Şəki, 25 iyul, AZƏRTAC
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə maksimum nəticəni göstərən – 700 bal toplayan abituriyentlərdən biri Şəki rayonunun Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunu Orxan Abdulsəmədli olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, hər iki mərhələnin cəmi üzrə bu nəticəni göstərərək ölkə üzrə seçilən abituriyentlər sırasında yer alıb. Aprel ayında keçirilən buraxılış imtahanlarında Şəki-Zaqatala bölgəsi üzrə bir neçə məktəbli 300 ballıq nəticə ilə fərqlənmişdi. Yüksək nəticə göstərənlərdən biri də həmin vaxt Orta Zəyzid kənd tam orta məktəbin məzunu olan Orxan Abdulsəmədli idi. O, müsahibə zamanı blok imtahanlarında da 400 ballıq nəticə əldə etmək üçün əzmlə çalışacağını və yenidən görüşəcəyimizə əmin olduğunu bildirmişdi. Budur, Orxan sözünü tutub. Orxan etiraf edir ki, həmin vaxt söz verərkən necə həyəcanlı və narahat olduğunu indi ifadə etməkdə çətinlik çəkir. Ötən müddətdə o, dərs hazırlığını ikiqat artırıb, vaxtı boşa sərf etməmək üçün gecəli-gündüzlü səylə çalışıb.
Orxanın ailəsi müəllimlər nəslindəndir. Ata babası Əhməd müəllim uzun illər kənd məktəblərində direktor olub. Nənəsi Məlahət xanım isə 46 illik ibtidai sinif müəllimliyi fəaliyyətindən sonra təqaüdə çıxıb. O, nəvələrinin təlim-tərbiyəsinə, dərslərinə daim nəzarət edib. Məlahət müəllimə bildirir ki, 8 nəvəsi var və Orxan onlardan yeddincisidir. Nəvələrinin hamısı ali təhsil alıb. Sonuncu nəvə isə hələ məktəbdədir və əla oxuyur.
Atası Fəxri Abdulsəmədov isə iki övladının olduğunu bildirir. Böyük oğlu artıq ali məktəbi başa vurub və magistraturaya daxil olub. O, övladları ilə qürur duyduğunu, ailənin bütün çətinliklərin öhdəsindən bacarıqla gəldiyini vurğulayır. Qeyd edək ki, Orxanın bu gün də telefonu yoxdur. Onun tələbə adını qazandıqdan sonra telefonu nənəsi Məlahət xanım hədiyyə edəcək.
Orxan bildirir ki, məktəb illərində dərslərinə məsuliyyətlə yanaşıb. İmtahanlara hazırlığa isə IX sinifdən başlayıb. Hədəfi Azərbaycan Tibb Universitetində təhsil almaq və sonradan akademik yolunu xaricdə davam etdirməkdir.
Yüksək nəticənin təsadüfi olmadığını vurğulayan Orxan Abdulsəmədli həmyaşıdlarına tövsiyə edərək bildirir: “Qarşıya hədəf qoyun və nə olursa-olsun, bu məqsəd uğrunda çalışın, onda istədiyinizə nail olacaqsınız”.
Müsahibimizin elm sahəsində də uğurları az deyil. Respublika fənn olimpiadalarında dəfələrlə iştirak edən Orxan final mərhələsinə qədər yüksəlib. VII sinifdə isə fizika fənni üzrə respublika olimpiadasında gümüş medal qazanıb.