BAKI, 25 iyul. TELEQRAF
“SABAH və yeni məzmunlu təhsil qrupları bundan sonra Elm və Təhsil Nazirliyinin tabeliyində olmayan digər qurumlara, hətta özəl ali təhsil müəssisələrinə də şamil olunacaq”.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Prezident İlham Əliyevin tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncamını şərh edərkən jurnaslistlərə açıqlamasında deyib.
O bildirib ki, bu istiqamətdə ali təhsil müəssisələrinin şəbəkəsi genişlənir.
“Daha çox tələbəmiz SABAH qruplarında daha yaxşı təhsil alacaqlar. Bu isə təhsilə əlçatanlılığın, keyfiyyətli təhsilin təmin olunmasına şərait yaradan məsələlərdəndir”, - deyə o qeyd edib.
Müşavir qeyd edib ki, SABAH qruplarının və yeni məzmumlu təhsil proqramlarının sayının15 minə çatdırılması nəzərdə tutulur.
“Dəyişikliklərin biri ondan ibarətdir ki, artıq tələbələrimiz əvvəllər ikinci kursdan başlayaraq təhsil alırdılar. Bundan sonra göstərdikləri akademik nəticəyə vəDİM imtahanlarındakı göstəricilərinə əsasən müsahibə yolu ilə daha çox tələbə birinci kursdan başlayaraq SABAH qruplarında təhsil almış olacaqlar”.
Nicat Məmmədli ixtisasların istiqamətlərinin də genişləndiriləcəyini vurğulayıb: “Bu da təhsil keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətdə ciddi təsir göstərəcək”.