AZ

Yeni dəmir yolu Zəngəzur dəhlizini əvəz edə bilərmi? - ÖZƏL

Türkiyə Naxçıvanla birbaşa əlaqə yaradacaq dəmir yolu üçün 2,4 milyard avro xarici maliyyə cəlb edib. Qars-İğdır-Dilucu xətti həm Naxçıvanı, həm də Asiyanı Türkiyə ilə birləşdirəcək. Bu yol Zəngəzur dəhlizinə alternativ olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəhlizin ticarəti canlandıracağını bildirib. Ermənistan isə ABŞ şirkətinin Zəngəzura nəzarət edəcəyi barədə xəbərləri təkzib edib.

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib. Qars-İğdır-Dilucu dəmir yolu xətti Naxçıvanla Türkiyənin əlaqəsi baxımından çox əhəmiyyətlidir: 

" Bu, həm də Naxçıvana alternativ dəmir yolu xəttidir. Bu alternativlərdən biri də İran ərazisindən keçərək Naxçıvanın Azərbaycanla birləşdirilməsidir - həm dəmir yolu, həm avtomobil yolu baxımından.
Bu alternativ yolların əhəmiyyəti Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsi baxımından önəmlidir. Amma məsələ ondadır ki, Zəngəzur dəhlizi olmadığı halda bu yollarla getmək mümkündür. Yəni Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qarsa, oradan isə Qars-İğdır-Dilucu dəmir yolu ilə Naxçıvana getmək olar. Həmçinin, Bakı-Ağbənd dəmir yolu ilə Ağbənd stansiyasına qədər gəlib, oradan Naxçıvan ərazisindən Türkiyəyə keçmək mümkündür. Yəni bu yollar mümkündür və işləyə bilər.
Amma Zəngəzur dəhlizi reallaşacaqsa, bu alternativlərin Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirmə baxımından əhəmiyyəti azalacaq. Çünki Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi daha qısa bir yoldur. Cəmi 42-43 kilometrlik məsafə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı bir-birindən ayırır. Yəni, Zəngəzur dəhlizində yol daha qısadır.
Həmin qısa yolun başqa bir əhəmiyyəti də odur ki, bu, Azərbaycan üzərindən keçən və uzunluğu təxminən 7000 km olan Orta Dəhlizin bir həlqəsidir. Bu 7000 km-lik məsafəni qət edərək Azərbaycan üzərindən, sonra Zəngəzur dəhlizi və Türkiyə vasitəsilə Avropaya çıxmaq daha sərfəlidir. Çünki burada həm xərclər aşağı düşür, həm də yükün çatdırılma müddəti azalır. Məsələn, Çindən Avropaya Orta Dəhlizlə, Zəngəzurdan keçməklə, yük təxminən 7 günə Avropaya çatır. Amma indiki halda - Qazaxıstan, Gürcüstan, Türkiyə və oradan Avropaya çıxış ən azı 8 gün yarım çəkir.
Yəni, Zəngəzur dəhlizinin açılması xərcləri təxminən 10 faiz azaldır. Yüklərin çatdırılma müddətini isə 1,5 gün qısaldır. Ona görə də biz deyə bilmərik ki, Naxçıvandan İrana gedən yol və ya Türkiyədən Naxçıvana çəkilən dəmir yolu Zəngəzur dəhlizini əvəz edə bilər. Bunu deyə bilmərik. 
Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür və qlobal xarakter daşıyır. Üstəlik, Azərbaycan üçün də Naxçıvana bağlanmaq baxımından ən səmərəli, ən qısa və ən az xərc aparan yoldur. Hətta İran ərazisindən keçən yol belə Zəngəzur dəhlizindən azı 10 km uzundur.
Ona görə də bu dəhlizin əhəmiyyəti Azərbaycan üçün əvəzsizdir. Üstəlik, bu dəhliz vasitəsilə Azərbaycan maniyəsiz hərəkət hüququ əldə etmək istəyir - yəni Ermənistan üzərindən heç bir gömrük, keçid və ya polis yoxlaması olmadan Naxçıvana çatmaq, həm yük, həm də sərnişin daşımalarını reallaşdırmaq nəzərdə tutulur.
Yəni, bu dəhlizin Azərbaycan üçün əhəmiyyəti heç nə ilə müqayisə oluna bilməz. Dəmir yolun çəkilməsi Türkiyə ilə  Naxçıvan arasında iqtisadi əlaqələrin möhəmlənməsinə səbəb olacaq ki, bu da Azərbaycanla Türkiyə arasında ümumi əlaqələrin genişləməsinə vəsilə olacaq. Bu baxımdan həmin yol böyük əhəmiyyətə malikdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
olaylar.az

1Mənbələr