AZ

İqlim dəyişmələri ilə bağlı ikinci Şamaxı qeyri-rəsmi Toplantısı keçirilib

23-24 iyul 2025-ci il tarixlərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi ilə, eləcə də COP30 sədri kimi Braziliya ilə əməkdaşlıq çərçivəsində Şamaxıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrləri, eləcə də UNFCCC-yə tərəf olan bəzi dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərinin ikinci qeyri-rəsmi Şamaxı toplantısı keçirilib.

Bu barədə APA-ya XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə 34 ölkə və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə iştirak edib. Dövlətlər nazir, nazir müavini, Prezidentlərin iqlim üzrə elçiləri, UNFCCC danışıqlar qruplarının və Tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və digər yüksək səviyyəli formatlarda təmsil olunub.

Keçən ilin iyul ayında eyni formatda keçirilmiş birinci Şamaxı toplantısının COP29-un qərarlarının qəbuluna verdiyi mühüm töhfə diqqətə alınaraq, eyni formatın cari ildə də davam etdirilməsinə qərar verilib. Builki Şamaxı toplantısının mövzusu da keçən il olduğu kimi iqlim danışıqlarının gündəliyində olan əsas istiqamətlərə və Azərbaycan və Braziliyaya COP29-da verilmiş birgə mandata uyğun olaraq iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına qaldırılması ilə bağlı “Bakıdan Belemə 1,3 Trilyon Yol Xəritəsi” sənədinin hazırlanmasına fokuslanıb.

Bu çərçivədə, toplantıda UNFCCC Köməkçi Orqanlarının Bonn-da keçirilmiş 62-ci sessiyasının nəticələri, həmin müzakirələrdə qarşıya çıxan əsas çətinliklərin həlli yolları və bunların Braziliyada baş tutacaq COP30-da qərarların qəbuluna mümkün töhfəsinə dair qeyri-rəsmi fikir mübadiləsi aparılıb.

Tədbirdə iştirak edən bütün nümayəndələr aparılmış müzakirələri yüksək qiymətləndirib, nümayəndə heyətlərinin başçılarının qeyri-rəsmi Şamaxı toplantısının dayanıqlı platformaya çevrilməsinə geniş dəstək ifadə olunub.

Toplantının açılış mərasimində COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və COP30-un baş danışıqçısı səfir Liliam Çaqas çıxış ediblər.

Tədbir COP29 və COP30-un baş danışıqçıları ilə yanaşı, Pakistanın iqlim dəyişmələri və ətraf mühitin koordinasiyası naziri Musadik Məsud Malik və UNFCCC-nin İcra üzrə Yardımçı Orqanının sədri Julia Qardinerin bağlanış çıxışları ilə yekunlaşıb.

Seçilən
35
4
apa.az

10Mənbələr