Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, vətəndaşların təqdim etdiyi sənədlərlə dövlət torpaq kadastrı məlumatları arasında uyğunsuzluq yaranarsa, məsələ 15 iş günü ərzində araşdırılacaq. Sənədlərin düzgünlüyü təsdiqləndiyi halda, əmlak qeydiyyata alınacaq və dövlət bazasında müvafiq düzəlişlər ediləcək. Bu dəyişiklik vətəndaşların daşınmaz əmlak hüquqlarının daha çevik və şəffaf şəkildə tanınmasını nəzərdə tutur.
Bəs yeni qanunun məqsədi nədir?
Məsələ ilə bağlı News24.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, qanunda edilən bu dəyişiklik sənədsiz evlərin qeydiyyatı ilə bağlı deyil:
“Sadəcə olaraq burada yerquruluşu sənədləri və torpaq sahələrinin həqiqi koordinatları arasında uyğunsuzluqların aradan qaldırılması məqsədi güdülür. Keçmiş illərdə tərtib olunan sənədlərdə, xüsusilə də texniki pasportlarda dönmə nöqtələri – yəni torpaq sahəsinin sərhədinin necə çəkildiyi indiki reallıqlara tam uyğun gəlməyə bilər. Hasarın hansı nöqtədə dönməsi, bu bucağın neçə dərəcə olması kimi detallarda fərqlər yaranır. Bütün bunlar zamanla ərazi dəyişiklikləri və ya texniki xətalar nəticəsində ortaya çıxıb”.
Ekspertin sözlərinə görə, bu dəyişiklik xüsusilə əvvəlki illərdə verilmiş sənədlərin yenidən dəqiqləşdirilməsinə və qeydə alınmasına şərait yaradacaq:
“Əgər vətəndaşın təqdim etdiyi sənəddə torpağın təyinatı, sərhədləri və istifadə forması real vəziyyətlə uyğunlaşmırsa, o zaman aidiyyəti qurumlar 15 iş günü ərzində dəqiqləşdirmə aparacaq. Bu da əmlak sahiblərinin qeydiyyat prosesində yaşadığı gecikmələrin və anlaşılmazlıqların aradan qaldırılmasına yardım edəcək”.
Aqil Qarayev