Xərçəng xəstəliyindən əziyyət çəkən insanların sosial müdafiəsi məsələsi tez-tez müzakirəyə çıxarılan mövzulardandır. Bəzi hallarda ictimaiyyətdə belə bir fikir formalaşır ki, onkoloji xəstəliyə tutulmuş şəxslərə dövlət tərəfindən avtomatik olaraq pensiya və ya digər sosial təminatlar verilir. Bəs əslində vəziyyət necədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda pensiyalar konkret xəstəlik növünə görə deyil, əmək qabiliyyətinin itirilməsi əsasında təyin olunur:
“Azərbaycanda vətəndaşlara xəstəliklərinə görə deyil, əmək qabiliyyətinin itirilməsinə görə pensiya təyin edilir. Bu da əlillik dərəcəsinə əsaslanır və üç qrupa bölünür. Birinci qrup, yəni əmək qabiliyyətinin 80 faizdən çoxunun itirilməsi halları, pensiya almaq hüququ yaradır.
Məsələn, xərçəngin müəyyən formaları, o cümlədən bel xərçəngi olan bir şəxs zamanla əmək qabiliyyətini itirirsə, əlillik təyin edilə və bunun əsasında pensiya ala bilər”, - deyə o, bildirib.
Ekspert əlavə edib ki, ruhi və psixoloji xəstəliklər nəticəsində əmək qabiliyyətini itirən şəxslərə də əlillik əsasında pensiya təyin olunur. Lakin istənilən halda, bu qərar yalnız aidiyyəti tibbi komissiyaların rəyindən və şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsindən sonra verilir.
Akif Nəsirlinin sözlərinə görə, ölkə qanunvericiliyində konkret bir xərçəng növünə görə pensiya təyin olunması nəzərdə tutulmayıb. Əsas meyar əmək qabiliyyətinin hansı səviyyədə itirilməsidir.
Aygün Hüseyn, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta