AZ

Turizm sektorunda dinamik artım - ŞƏRH

2025-ci ilin ilk yarısında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin ümumi gəlirləri 290 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faizlik artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu gəlirlərin böyük hissəsi otaqların təqdim olunması (60,4 faiz) və ictimai iaşə xidmətlərindən (27,5 faiz) formalaşıb. Müalicə və sağlamlıq xidmətlərindən əldə edilən gəlirlər 3,2 faiz, digər xidmətlər üzrə isə 8,9 faiz təşkil edib. Həmçinin ölkə üzrə otellərin birdəfəlik tutumundan istifadə səviyyəsi ötən illə müqayisədə az fərqlə 21,1 faizdən 21,4 faizə yüksəlib.

Statistik göstəricilər sektorun davamlı şəkildə artan gəlir potensialına və turizm axınının sabit yüksəlişinə işarə edir. Xüsusilə gecələmə sayı üzrə artım tendensiyası bu fikri möhkəmləndirir. 2025-ci ilin yanvar-iyun aylarında qeyd olunan obyektlərdə ümumi gecələmə sayı 6,4 faiz artaraq 1970,7 min olub. Bu artım ölkənin turizm məkanları üzrə marağın genişlənməsi və xidmət keyfiyyətindəki müsbət dəyişikliklərin nəticəsi kimi dəyərləndirilə bilər. Ən çox gecələmə Bakıda qeydə alınsa da, Qusar, Naftalan, Qəbələ və Quba kimi regionlarda da diqqətçəkən dinamika müşahidə olunub. Bu isə regional turizmin daha balanslı və çoxmərkəzli inkişaf etdiyini göstərir.

Xarici turistlərin fəallığı isə ümumi sektorun gəlirlərindəki əsas artım mənbələrindən biri kimi önə çıxır. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələr 10,3 faiz artaraq 1192,6 min təşkil edib. Bu göstərici ümumi gecələmələrin 60,5 faizini təşkil edir və Azərbaycanın beynəlxalq turizm bazarında cazibədarlığının artmaqda olduğunu sübut edir. Hindistan, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrdən gələn turistlərin payı bu kontekstdə xüsusilə qeyd olunmalıdır. Onların əksəriyyətinin gecələmələri Bakıda cəmləşsə də, digər regionlara yönəlmə də getdikcə artır. Məsələn, Qusarda 7,2 faiz, Naftalanda 4,1 faiz, Qəbələdə 3,2 faiz əcnəbi gecələməsi qeydə alınıb ki, bu da həmin bölgələrin turizm infrastrukturunun inkişaf etdiyini göstərir.

Digər tərəfdən, daxili turizmin davamlılığı da sektorun iqtisadi dayanıqlığını gücləndirən amillərdəndir. 2025-ci ilin ilk yarısında Azərbaycan vətəndaşlarının hotellərdə keçirdiyi gecələmələrin sayı 0,9 faiz artaraq 778,1 min olub. Bu artım nisbətən zəif görünsə də, daxili bazarın sabitliyini qoruduğunu və ölkə əhalisinin yerli turizmə marağının azalmadığını göstərir. Daxili turizmin yüksəldilməsi istiqamətində atılan addımlar, xüsusilə regionlarda yol infrastrukturunun yaxşılaşdırılması, yeni istirahət obyektlərinin istifadəyə verilməsi və mövcud xidmətlərin keyfiyyətinin artırılması bu göstəricilərdə rol oynayan əsas faktorlardandır.

Bütün bu göstəricilər fonunda mehmanxana və ona bənzər obyektlərin gəlirlərindəki artım ümumi iqtisadiyyata dolayı təsirlər də yaradır. Məsələn, ictimai iaşə, nəqliyyat, kənd təsərrüfatı, ticarət və hətta sənaye sahələri də bu artımdan dolayı şəkildə faydalanır. Turizm axınının çoxaldığı bölgələrdə yeni iş yerlərinin açılması, xidmət sektorunda rəqabətliliyin yüksəlməsi və yerli icmaların rifahının artması kimi nəticələr bu prosesin sosial-iqtisadi əhəmiyyətini daha da artırır.

Seçilən
73
aznews.az

1Mənbələr