"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a verdiyi açıqlamada qazilərə göstərilən dəstəyin artırılmasının vacibliyini vurğulayıb.
QHT sədri bildirib ki, müharibədə iştirak edən hər bir gənc psixoloji və sosial dəstəyə ehtiyac duyur – istər yaralanmış, istərsə də salamat qayıtmış olsun:
“O müharibədə iştirak edən bütün oğullarımız psixoloji dəstəyə ehtiyac duyur. Bəlkə də bəziləri həyatlarında bir toyuq başı kəsməyiblər, amma müharibədə gördükləri mənzərələr onların psixikasına ağır təsir göstərib. Buna görə də onlara təkcə sözlə deyil, əməli dəstək lazımdır.”
QHT sədri həmçinin qazilərin çoxunun sosial cəhətdən imkansız ailələrdən olduğunu və onların qarşılaşdığı torpaq, sənədlə bağlı problemlərin hələ də həllini tapmadığını bildirib:
“Məsələn, bizim qazi balamız Orxan Babayev var. Torpaq məsələsində hələ də problemi qalır. İstərdim ki, vəzifəsindən asılı olmayaraq hər kəs belə uşaqlara sahib çıxsın. Tədbirlərə qazilər və veteranlar dəvət olunsa da, bu, təkcə simvolik jest kimi qalmamalı, onların real problemlərinin həllinə dəstək göstərilməlidir. Əfsus ki, bəzi sahələrdə bu gün də ciddi problemlər mövcuddur. Amma ümid edirəm ki, mənim bu çıxışımdan sonra aidiyyəti orqanlar Orxan balamıza və digər qazilərimizə dəstək verəcəklər. Mən öz gücümlə nə edə bilirəmsə, edirəm. Amma bu, cəmiyyətin ümumi borcudur.”
Pərvanə Fərhadqızı
QHT.az