İsrail və Suriya nazirləri son 25 ildə ilk yüksək səviyyəli danışıqlarını keçiriblər.
“Cebheinfo.az” “Axios”-a istinadən xəbər verir ki, görüş Parisdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə keçirilib.
Məlumata görə, danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriyanın keçid hökumətindəki Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şeybani iştirak ediblər. Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub. İsrail mənbələri “Axios”-a bildiriblər ki, tərəflər Suriyanın cənubunda təhlükəsizlik və atəşkəs barədə razılığa gəlmək niyyətində olublar.
Qeyd olunur ki, İsrail və Suriya son aylarda artıq bir neçə görüş keçirib. Portal iddia edir ki, Paris danışıqları ölkələr arasında etimadı gücləndirmək üçün ilk addım olacaq.
İyulun 16-da İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı strateji hədəflərə hücum edib, xüsusilə Əbu Rummana məhəlləsində Suriya ordusunun Baş Qərargahının binaları kompleksinə və prezident sarayına zərbələr endirilib. İyulun 17-də Bzamildəki 132-ci motoatıcı briqada bazasına və şimal-qərbdəki Cablehdəki 107-ci zirehli briqada bazasına hava hücumları həyata keçirilib.
İyulun 23-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr günorta saatlarında mərkəzi Homs əyalətində Suriyanın hərbi anbarlarına zərbələr endirib.
İsrailin müdafiə naziri İsrael Katz xəbərdarlıq edib ki, hökumət qoşunları druzların çoxluq təşkil etdiyi Əs-Suveyda şəhərindən və cənubdakı ətraf ərazilərdən çəkilməsə, İsrail Suriyaya zərbələr endirməyə davam edəcək.Xatırladaq ki, İsrail və Suriyanın yüksək rütbəli rəsmilərinin görüşlərinin Bakıda da keçirildiyinə dair məlumatlar yayılmışdı.