Qəbələ, 25 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunan XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq start götürüb. Əlbəttə, biz hamımız çox həyacanlıyıq. Çünki o dühanın adına layiq olan bir festival keçirmək istəyirik və əminik ki, belə də olacaq. Biz bu musiqi bayramına gələn hər bir kəsə minnətdarıq və hamını da burada iştirak etməyə dəvət edirik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva deyib.
Festivalda Azərbaycanın və xarici ölkələrin tanınmış musiqi kollektivlərinin iştirak etdiyini diqqətə çatdıran professor deyib: “Ümumiyyətlə, Qəbələ festivalının ilk buraxılışından belə bir gözəl ənənəsi var ki, həmin ilə təsadüf edən bütün ildönümləri, yubileyləri biz mütləq qeyd edək. Prezident İlham Əliyevin bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam bizə böyük ilham verdi ki, biz həmin yubileyi, eləcə də Rauf Atakişiyevin 100 və Vasif Adıgözəlovun 90 illik yubileylərini bu festivalda onların adına layiq şəkildə qeyd edək”.