AZ

60 yaş nədir ki...

Bir zamanlar əlçatmaz görünən yaşa gəlib çatanda əvvəlcə irəli boylanırıq. Qarşıda nələr var? Bilmirik. Bildiyimiz odur ki, adına "gələcək" deyərək üz tutduğumuz sonu görünməyən yol arxada qoyduğumuz illəri geri qaytarmayacaq.

Bu gün 60 yaşına çatmış həmkarımız, iş yoldaşımız - qəzetimizin Humanitar siyasət şöbəsinin müxbiri Elşən Qəniyev ömrünün ilk çağlarını fərəhlə xatırlayır. Ucarın Qazyan kəndində ziyalı ailəsində dünyaya gələn həmkarımızın valideynləri zəhmətkeş olublar. Övladlarına da əməyi sevdiriblər, eyni zamanda onların yaxşı təhsil almalarına çalışıblar.

Elşən yeddinci sinifdə oxuyanda jurnalist olmaq xəyalına düşüb və bu xəyalla da 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub. Rusiyanın Çita vilayətində Sovet ordusu sıralarında əsgərlik çəkib. Tərxis olunduqdan sonra həm təhsilini, həm də əmək fəaliyyətini davam etdirib. Diplomlu jurnalist olandan sonra Ucar rayonunda çıxan "Yeni söz" qəzetində və yerli radioda çalışıb, bir müddət AHİK-in orqanı olan "Ülfət" qəzetində işləyib. Və harada işləyibsə, qələmi, çalışqanlığı, məsuliyyəti ilə hörmət qazanıb. Bu səbəbdəndir ki, ona həm də "Xalqa həsr olunmuş ömür" (2016), "Səngərdə açılan səhər" (2017), "Ruhum sözümdür" (2017), "Qəhrəman Tərtər" (2018), "Zirvəyə doğru" (2018), "Sumqayıt - xəyalların gerçəkləşdiyi şəhər" (2018), "Zirvədən zirvəyə" (2018), "Qələbəyə gedən yol - Müsüslü döyüşləri" (2018), "Vətən üçün yaşanmış ömür" (2019) kimi sənədli filmlərə müəlliflik etmək qismət olub. E.Qəniyev həmçinin ucarlı şəhidlərdən bəhs edən "Tanrı dərgahına gedən yol" adlı kitab yazıb. 

2022-ci ildən "Azərbaycan"ın oxucuları qəzetin səhifələrində Elşən Qəniyev imzası ilə müxtəlif məzmunlu, cəmiyyətimiz üçün vacib olan yazılar oxuyurlar. Amma o hesab edir ki,  jurnalistin vəzifəsi yalnız çalışdığı mətbu orqan üçün yazılar yazmaq, oxucunu məlumatlandırmaq deyil, eyni zamanda düşündürmək, gündəmdə olan mühüm məsələləri daim nəzərdə saxlamaq, cəmiyyətin diqqətini həmin problemlərə yönəltməkdir. Yəqin buna görədir ki, artıq 4 ildən çoxdur Elşən Qəniyevin səsi həm də tez-tez işğaldan azad olunmuş ərazilərdən gəlir. O, Qarabağda və Şərqi Zəngəzurda Böyük qayıdış çərçivəsində dövlətimiz tərəfindən həyata keçirilən möhtəşəm işlərdən, eləcə də yenidən qurulan yurdlarına dönən keçmiş məcburi köçkünlərin sevincindən yazır, özü də təkcə yazmır, həm də soydaşlarımızla birlikdə o sevinci, o qüruru yaşayır.

Elşən Qəniyevin bəxti ailə sarıdan da gətirib. Oğlu hüquqşünas, qızı psixoloqdur. Övladlarının, xüsusən üç nəvəsinin şirin söhbətləri dilindən düşmür.

 "Azərbaycan" qəzetində işə başladığı ilk günlərdən səmimiyyəti, mehribanlığı ilə kollektivin hörmətini qazanmış Elşən Qəniyevi 60 yaşı münasibətilə ürəkdən təbrik edir, həyatında və yaradıcılığında uğurlarının daimi olmasını arzulayırıq!

 "Azərbaycan"

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr