Gündüz Məmmədov
Tikinti üzrə ekspert
İnsanlar ev sahibi olmaq istəyir, amma bu arzunu daha ucuz və asan yolla reallaşdırmağa çalışırlar. Əlverişli qiymətə torpaq tapılır, ev tikilir, ailə köçür - hər şey yaxşı görünür…
Amma çox vaxt ucuz evlə birlikdə bahalı problemlər də alınır. Sənədsiz, qaydalara uyğun olmayan ərazilərdə tikilən bu evlər qısa müddətli rahatlıq, lakin uzunmüddətli risklər yaradır.
Məsələn, Bakı, Keşlə “Şanxay” məhəlləsindəki evlər dəmir yolundan cəmi 3 metr məsafədə yerləşir. Halbuki Nazirlər Kabinetinin qərarına görə, bu məsafə ən az 20 metr olmalıdır.
Bəs sənədsiz ev sahibi olmaq hansı riskləri yaradır?
Sənədsiz torpaqda ev tikmək – sabahkı problemi bu gündən qurmaqdır
Bugün bir çox insan sənədsiz torpaq alıb, orda ev tikmək istəyir. Düşünürlər ki:
- “Necə olsa, bir ev tikim…”
- “Sonra sənədini də düzəldərəm…”
Amma gəlin açıq danışaq:
Sənədsiz torpaqda tikilən ev – kağız üzərində sənin deyil.
Və bu da çox ciddi risklər yaradır:
Qarşılaşa biləcəyiniz real problemlər:
Söküntü riski:
Hər an “qanunsuz tikili” adı ilə eviniz sökülə bilər. Və kompensasiya almaq hüququnuz olmayacaq.
Məhkəməlik olmaq:
Torpağın sahibi (əgər başqasına məxsusdursa və ya dövlətə aiddirsə) məhkəmə iddiası qaldıra bilər. Evinizi və torpağı itirə bilərsiniz.
İpoteka, kredit mümkün deyil:
Sənədsiz evə banklar kredit vermir, ipoteka keçmir. Gələcək planlarınızı məhdudlaşdırır.
Vəsiyyət və miras problemi:
Bu evləri uşaqlarınıza rəsmi şəkildə ötürə bilmirsiniz. Gələcəkdə ailədaxili mübahisələr yarana bilər.
Kommunal çətinliklər:
Bəzi hallarda qaz, su, işıq çəkməkdə və ya qeydiyyata düşməkdə ciddi maneələrlə qarşılaşa bilərsiniz.
Nə etməli?
Torpaq almamışdan öncə mütləq Daşınmaz Əmlak Reyestrindən çıxarış olub-olmadığını yoxlayın.
Sənədli torpaqda ev tikin – bu, daha bahalı ola bilər, amma gələcəkdə sizi böyük itkilərdən qoruyar.
Əgər artıq sənədsiz torpaqda ev tikmisinizsə, leqallaşdırma yollarını araşdırın.
Unutmayın:
Ev tikmək təkcə kərpic qoymaq deyil, sabaha güvən tikməkdir.
Sənədsiz ev – sabah üçün riskli bir sərmayədir.