bizimdir" cümləsi yetərli deyil. Gənclik bu torpağın hissəsinə, nəfəsinə, ritminə çevrilməyə başlayıb. Bu isə sınır qorunması yox, kimlik sabitliyidir.

Bəlkə də bu coğrafiyada tikilən hansısa bina sökülə bilər bir gün; amma gənclərin ora daşıdığı niyyət, inam və kimlik - dağılıb yox olmaz! Çünki bu, təəssüb hissindən doğan həyat təməlidir. Artıq Azərbaycan gəncliyi nəinki torpağa, zamanın özünə də möhür vurur.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr