Paşinyan kilsəyə hücum əmri verməyə hazırlaşır
Ermənistanda ictimai-siyasi vəziyyətin sürətlə gərginləşməsi müşahidə olunur. Son günlər Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı gedən müzakirələr fonunda sosial narazılıqlardan istifadə edən keçmiş hərbi xuntanın revanş istəyi vəziyyəti daha da çətinləşdirir.
Sarkisyan-Koçaryan tandemi kilsəni də siyasi proseslərə cəlb edərək ölkədəki xaosu daha da dərinləşdirməyə cəhd göstərir. Son dövrlər artan həbslər fonunda kilsə və hakimiyyətin qarşıdurması çox açıq müstəviyə keçir. "Hraparak" qəzeti yazır ki, kilsəyə qarşı cəbhə açmaq ideyası Paşinyanı rahat buraxmır. Dünən o, "kilsəni azad etmə" planı ilə bağlı yeni paylaşım edib. Plana əsasən, katolikos vəzifədən uzaqlaşdırıldıqdan sonra yeni katolikos seçilməyəcək, onun yerinə müvəqqəti təyinat olacaq və yeni katolikos yalnız "Erməni Apostol Müqəddəs Kilsəsinin Nizamnaməsi" əsasında təsdiqlənəndən sonra seçiləcək. Bu, kilsənin başsız qalması və ruhani rəhbərsiz buraxılması deməkdir.
"Paşinyan həmçinin təsvir etdi ki, kilsəni azad edənlər hərəkatında kimlər iştirak edə bilər: Ermənistan Apostol Kilsəsinin ardıcılları olmalı (xaç suyuna salınmış), ən azı bir dəfə Müqəddəs Kitabı əvvəldən axıra qədər oxumuş olmalı, son 5 ildə azı bir dəfə Böyük Oruc tutmuş, hər gün dua edən şəxslər və s. Əslində, artıq bir neçə həftədir ki, hökumətin kilsəyə qarşı üsyan qaldıracaq qruplar topladığı barədə məlumatlar var. Bu qruplara əsasən keçmiş cinayətkarlar, narkomanlar, antisosial davranışlı şəxslər daxil edilir və onların necə Eçmiədzinə hücum edəcəkləri koordinasiya olunur", - deyə nəşr qeyd edir. Nəşr həmçinin yazır ki, əvvəlcədən əldə olunan məlumata görə, Paşinyan kilsəyə hücum gününü şənbəyə müəyyənləşdirib. Bu da katolikos II Qareginin iyulun 27-də İsa Məsihin Dəyişməsi (Paraklitos) bayramı ərəfəsində ayin keçirəcəyi günə düşür: "Qeyd edək ki, Paşinyan hücum günü barədə çox düşünüb, bir neçə dəfə tarixi dəyişib, lakin hər dəfə sual ortaya çıxıb: əgər katolikos həmin vaxt kilsədə olmazsa, növbəti addım nə olacaq? Buna görə qərara alınıb ki, hücum məhz ayin vaxtında həyata keçirilsin. Yeri gəlmişkən, hakim "Vətəndaş Razılaşması" partiyası idarə heyətinin Paşinyan olmadan keçirilən iclasında bu məsələ də müzakirə edilib. Məlumat verənlər bildiriblər ki, rəhbərlik daxilində Paşinyanın demək olar ki, dəstəkləyicisi yoxdur, lakin heç kim bu barədə açıq danışmağa cürət etmir".
Ümumiyyətlə, baş nazir Nikol Paşinyan Ermənistanda iki istiqamətdə islahatlar planlaşdırır. Bunlar yeni Konstitusiyanın hazırlanması, Eçmiədzin kilsəsində kadr dəyişikliyi, yaxud II Qareginin istefasına nail olmaqdan ibarətdir.
Qeyd edək ki, 7 il öncə də N.Paşinyan II Qareginə qarşı çıxmışdı. Lakin sonradan o, münasibətləri yaxşılaşdırmağa məcbur olub. Çünki başqa çıxış yolu yox idi. Paşinyan II Qaregin və onun rəhbərlik etdiyi Eçmiədzin kilsəsi ətrafında yaranan problemli vəziyyəti həll etmək üçün Kilikiya böyük kilsəsinin katolikosu I Arama bütün ermənilərin katolikosu olmağı təklif etmişdi. I Aram isə bu təklifdən imtina edərək Paşinyana bildirmişdi ki, kilsə ilə münasibətlər bu üsulla tənzimlənmir. I Aram təklifi qəti rədd etdikdən sonra Paşinyan II Qareginlə münasibətlərini yaxşılaşdırmağa məcbur olmuşdu.
Ermənistanda din amili böyük əhəmiyyət kəsb etdiyindən hakimiyyətə gələnlər mütləq kilsənin də dəstəyinə nail olmağa çalışırlar. Lakin əhalinin etirazları fonunda Paşinyan əvvəlki hökumətin adamı olan II Qaregini vəzifədən uzaqlaşdırmağa çox cəhd etdi. Amma səriştəsizliyi üzündən bütün səyləri nəticəsiz qaldı. Bu gün isə cərəyan edən proseslər fonunda arzusunu gerçəkləşdirmək üçün önəmli fürsətlər yaranıb.
Xatırladaq ki, kilsə ilə hökumətin münasibətləri 44 günlük müharibədən sonra daha da kəskinləşib. Onda Qaregin Nikol Paşinyanın istefasını tələb etmişdi. O, kilsə ilə hökumət arasında əməkdaşlığın yetərli olmadığını da vurğulamışdı.
Bir neçə il öncə Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum etmişdi. "Yeni Ermənistan, yeni patriarx" devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını demişdilər. Aksiya iştirakçılarının iddialarına görə, o agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx "məxməri" inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunmuşdu.
Bütün hallarda proseslərin gedişi Ermənistanı qarşıdakı dövrdə qarşıdurmaların gözlədiyini göstərir.
Elçin CƏFƏROV,
"Azərbaycan"