AZ

Ümumdünya Vəhşi Təbiət Fondu COP30 ərəfəsində iqlimlə bağlı həyəcan təbili çalıb

Bakı, 25 iyul, AZƏRTAC

Bir vaxtlar nadir qlobal birliyin simvolu olan Paris Sazişi dünya liderlərinin soyuq münasibəti fonunda getdikcə transformasiya gücünü itirmək riski ilə üzləşir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Braziliyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasına (COP 30) cəmi bir neçə ay qalmış Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) qlobal iqlim və enerji məsələləri üzrə rəhbəri Manuel Pulqar-Vidal jurnalistlərə müsahibəsində ifadə edib. O vurğulayıb ki, hazırda dünyada iqlim böhranının qarşısını almaq üçün kifayət qədər iş görülmür və onun fəsadları sürətlə yaxınlaşır.

O əlavə edib ki, Paris Sazişinə əsasən, ölkələr mütəmadi olaraq istixana qazlarının emissiyalarını azaltmaq və iqlim böhranının təsirləri ilə məşğul olmaq üçün milli fəaliyyət planları hazırlamalıdır. Bunlara Milli Müəyyən edilmiş töhfələr (NDC) deyilir. Lakin COP30-dan əvvəl 198 üzv dövlətdən yalnız 20-dən bir qədər çoxu onları təqdim edib.

Pulqar-Vidal vurğulayıb. “Paris Sazişi böyük siyasi əhəmiyyətə malikdir və iqlim dəyişikliyi ilə bağlı görünməmiş qlobal birliyin simvoludur. Bütün ölkələr hələ öz məqsədlərinə çatmasa da, qanunların, siyasətlərin və ictimai ümidlərin formalaşmasına kömək edir. Lakin bu məqsədlər danılmaz şəkildə stres altındadır. Bu stres ambisiya və hədəflərin reallaşması arasındakı boşluqdan, xüsusən də rəhbərlik etmək üçün ən məsuliyyətli və potensiala malik olan ölkələrdən irəli gəlir”.

Fondun nümayəndəsi qeyd edib ki, Paris Sazişindən əvvəl alimlər qlobal istiləşmənin 2100-cü ilə qədər sənayedən əvvəlki səviyyədən 3,5 dərəcə Selsi yuxarı olacağını təxmin edirdilər. O əlavə edib: “Lakin ölkələr tərəfindən indiyə qədər öhdəlik götürülmüş bütün iqlim planları həyata keçirilsə, biz 2,1 dərəcə Selsini müzakirə edəcəyik. Beləliklə, bu, əhəmiyyətli irəliləyişdir və koordinasiyalı fəaliyyətin əhəmiyyətini göstərir, lakin aydındır ki, bu, kifayət deyil”.

Onun sözlərinə görə, son 10 ildə emissiya yolları və iqlim trayektoriyası əsaslı şəkildə dəyişib. İndi bu prosesi irəli aparmağa davam edəcək rıçaqlar iqtisadiyyat, elm və sosial tələbatdır. Dünya ictimaiyyəti bu məsələdən diqqətimizi yayındırmağa imkan verməməli, iqlimlə bağlı fəaliyyət siyasi gündəmlərin əsas mövzusu olmalıdır.

Pulqar-Vidal COP30-u müvafiq mərhələlərlə qazıntı yanacaqlarının mərhələli şəkildə ləğv edilməsi üçün qrafik müəyyən etməyə çağırıb. WWF-nin iyunun 20-də dərc olunmuş NDC-lər vasitəsilə bu məsələyə dair hesabatı hökumətlərə çıxış yolları haqqında konkret nümunə təqdim edir.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2025-2029-cu illər arasında ən azı bir ilin rekord həddə çatan ən isti yay mövsümünün 2024-cü ildən daha isti olacağı ehtimalı 80 faizdir. Ən azı bir ilin sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsidən çox olması ehtimalı isə 86 faiz təşkil edir.

Seçilən
59
1
azertag.az

2Mənbələr