XIX əsrdə Rusiya imperiyasının Qafqazda apardığı sistemli işğal və assimilyasiya siyasəti nəticəsində ən ağır zərbə alan xalqlardan biri çərkəzlər olub.
Çərkəzlərin torpaqları tədricən zəbt edilib, mülki əhali kütləvi şəkildə zorla köçürülüb. 1864-cü ildə baş verən və tarixə “Böyük sürgün” kimi daxil olan kütləvi deportasiya nəticəsində yüz minlərlə çərkəz həlak olub, yüz minlərlə insan isə vətənindən didərgin salınıb. Bu proses bu gün “Çərkəz soyqırımı” kimi tanınması üçün hüquqi və siyasi mübarizənin predmetidir.
Tarixi kontekst: Şimali Qafqaz və Rusiya ekspansiyası
Tarixə “Çərkəz soyqırımı” və “Böyük sürgün” kimi daxil olan bu faciə bir xalqın fiziki və mənəvi varlığının dövlət səviyyəsində məqsədyönlü şəkildə məhv edilməsinin klassik nümunəsidir. 1763-cü ildə başlanan və 1864-cü ildə rəsmi olaraq başa çatan Qafqaz müharibəsi Rusiya imperiyasının Qafqazı tam nəzarətə götürmək planlarının tərkib hissəsi idi. Çərkəzlər bu prosesdə sonadək müqavimət göstərən əsas xalqlardan biri oldu. Onların azadlıq iradəsi, torpaqlarına və kimliklərinə bağlılığı imperiyanın genişlənmə siyasətinə ciddi maneə yaradırdı. Nəticədə, Rusiya çərkəz məsələsini hərbi güc yolu ilə həll etməyə qərar verdi. 1864-cü ildə Soçi yaxınlığındakı Qbaada düzündə keçirilən hərbi parad çərkəz müqavimətinin rəsmi olaraq sonu və soyqırımın zirvə nöqtəsi hesab olunur. Bundan sonra milyonlarla çərkəz Osmanlı imperiyasına sürgün edildi. Sürgün prosesi zamanı yüz minlərlə insan aclıq, xəstəlik, qəzalar və dənizdə boğulma nəticəsində həyatını itirdi. Bu, bəşəriyyətin şahid olduğu ən qəddar etnik təmizləmə aktlarından hesab olunur. Çərkəzlərin öz torpaqlarından zorla qovulması, Rusiya imperiyasının planlı şəkildə həyata keçirdiyi demoqrafik dəyişikliklərin tərkib hissəsi idi. Onların yerinə rus ailələrinin yerləşdirilməsi ilə regionun etnik xəritəsi dəyişdirildi. Bu siyasət, müasir terminlərlə desək, açıq şəkildə bir xalqın kollektiv hüquqlarının pozulması, mədəniyyətinin, dilinin və tarixinin silinməsi aktı idi.
Təxminən 1,5 milyon çərkəz sürgünə məruz qaldı. Onların bir qismi Osmanlı torpaqlarında – indiki Türkiyə, Suriya, İordaniya, İraq və Balkan ölkələrində məskunlaşdı. Sürgün edilən əhalinin böyük hissəsi yerləşdikləri ölkələrdə assimilyasiyaya uğradı, bir qismi isə çətin həyat şəraitində məhv oldu. Bütün bu faktlara baxmayaraq, bu günədək beynəlxalq ictimaiyyətin və aparıcı beynəlxalq təşkilatların əksəriyyəti bu faciəni soyqırımı kimi tanımayıb. Təkcə Gürcüstan 2011-ci ildə Çərkəz soyqırımını rəsmi olaraq tanıyıb. Halbuki, tarix, arxiv sənədləri, şifahi şahidliklər və müasir humanitar hüquq normaları bu faciənin məhz soyqırımı kimi təsnif olunmasına əsas verir. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan çərkəz diasporu bu tarixə siyasi-hüquqi qiymət verilməsi, beynəlxalq səviyyədə soyqırımı kimi tanınması və vətənə qayıdış hüququnun bərpası uğrunda mübarizə aparır. 21 may - sürgünün başlanğıc günü hər il dünya çərkəzləri tərəfindən matəm və anım günü kimi qeyd olunur.
Soyqırımına aparan yol: Qafqazı "ruslaşdırmaq" siyasəti
Bu hadisə yalnız çərkəz xalqına qarşı deyil, həm də bütövlükdə beynəlxalq humanitar prinsiplərə, insan hüquqlarına və etnik azlıqların tarixi hüquqlarına qarşı yönəlmiş cinayət idi. Çərkəz soyqırımı və sürgünü bu gün də Qafqaz regionunun tarixi ədalət və humanitar dəyərlərlə üzləşməsi üçün bir sınaqdır. Bu faciənin tanınması təkcə çərkəzlərin deyil, bütün dünyanın ədalət və insan haqları uğrunda mübarizəsində mühüm bir mərhələ ola bilər.
Çərkəz xalqının yaşadığı faciə barədə APA-ya danışan Qafqaz tarixi araşdırmaçısı Cem Kumuk bildirir ki, 19-cu əsrdə Rusiyanın Şimali Qafqazda həyata keçirdiyi soyqırımı siyasəti təkcə hərbi və siyasi deyil, həm də geosiyasi və iqtisadi maraqların məhsulu idi.
“18-ci əsrin ikinci yarısından başlayaraq Rusiya Osmanlı imperiyasına qarşı aqressiv mövqe tutmağa başladı. Bu iki imperiya arasında yerləşən sərhəd bölgələri isə bu qarşıdurmadan ən çox zərər görən ərazilərə çevrildi. Bu vəziyyətin əsas qığılcımı 1815-ci il Vyana Konqresi oldu. Həmin konqresdə Avropa monarxiyalarını diz çökdürən kapital imperiyası hələ ələ keçirə bilmədiyi bu iki imperiyanı da sonsuz müharibə bataqlığına salmaq qərarına gəldi və bu məqsədlə bu imperiyaların ordularında xidmət edən generalları savaş alovunu canlı saxlamaq üçün maliyyə baxımından daim təşviq etdi. Rusiyada bu siyasətin ən bariz nümunəsi General Yermolov idi. Yermolovla başlanan bu prosesə digər rus generalları da qoşuldu və iki əsr boyunca çar nəslinin Qafqaz xalqlarına yönəlik paranoyasını diri saxlamaq üçün lazım olan addımlar atıldı”.
Rusiya imperiyasının Şimali Qafqazda apardığı siyasət sadəcə hərbi işğalla məhdudlaşmırdı. Bu, uzunmüddətli və planlı şəkildə həyata keçirilən sistemli hərbi-siyasi və demoqrafik strategiya idi. Hədəf isə bölgənin yerli əhalisini, xüsusən də çərkəzləri öz doğma torpaqlarından silmək, onların yerinə imperiyaya sadiq və pravoslav dininə mənsub icmaları yerləşdirməklə Qafqazı "ruslaşdırmaq" idi.
Bu prosesin əsas mərhələlərini aşağıdakı şəkildə təsnif etmək olar:
1. İlk hərbi təcavüz və sərhəd gücləndirməsi (1763–1800-cü illər):Rusiya imperiyası Mozdok qalasının tikintisi ilə ilk olaraq Qafqazda dayaq nöqtələri qurmağa başladı. Bu mərhələdə məqsəd ticarət yollarına və strateji keçidlərə nəzarət etmək idi. Qafqaz xalqları bu müdaxiləyə dərhal cavab verdi və mübarizənin ilk alovları məhz bu illərdə alışdı.
2. Müqavimətin qırılması üçün repressiyalar və böl-parçala siyasəti (1800–1859):İmperiya bölgədə parçalanmış tayfaları bir-bir sıradan çıxarmaq üçün “təbəqələrə ayır və idarə et” siyasətini tətbiq etdi. Digər tərəfdən, İmam Şamilin rəhbərlik etdiyi Qafqaz İmamlığı ilə uzunmüddətli müharibə aparıldı. Rusiya yalnız hərbi güc tətbiq etmədi, eyni zamanda iqtisadi blokada, ərzaq və su yollarının bağlanması kimi taktikalarla da mülki əhalini sarsıtdı. Bu mərhələdə yüzlərlə kənd yandırıldı, sakinlər qətlə yetirildi və ya köç etməyə məcbur edildi.
3. Tam işğal və kütləvi deportasiyaya hazırlıq (1860–1864):İmam Şamilin 1859-cu ildə əsir alınmasından sonra müqavimət ayrı-ayrı qruplar şəklində davam etsə də, Rusiya artıq bölgəni “təhlükəsizləşdirmək” üçün növbəti mərhələyə keçdi. Bu mərhələdə xüsusi hərbi dəstələr tərəfindən kəndlərə basqınlar təşkil olunur, digər xalqlar kimi, çərkəzlərə də “təslim ol və ya sürgün edil” ultimatumları verilirdi. Çox vaxt heç bir xəbərdarlıq olmadan kəndlər mühasirəyə alınıb yandırılırdı.
4. 1864-cü il və “Böyük Sürgün”: Soyqırımı fazası:21 may 1864-cü il Rusiya imperiyası tərəfindən Qafqaz müharibəsinin rəsmi sonu elan olunsa da, bu tarix çərkəzlərin soyqırımı və sürgününün başlanğıcı kimi tarixə düşdü. Rusiya ordu komandanlığı bu hadisəni hərbi zəfər kimi qeyd edərək təntənəli parad keçirdi, amma bu “qələbə” yüz minlərlə insanın həyatının məhv olması bahasına başa gəldi. Çərkəzlər zorla Qara dəniz sahilinə, oradan isə Osmanlı imperiyasına göndərildi. Gəmi ilə aparılanların çoxu yolda aclıqdan, xəstəlikdən və ya dənizdə boğularaq həyatını itirdi. Bu, sadəcə, deportasiya aktı deyildi, bu, məqsədli şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı idi.
5. Etnik mühəndislik və “Yeni Şimali Qafqaz”ın qurulması:Çərkəzlər sürgün edildikdən sonra Rusiya imperiyası onların torpaqlarına kazakları, pravoslav slav xalqlarını və imperiyaya sadiq kolonistləri yerləşdirdi. Çərkəzlərin yer adları dəyişdirildi, mədəniyyətləri yasaqlara məruz qaldı, tarixlərini silməyə çalışdılar. Bu da çərkəz soyqırımının təkcə fiziki yox, həm də mədəni və tarixi aspektdə aparıldığını göstərir.
Araşdırmacı Cem Kumuk deyir ki, İmam Şamilin müqavimətindən sonra Rusiya imperiyası Qərbi Qafqazın azad çərkəzlərini siyasi, strateji və iqtisadi səbəblərlə hədəfə alaraq, onları təkcə torpaqlarından yox, həm də həyat və kimliklərindən məhrum edən sistemli soyqırımı və kütləvi sürgün siyasəti həyata keçirib.
“1859-cu ildə İmam Şamilin müqaviməti qırıldıqdan sonra Rusiya Ordusu bütün gücünü toplayaraq Qərbi Qafqazda yaşayan azad çərkəz tayfalarının üzərinə yeridi. Şərqi Qafqaz fəth olunduqdan sonra orada soyqırımı və ya kütləvi sürgün həyata keçirilmədi. Çünki Şərqi Qafqaz artıq hər tərəfdən Rusiya tərəfindən işğal olunmuşdu, İmam Şamilin mübarizəsinin son illərində yerli feodallarla münasibətləri pisləşmişdi və bölgə əhalisi Rusiya imperiyası üçün ümumi təhlükə hesab olunmurdu. Lakin eyni vəziyyət Qərbi Qafqazın azad çərkəzləri üçün keçərli deyildi. Bu ərazi həm İngiltərə, həm də Osmanlı imperiyasının təsiri üçün açıq idi və çərkəzlərin bu ölkələrlə dərin tarixi bağları vardı. Bu səbəbdən Rusiya imperiyası yalnız Çərkəzistanı işğal etməklə kifayətlənmədi, çərkəzləri fiziki olaraq yox etməyi qarşısına məqsəd qoydu. Eyni zamanda, bu soyqırımı hərb və qanla varlanan rus generalları üçün də sərfəli idi. Oradakı hərbi əməliyyatların miqyası onların maddi qazancını artırırdı. Məhz bu səbəbdən General Yevdokimovun 10 may 1862-ci ildə yaratdığı xüsusi komissiyanın təşəbbüsü ilə “zorla razı salma” üsulu ilə başlayan sürgün qısa zamanda soyqırımına çevrildi. Vətəni tərk etməyə hazırlaşan çərkəzlər hələ kəndlərindən çıxmamış qəfil basqınlarla kütləvi şəkildə qətlə yetirildilər, sahil istiqamətində qaçmağa çalışan mülki əhali təqib edildi, on minlərlə insan yollarda həyatını itirdi, sahilə çatmağı bacaranların böyük hissəsi uzun müddətli gözləmələr zamanı aclıq və xəstəlikdən öldü. Üstəlik, bərbad vəziyyətdə olan gəmilərə tutumundan on qat artıq insan mindirildi, fırtınalı Qara dənizdə minlərlə çərkəz həyatını itirdi. Vətənini tərk edən təxminən 2 milyon çərkəzdən yalnız 800 min nəfəri Osmanlı sahillərinə çata bildi. Onlar arasında da on minlərlə insan xəstəlik və aclıqdan həyatını itirdi. Sürgün yalnız 1864-cü ildəki “Böyük sürgün”lə yekunlaşmadı. Sonrakı 20 il ərzində rus ordusu köçürülən çərkəzləri yerləşdikləri ərazilərdə izləməyə davam etdi, onları qətlə yetirdi, yeni sürgünlərə məcbur etdi.”
Hüquqi və siyasi tələblər: Tanınma və vətənə qayıdış
Çərkəz soyqırımı və sürgünü təkcə tarixi faciə olaraq yadda qalmır - bu hadisə bu gün də hüquqi və siyasi baxımdan aktual müzakirə mövzusudur. 1864-cü ildə çar Rusiyasının həyata keçirdiyi sistemli deportasiya, etnik təmizləmə və mədəni assimilyasiya siyasəti beynəlxalq hüquq baxımından soyqırımı anlayışının tələblərinə cavab versə də, indiyə qədər bu faciə beynəlxalq səviyyədə geniş şəkildə tanınmayıb. Halbuki bu tanınma çərkəzlərin öz kimliklərini qoruması, tarixi ədalətin bərpası və vətənə qayıdış hüququnun tanınması üçün fundamental əhəmiyyət kəsb edir.
Çərkəz diasporu, xüsusilə Türkiyə, İordaniya, Suriya, Almaniya və ABŞ-da yaşayan icmalar son onilliklərdə bu tarixi faciənin beynəlxalq səviyyədə tanınması üçün ardıcıl və sistemli şəkildə fəaliyyət göstərir. 2011-ci ildə Gürcüstan parlamenti bu istiqamətdə önəmli addım ataraq çərkəzlərin Rusiya imperiyası tərəfindən soyqırımına məruz qaldığını rəsmi olaraq tanıyan ilk dövlət olub. Bu qərar digər ölkələrin də analoji addımlar atması üçün nümunə sayılsa da, hələlik BMT, Avropa Parlamenti və Avropa Şurası səviyyəsində rəsmi tanınma baş verməyib. Diaspor təşkilatları petisiyalar, beynəlxalq konfranslar, sənədli filmlər, tarixi araşdırmalar və mediada aparılan maarifləndirmə kampaniyaları vasitəsilə dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməyə çalışırlar.
Soyqırımının tanınması ilə birbaşa bağlı olan digər əsas məsələ çərkəzlərin Vətənə qayıdış hüququdur. Hazırda milyonlarla çərkəz, əsasən, Yaxın Şərq və Avropa ölkələrində yaşayır, onların çoxu üçün Şimali Qafqazda daimi məskunlaşma hüququ ya məhdudlaşdırılıb, ya da ümumiyyətlə mövcud deyil. Halbuki Birləşmiş Millətlər Təşkilatının “vətəndaşlıq hüququ” və “köçkün vətəndaşların geri dönməsi” prinsiplərinə əsasən, öz vətənindən zorla köçürülmüş etnik qruplar doğma yurdlarına qayıtmaq hüququna malikdir. Rusiya Federasiyası isə bu hüququ tanımır və qayıdışa şərait yaratmaq əvəzinə, məsuliyyətdən yayınmaq üçün məsələnin həm tarixi, həm də hüquqi aspektlərini görməməzliyə vurur.
Hazırkı şəraitdə Rusiya nəinki 19-cu əsrdəki faciəni qəbul etmir, eyni zamanda çərkəzlərin ana dili, mədəniyyəti və tarixi yaddaşını yaşatmaq cəhdlərinə də müxtəlif səviyyələrdə mane olur. Çərkəz dilinin tədrisi imkanlarının azaldılması, mədəni muxtariyyətin hüquqi baxımdan zəiflədilməsi, yer adlarının dəyişdirilməsi və mədəni irsin marginallaşdırılması bu siyasətin bariz nümunələridir. Bu isə təkcə tarixi ədalətsizlik deyil, həm də mədəni hüquqların pozulmasıdır.
Çərkəz icması beynəlxalq hüquqa əsaslanaraq bir sıra tələblərlə çıxış edir: faciənin soyqırımı kimi rəsmi şəkildə tanınması; maddi və mənəvi baxımdan zərər çəkmiş xalq olaraq reabilitasiya və kompensasiya mexanizmlərinin hazırlanması; vətənə qayıdış hüququnun bərpası; və nəhayət, mədəni muxtariyyətin və dil hüquqlarının tanınması. Bu tələblər beynəlxalq hüququn müvafiq normalarına, xüsusilə də BMT-nin İnsan Hüquqları Bəyannaməsinə, Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına və Regional İnsan Hüquqları mexanizmlərinə tam şəkildə uyğun gəlir.
Son illərdə Rusiya daxilində və xaricində fəaliyyət göstərən çərkəz gəncləri, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları bu mübarizəni hüquqi və sivil müstəvidə davam etdirirlər. Digər tərəfdən, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi və imperiya təfəkkürünü davam etdirməsi nəticəsində beynəlxalq ictimai rəy də keçmişdə baş vermiş zorakılıqlara daha həssas yanaşmağa başlayıb. Bu kontekstdə çərkəz soyqırımı və sürgünü ilə bağlı tarixi ədalətin bərpa olunması çağırışları daha aktual səslənir.
Cem Kumukun sözlərinə görə, Çərkəz cəmiyyətinin bu sürgün nəticəsində yaşadığı travmalar bu gün də açıq şəkildə hiss olunur: “Bu soyqırımı və sürgün çərkəz cəmiyyətində tamamilə dağıntıya səbəb oldu. İki əsr əvvəl qərbli səyyah və alimlərin “zamanımızın cəngavərləri” adlandırdığı bir sivilizasiya bu gün məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu günə qədər BMT-yə üzv ölkələr arasında Çərkəz soyqırımı yalnız Gürcüstan və Ukrayna tərəfindən rəsmi şəkildə tanınıb. Bildiyiniz kimi, bir soyqırımı iddiasının qlobal şəkildə rəsmiləşməsi üçün BMT Təhlükəsizlik Şurası tərəfindən tanınması tələb olunur. Lakin bu Şuranın veto hüququna malik olan bütün üzvləri tarixlərində soyqırımı cinayətləri olduğu üçün belə paradoksal vəziyyət yaradır”.
Cem Kumuk vurğulayıb ki, 21 may 1864-cü il tarixi - Çərkəz soyqırımı ilə əlaqəli gün bu faciənin simvoluna çevrilib və dünya üzrə çərkəz diasporu tərəfindən genişmiqyaslı tədbirlərlə yad edilir.
“Bu sürgün və soyqırımı çərkəz ədəbiyyatında dərin izlər buraxıb. Sürgün dövründə yaradılmış ağılar bu gün də bütün çərkəzlərin dilindədir. Beynəlxalq diplomatik çevrələrdə soyqırımını görməzdən gələ bilərlər, lakin Rusiya bu vəhşiliklə 160 il əvvəl vicdanlarda çoxdan mühakimə olunub. Heç bir rəsmi tanınma və ya inkar bu həqiqəti dəyişə bilməz. Ona görə də, Rusiya Federasiyası ilə mübarizə yalnız bu soyqırımın kağız üzərində tanınması ilə deyil, çərkəzlərin doğma vətənlərinə qayıdışının qanuniləşdirilməsi, asanlaşdırılması və başda Rusiya olmaqla, bütün əlaqəli dövlətlərdən bu prosesi dəstəkləyəcək addımların atılması ilə aparılmalıdır. Bu gün çərkəzlər intiqam deyil, ədalət tələb edirlər”, - deyə o qeyd edib.
Azərbaycanla əlaqə: Ortaq tarix və həmrəylik nümunələri
Çərkəz xalqı ilə Azərbaycan arasında birbaşa coğrafi yaxınlıq olmasa da, tarixi təcrübələr, imperiya siyasətindən doğan kollektiv ağrılar və diaspor həyatının gətirdiyi talelər iki xalq arasında mənəvi bağların formalaşmasına səbəb olmuşdur. Hər iki xalq tarix boyunca imperiyalar arasında sıxışdırılıb, assimilyasiya və zorakı deportasiya siyasətlərinə məruz qalıb, mədəniyyətlərini və varlıqlarını qorumaq uğrunda mübarizə aparıb. Bu ortaq yaddaş və oxşar talelər xüsusilə 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində daha qabarıq şəkildə özünü göstərib.
Bu mənəvi yaxınlıq müasir dövrdə də özünü göstərir. 2024-cü ilin dekabr ayında Rusiya tərəfindən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində onlarla dinc azərbaycanlının həlak olması dünya ictimaiyyətində kəskin reaksiya doğurmuşdu. Hadisəyə dərhal reaksiya verənlərdən biri də çərkəz diaspor təşkilatları idi. Türkiyədə fəaliyyət göstərən bir neçə çərkəz dərnəyi Azərbaycan xalqına başsağlığı verməklə kifayətlənməyib, bu aktı imperiya zorakılığının və hüquq saymazlığının növbəti nümunəsi kimi pisləmişdi. Onlar bəyan etmişdilər ki, rus imperializminin zorakılığı təkcə bir millətin deyil, bütün region xalqlarının ortaq dərdidir.
Bu həmrəylik təkcə hadisəyə verilən reaksiya ilə məhdudlaşmır. Çərkəz diasporunun bir sıra nümayəndələri müxtəlif beynəlxalq tribunalarda çıxış edərkən Azərbaycanın da üzləşdiyi işğal və deportasiya tarixini misal çəkərək, imperiya siyasətinin sistematik xarakterini ortaya qoyurlar. Onlar bildirirlər ki, bu cür zorakılıqlar etnik kimliyi hədəf alan siyasi planların tərkib hissəsidir və bu planların təkcə tarixi deyil, bu gün də davam edən nəticələri var.
Eyni zamanda, Azərbaycanda da çərkəz xalqının faciəli tarixinə həssaslıqla yanaşılır. Medianın, tədqiqatçıların və vətəndaş cəmiyyəti fəallarının bu məsələyə marağı artmaqdadır. Qafqaz xalqlarının ümumi tarixi yaddaşını bir araya gətirən bu yanaşma, regional həmrəyliyin dərinləşməsi və siyasi dialoqun daha sağlam təməllərə söykənməsi üçün imkanlar yaradır.
Tarix göstərir ki, imperiyalar xalqları bölmək, onları ayrı-ayrı və təcrid olunmuş şəkildə idarə etmək üçün müxtəlif zorakılıq və assimilyasiya vasitələrindən istifadə edib. Lakin çərkəz və Azərbaycan xalqları bu zorakılığın müxtəlif dövrlərdə müxtəlif formalarını yaşasa da, ortaq ağrılar, ümumi mübarizə və gələcəyə dair eyni arzular onları bir-birinə yaxınlaşdırıb. Bu həmrəylik təkcə emosional deyil, həm də siyasi və hüquqi səviyyədə vacib potensiala malikdir. Tarixi ədalətin bərpası və insan hüquqlarının təmin olunması istiqamətində aparılan mübarizədə bu cür xalqlararası anlayış və dəstək hər zaman həlledici olmuşdur.
Qafqaz araşdırmaçısı Cem Kumuk da qeyd edib ki, çərkəzlərin Azərbaycan xalqına münasibəti yalnız ortaq etnik və mədəni bağlara deyil, həm də tarixən birgə müdafiə etdikləri “Böyük Qafqaz” ideyasına, azadlıq uğrunda mübarizə irsinə və gələcəkdə daha sıx əməkdaşlıq arzularına söykənən sarsılmaz qardaşlıq və həmrəylik duyğularına əsaslanır:
“Çərkəzlərin Azərbaycan xalqına münasibəti Türkiyə türklərinə olduğu kimi, qardaşlıq, dərin mənəvi bağlılıq və sarsılmaz həmrəylik üzərində qurulub. Bu münasibət təkcə etnik və mədəni oxşarlıqlarla deyil, eyni zamanda ortaq tarix, mübarizə və ideallarla da möhkəmlənib. Çünki çərkəzlər özlərini, sadəcə, Qafqaz xalqı kimi deyil, bütöv Qafqazın azadlığı və gələcəyi uğrunda mübarizə aparan ümumi tarixi irsin daşıyıcısı kimi görürlər.
Bu baxımdan, çərkəzlər tarixən Qafqazın digər azadlıqsevər xalqları ilə, xüsusilə də Gürcüstan və Azərbaycanla birgə “Böyük Qafqaz Konfederasiyası” ideyasını müdafiə ediblər. Bu ideal təkcə emosional çağırış və səmimi arzularla məhdudlaşmayıb, konkret siyasi platformalarda ifadə olunub, beynəlxalq tribunalarda səsləndirilib, mühacirətdə olan siyasi liderlər və ziyalılar tərəfindən sənədləşdirilib.
Xüsusilə XX əsrin əvvəllərində - imperiyaların dağılması, inqilablar və dünya müharibələri dövründə sürgündə yaradılan Qafqaz Dağlıları Hökuməti çərçivəsində azərbaycanlı və çərkəz siyasi liderlər Qafqazın müstəqilliyi və birliyi uğrunda birgə fəaliyyət göstərib, ortaq bəyanatlar verib və Avropa diplomatik dairələrində bu ideyanı fəal şəkildə təbliğ ediblər.
Bu gün də həmin tarixi əməkdaşlıq yaddaşlarda yaşayır və çərkəzlərin Azərbaycan xalqına münasibətində öz əksini tapır. Bu münasibət, sadəcə, keçmişin romantik xatirəsi deyil, gələcəkdə region xalqları arasında daha sıx və davamlı əməkdaşlıq üçün möhkəm mənəvi-siyasi təməldir. Çünki həm çərkəzlər, həm də azərbaycanlılar yaxşı bilirlər ki, Qafqazın gələcəyi yalnız qarşılıqlı hörmətə, həmrəyliyə və birgə strateji baxışa söykənə bilər.
AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Ankara Çərkəz Dərnəyi, Türkiyədə və digər ölkələrdə fəaliyyət göstərən bir sıra çərkəz qeyri-hökumət təşkilatları da Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdilər, eyni zamanda bu vəhşi hücumu kəskin şəkildə pisləyən rəsmi bəyanatlar yaydılar. Bu addım Çərkəz cəmiyyətinin Azərbaycan xalqı ilə həmrəylik ruhunu, ortaq ağrılara və ədalətə bağlılığını bir daha nümayiş etdirdi.”
Ədalətin bərpası tarixin susdurulması ilə deyil, tanınması ilə başlayır
Çərkəz soyqırımı və sürgünü bir xalqın sistemli şəkildə məhv edilməsinə yönəlmiş imperiya siyasətinin nəticəsidir. Bu faciə təkcə tarixdə qalmamalı, beynəlxalq səviyyədə tanınaraq ədalət bərpa olunmalıdır. Tanınma - qurbanların yaddaşına hörmət, yaşayanların hüququ, gələcək nəsillərin isə təhlükəsizliyi deməkdir. Tarixin susdurulması yeni zorakılıqlara yol açır, tanınması isə ədalətin ilk addımıdır. Əgər dünya bu və bənzər faciələrə səssiz qalarsa, oxşar haqsızlıqların təkrarlanması qaçılmaz olar. Ədalət tanımaqla başlayır.