AZ

Rahil Məmmədov rəsmən “Araz-Naxçıvan”da!

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədov bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Bir neçə gün öncə Polşanın “Radomyak” klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında xitam vermiş 29 yaşlı futbolçunun “Turan Tovuz”a da keçidi gündəmdə idi. Lakin o, “Araz-Naxçıvan”ın Avropa Konfrans Liqasında çıxış etməsini nəzərə alaraq avrokuboklarda oynamağı üstün tutub. Tərəflər 1 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıblar.

Xatırladaq ki, Rahil Məmmədov 2024-cü ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılaraq “Radomyak”a keçmişdi. 29 yaşlı futbolçu həmin vaxt “Radomyak”la 2 illik müqaviləyə imza atmışdı. Lakin ötən mövsümün ortalarından etibarən məşqçilər korpusu ilə münasibətləri korlanmış futbolçu əsas komandadan kənarlaşdırılmışdı. Bu üzdən də onun bu yay Radom klubunu tərk edəcəyi gözlənilən idi. Rahil bu komandanın heyətində cəmi 14 oyun keçirib.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 22 oyuna çıxıb.

“Araz-Naxçıvan” Rahildən öncə Bar Kohen, Ba-Muaka Simakala, Bruno Franko, Çarlz Boli, Patrik Andrade və Hamidu Keytanı da heyətinə qatmışdı. Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias, Miço Kuzmanoviç və İqor Ribeyro komandanı tərk ediblər. Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ürfan Abbasov, Ülvü İsgəndərov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Qara Qarayev, Vanderson Melo, Nuno Rodrigues, Ramon Maçado, Elçin Mustafayev və Turan Vəlizadə isə klubla yeni müqaviləyə imza atıblar.

Seçilən
69
arena.az

1Mənbələr