BAKI, TurkicWorld
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Bilecik və İzmir vilayətlərində baş verən meşə yanğınlarından sonra bu ərazilərin “Ümumi Həyata Təsirli Təbii Fəlakət Bölgəsi” elan edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazir Yerlikaya, sosial media hesabında paylaşım edib.
Paylaşdığı məlumatda 27 iyun–24 iyul tarixləri arasında meşə yanğınları ilə mübarizə üçün həyata keçirilən tədbirlərlə bağlı statistik məlumatları bölüşüb. Onun sözlərinə görə, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən min 191 nəfər və 198 axtarış-xilasetmə vasitəsi, polislərdən 8 min 953 personal və 18 hava vasitəsi, Türkiyə Daxili İşlər Nazirliyinin digər qurumlarından isə yüzlərlə personal və texnika bölgəyə göndərilib.
Nazir bildirib ki, yanğınlar səbəbilə 120 yaşayış məntəqəsindən insanlar təhlükəsizlik məqsədilə təxliyə olunub, təhlükə keçən ərazilərdə isə əhalinin geri dönüşü təmin edilib.
Yanğınların təsirinə məruz qalan 9 vilayətdə min 157 bina və min 458 müstəqil bölmə yoxlanılıb. Nəticədə 311 ev, 16 iş yeri və 50 tövlənin ya dağıldığı, ya da ağır ziyan gördüyü müəyyən edilib. AFAD tərəfindən ümumilikdə 128 milyon 492 min lirə vəsait bölgələrə göndərilib.
Zərərçəkən ailələrə verilən yardımlar çərçivəsində 7 vilayətdə 396 ailəyə 76 milyon 810 min lirə (AFAD tərəfindən), 2 milyon 85 min lirə isə Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən ödəniş edilib.
Əkinçilik və heyvandarlıq sahəsindəki zərərlərə gəlincə, 49 iri buynuzlu, 37 xırda buynuzlu heyvan, 171 quş və 4.175 arı pətəyinin yanğında tələf olduğu qeyd olunub.
01 may–24 iyul 2025 tarixləri arasında Jandarma tərəfindən 34 vilayətdə baş vermiş 184 meşə yanğınında 25 nəfər həbs olunub, 47 nəfərə məhkəmə nəzarəti qərarı verilib. Eyni dövrdə polis orqanları tərəfindən 56 yanğın hadisəsi üzrə 2 nəfər həbs edilib, 2 nəfərə nəzarət tədbiri tətbiq olunub.