Ankara, 25 iyul, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Vəqflər İdarəsi Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisinə torpaq sahəsi ayırıb.
AZƏRTAC xəbər verir ki, bu mərkəzin Lefkoşanın Küçük Kaymaklı rayonunda inşa edilməsi nəzərdə tutulur. Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib ki, Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Azərbaycan Mədəniyyət Mərkəzinin tikiləcəyi yerə baş çəkib.
O qeyd edib: “Parlamentin üzvü tövsiyələrini bölüşüb və bu təşəbbüsün iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib”. Cəmiyyətin sədrinin sözlərinə görə, Azərbaycan Mədəniyyət Mərkəzi təkcə bizim mədəniyyətin deyil, digər türk xalqlarının adət-ənənələrinin və dəyərlərinin təbliği platformasına çevriləcək.
O.Həsənoğlu Şimali Kiprin hakimiyyət orqanlarına, o cümlədən ŞKTC Vəqflər İdarəsinin rəhbəri, professor Mustafa Tümerə təşəkkürünü bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara