AZ

İsrailin hədəfindəki proqramçını MİT xilas etdi: Malayziyada əməliyyat

BAKI, TurkicWorld

İrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”nin fəaliyyətini 2015–2016-cı illərdə müvəqqəti olaraq iflic edən kiberhücumun arxasında dayandığı iddia edilən fələstinli proqramçı Omar Z.M.A.-nın İsrail kəşfiyyat xidməti MOSSAD tərəfindən oğurlanmasına dair aparılan istintaq tamamlanıb.

TurkicWorld xəbər verir ki, İddialara görə, “Dəmir Qübbə”nin texnoloji boşluqlarından istifadə etməklə İsrailin kritik infrastrukturuna qarşı təşkil edilən raket hücumlarına şərait yaradan proqramçı MOSSAD-ın hədəfinə çevrilib.

İsrail tərəfi onu ələ keçirmək üçün illərlə planlar qurub.

MOSSAD üçün işlədiyi iddia edilən Raed Ghazal və Omar Shalabi adlı şəxslər, “Thinkhire” adlı saxta şirkət vasitəsilə 2021-ci ildə Omar A.-ya iş təklifi göndərib. Onunla İstanbulda bir neçə dəfə görüş keçirən agentlər, proqramçının etimadını qazanmağa çalışıblar və son məqsədləri onu İsrailə aparmaq olub.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) məsələ barədə əvvəldən məlumatlı olduğuna görə Omar A.-nı xaricə çıxmaması üçün xəbərdar edib. Lakin o, 2022-ci ilin sentyabrında turistik məqsədlə Malayziyaya səyahət edib. Orada MOSSAD tərəfindən oğurlanaraq Kuala Lumpur yaxınlığında yerləşən bir dağ evinə aparılıb. Proqramçı burada 36 saat ərzində işgəncəyə məruz qalıb.

MİT dərhal Malayziya rəsmilərini məlumatlandıraraq dəqiq yer koordinatlarını ötürüb. Malayziya xüsusi təyinatlı qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Omar A. sağ-salamat xilas olunub. Əməliyyat zamanı 11 nəfər saxlanılıb.

İstanbul prokurorluğunun hazırladığı ittiham aktına əsasən, şübhəlilər Nikola Radonjiç və Foad Hijazi “dövlətin gizli qalmalı olan məlumatlarını siyasi və ya hərbi casusluq məqsədilə toplamaq” maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində 15 ildən 22,5 ilə qədər həbs cəzası tələb edilib.

Seçilən
71
turkic.world

1Mənbələr