AZ

Çin peyk buraxılışında İlon Maskdan geri qalır - Səbəb nədir?

Çinin iki ən böyük şəbəkəsi planlaşdırılan peyklərin 1%-dən azını yerləşdirib. Bu, kosmik rabitə uğrunda mübarizədə İlon Muskun SpaceX şirkətindən geri qalmasını göstərir...

Poliqon xəbər verir ki, bunu The New York Times yazır.

Alçaq Yer orbitindəki peyklər pilotsuz avtomobillər, dronlarla aparılan döyüş əməliyyatları və hərbi kəşfiyyat üçün zəruridir. Buna görə də, qəzet yazır ki, Çin Starlink-i hərbi təhdid kimi qiymətləndirir və kosmik sistemlərin inkişafına əhəmiyyətli vəsait ayırır, orbitə təxminən 27 min peyk yerləşdirməyi planlaşdırır.

Lakin çinli şirkətlər əsas texniki maneəni aradan qaldıra bilməyiblər. Çinin gecikməsinin əsas səbəblərindən biri etibarlı, təkrar istifadə oluna bilən daşıyıcı raketin olmamasıdır. Çin şirkətləri hələ də peykləri tək istifadəli raketlərlə buraxır. Peyklərin yerləşdirilməsindən sonra raketlərin hissələri geriyə Yerə düşür və ya kosmik zibilə çevrilir.

Qianfan şəbəkəsi ilin sonuna qədər kosmosda təxminən 650 peykə malik olmalı idi. Lakin avqust ayında buraxılışlara başladıqdan bəri orbitə cəmi 90 peyk çıxarıb. Digər Guowang şəbəkəsi isə daha da çox geridə qalıb. Növbəti onillik ərzində təxminən 13 min peyk buraxmaq planlarına baxmayaraq, orbitdə cəmi 34 peyk var. Eyni zamanda SpaceX orbitdə təxminən 8000 Starlink peykinə malikdir.

"Çin rəsmiləri SpaceX şirkətindən narahatdırlar, onlar bu şirkəti hələ Maskın Tramp administrasiyasında qısamüddətli vəzifə tutmazdan əvvəl belə Pentaqonla ayrılmaz şəkildə bağlı hesab edirdilər. Xalq Azadlıq Ordusunun tədqiqatçıları proqnozlaşdırırlar ki, şəbəkə ABŞ silahlı qüvvələrinin döyüş sisteminə dərin inteqrasiya olunacaq. Onlar Starlink peyklərinin ABŞ hərbi bazalarını birləşdirəcəyi, raket hücumunun erkən xəbərdarlıq sistemi və raketlərin kəşf edilməsi şəbəkəsi kimi xidmət edəcəyi zamanı gözləyirlər", məqalədə deyilir.

Həmçinin orada qeyd olunur ki, Starlink vətəndaş istifadəsi üçün nəzərdə tutulsa da, Ukraynadakı müharibədə dron zərbələrinin rabitəsi və koordinasiyası üçün əvəzedilməz olub. Bundan əlavə, SpaceX-in ABŞ hökuməti ilə peyklərin qurulması və buraxılması üzrə müqavilələri var, onlardan bəziləri kəşfiyyat, digərləri isə düşmənlərə nişan almaq və raketləri izləmək üçün nəzərdə tutulub. SpaceX həmçinin digər müdafiə podratçıları tərəfindən qurulmuş peykləri də buraxır.

SpaceX artıq altı ildir ki, peykləri Falcon 9 ilə buraxır – bu qismən təkrar istifadə oluna bilən raketdir. Raketin əsas mühərrikləri olan aşağı hissəsi, zədələnmədən və digər missiyalarda istifadə üçün hazır vəziyyətdə, şaquli şəkildə Yerə qayıdır. Bu, xərcləri əhəmiyyətli dərəcədə azaldır və buraxılışlar arasındakı vaxtı qısaldır.

Məhz bu innovasiya SpaceX-ə rəqiblərindən əhəmiyyətli dərəcədə irəlidə olmağa imkan verib. SpaceX-in məlumatına görə, Falcon 9 raketləri təxminən 500 missiyada istifadə edilib.

Harvard-Smithsonian Astrofizika Mərkəzindən astrofizik Conatan MakDaell qəzetə deyib: "Təkrar istifadə oluna bilən raketlər bazaya qayıdarkən ekstremal istiliyə dözüm göstərməlidir. Onlar həm də müxtəlif aerodinamik şəraitdə yenidən işə salına bilən mühərriklərlə sabit və idarəoluna bilən olmalıdır. Məsələ təkcə onları qaytarmaq deyil, həm də onları yenidən buraxıla biləcək kifayət qədər yaxşı vəziyyətdə qaytarmaqdır".

Təkrar istifadə oluna bilən raketlərin olmaması – yeganə məhdudiyyət deyil. Peyklərin istehsalı mürəkkəb və əmək tələb edən prosesdir və hətta təkrar istifadə oluna bilən raketlərlə belə, sabit buraxılış ritmini qurmaq çətindir. SpaceX-in bütün problemləri aradan qaldırmaq üçün illər lazım oldu. Lakin ekspertlər hesab edirlər ki, təkrar istifadə oluna bilən raket yaratmaq uğrunda yarış Çinin alçaq Yer orbitində peyk qruplarının gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir.

Poliqon.info

Seçilən
69
poliqon.info

1Mənbələr