İngiltərənin "Arsenal" klubu İsveç millisinin və "Sportinq"in hücumçusu Viktor Qyökeresin transferi ilə bağlı bütün detallar üzrə razılıq əldə edib.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu şənbə günü tibbi müayinədən keçəcək və ardından rəsmi müqavilə imzalanacaq.
Mənbənin məlumatına görə, Qyökeres "Arsenal"da 14 nömrəli formanı geyinəcək. Bu nömrə klub tarixində xüsusi önəm daşıyır – vaxtilə fransız ulduz Terri Anri bu nömrə ilə "topçular"ın hücum xəttinə liderlik edib. Daha sonra bu nömrəni Teo Uolkott, Pyer-Emerik Obameyanq və son olaraq Eddi Nketia daşıyıb.
Xatırladaq ki, "Arsenal" ötən mövsüm Premyer Liqanı ikinci pillədə başa vurub. Mikel Artetanın komandası çempion "Liverpul"dan 10 xal geri qalmışdı. Yeni transferin "topçular"a hücum xəttində güc qatacağı gözlənilir.