Ölkə kubokunun "Neftçi" - "Sabah" matçında ciddi səhvə yol verən Rauf Allahverdiyevin hakimlikdən uzaqlaşdırılması barədə dəfələrlə yazmışıq. Özü də bu barədə danışıb, ictimaiyyətə məlumat verib, bu ədalətsiz qərarla barışmayacağını bildirib.
Son açıqlamalarında bir az da uzağa gedərək, belə qərarın çıxarılmasında "Sabah" rəhbərliyini ittiham edib. AFFA-nın bu məsələdə məhz "Sabah" klubunun diktəsi ilə hərəkət etdiyini deyib.
Bu gün isə mətbuatda Rauf Allahverdiyevin AFFA-ya gedərək üzrxahlıq izahatı yazdığına dair məlumat yayılıb. Hətta izahat həmin saytda dərc olunub. Əgər Allahverdiyev belə bir izahat yazıbsa, bu sənədin mətbuatın əlinə necə keçməsi maraqlıdır. AFFA-nın rəsmi sənədini əldə etmək bu qədər asan məsələdirsə, demək ki, federasiyanın fəaliyyətində ciddi boşluqlar var. Baş katib Cahangir Fərəcullayev "köstəbək" kimdirsə, müəyyənləşdirməli, layiqli cəzasını verməlidir. Çünki hər klubdan, hər qurumdan mediaya məlumatlar sızır. Amma hər hansı sənədin tam mətn olaraq mətbuata ötürülməsi böyük xətadır və bu cəzasız qalmamalıdır.
O ki qaldı Allahverdiyev üzrxahlığına, təbii ki, çox səliqəsiz danışıb birbaşa "Sabah" rəhbərliyini ittiham etməklə. Necə ki AFFA onu heç bir dəlil olmadan, sadəcə şübhələr əsasında ittiham edibsə, Rauf da eyni qaydada "Sabah"ı günahkar bilib öz məsələsində.
Allahverdiyevin şübhələrində təbii ki, müəyyən əsaslar da var. Çünki "Sabah"da əsas söz sahiblərindən olan Balakişi Qasımov həm də AFFA-nın vitse-prezidenti, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov isə İcraiyyə Komitəsinin üzvüdür. Birdən-birə iki şəxslə AFFA rəhbərliyində təmsil olunan klubun oyununda baş verən hadisəyə görə bir hakim ömürlük futboldan uzaqlaşdırılırsa, şübhələrin "Sabah"ın üzərinə yönəlməsi anlaşılandır. Amma Allahverdiyevin bunu birbaşa ittiham formasında deməsi doğru deyil. Sadəcə zaman göstərir ki, klublara bağlı adamların həm də AFFA-da vəzifə tutması sonradan xoş olmayan söz-söhbətlərə yol açır.
Məsələn, ötən mövsüm "Qarabağ - "Şamaxı" matçında qonaqların qapısına daha absurd penalti təyin edilmişdi. VAR hakimi Elçin Məsiyevdən niyə hakimin qərarına düzəliş edilmədiyi soruşulanda, otağın qaranlıq olduğunu demişdi. Otaq qaranlıq imiş... Amma nə Məsiyev, nə də onun kimi onlarla ciddi səhv eləyən xeyli sayda hakim cəzalanmayıb.
Rauf Allahverdiyev heç bir halda belə izahat yazmalı deyildi. Emosional olduğu üçün ifadələrini düz seçmədiyini şifahi şəkildə desəydi, kifayət edirdi. Bundan sonra isə məhkəməyə üz tutub ədaləti bərpa etməliydi. Yoxsa ki odlu-alovlu danışması nəydi, üzrxahlıq izahatı yazmağı nə...
Həmid
saytlarin hazirlanmasi