AZ

Qoyun yunundan, qaz tükündən hazırlanmış yastıqlar ALLERGİYA YARADA BİLƏR – DEMATOLOQDAN AÇIQLAMA

Əvvəllər insanlar yundan hazırlanmış yataq dəstlərinə üstünlük verirdilərsə, hazırda əksər evlərdə ortopedik, yaxud sintifon döşəklərdən, qaz tükündən hazırlanmış yastıq və yorğandan istifadə olunur. Bəziləri yunun radiasiyanın qarşısını aldığını desələr də, çoxları heyvan yununun dəridə allergik xəstəliklərə səbəb olduğunu deyir.

 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran tanınmış dermatoloq Şövqü Salahov bildirib ki, qoyunun yunu, toyuğun, qazın tükü - bunların tərkibi allergiya yarada bilər.

 

Şövqü

 

“Hər kəsə məlumdur ki, əvvəllər insanların sağlamlığı nə qədər yerində idi, immun sistemi güclü idi. Toyuq, qaz tükündən, yaxud qoyunun yunundan hazırlanan döşəklər, yastıqlar çox rahat idi. Heç kimdə problem yaratmırdı. Məsələ budur ki, bunlar canlıdan alınır. Bədən, orqanizm sağlam olanda heç bir şeyə reaksiya vermir, amma immunitet düşdükcə bədən hər şeyə reaksiya verməyə başlayır. Yunun tərkibindəki, yaxud tük köhnəldikdə yaranan tozlara qarşı bədən allergiya verməyə başlayır. İnsan asqırır, bədəni səpir, gözləri qızarır, burun axması olur. Beləliklə, elə bir zaman gəldi, dedilər ki, yastdıqdan, döşəkdən sintifona, ortopedik döşəklərə keçmək lazımdır. Yoxsa yun, toyuq, qaz tükü zərərli deyil. Ortopedik döşəklərdən niyə də istifadə edilməsin? Onurğada, boyunda problem varsa, ortopedik döşəklərdən istifadə etmək lazımdır. Bədən sağlamdırsa, insan yun yorğan-döşəkdən, qaz, toyuq tükündən hazırlanmış yastıqlardan istifadə edə bilər. Təbii ki, insan hiss edirsə ki, bunlar bədəninə allergiya, asqırma, qaşıntı verir, yataq dəstini dəyişməsi vacibdir. Şəxsi təcrübəmə əsaslanaraq deyirəm ki, insanlar internetdə gördükləri hər saytda satılan məhsulları almasınlar. Hamısını demirəm, amma çoxu göründüyü kimi deyil. Sifariş edirsən, ortaya çox keyfiyyətsiz, yararsız şeylər gəlib çıxır”, - həkim bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 25 İyul 2025, 16:10   
Seçilən
77
pravda.az

1Mənbələr