AZ

"ABŞ konqresmenlərinin addımı sülh prosesini təhlükə altına atır" - ÖZƏL

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb. Müraciətdə bir qrup konqresmenin Azərbaycanın suverenliyinə və sülh prosesinə qarşı addımları sərt şəkildə tənqid olunur. Bildirilir ki, bu şəxslər erməni lobbisinin təsiri ilə regionda gərginlik yaratmağa, sülhə mane olmağa çalışır. QHT-lər qeyd edir ki, bu çağırışlar ABŞ-Azərbaycan münasibətlərinin inkişafından narahatlıq doğurur və Tramp administrasiyasının Cənubi Qafqazdakı sülh səylərinə ziddir.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:

"ABŞ-də bir qrup konqresmenin müraciəti tamamilə qərəzlidir və nəzərə almaq lazımdır ki, burada Qarabağdan könüllü olaraq köçən ermənilərin hüquqları haqqında söz açılır. Bu isə ABŞ rəhbərliyini çaşdırmaq məqsədi daşıyır.
Məlumdur ki, bu müraciətin arxasında güclü erməni lobbisi və onun məkirli, korrupsiyaya bulaşmış addımları dayanır. Eyni zamanda bu, həm də keçmişdən miras qalan Cozef Bayden  - Anthoni Blinken cütlüyünün siyasətinin davamı kimi də qiymətləndirilə bilər.
Lakin təəssüf doğuran məsələ ondan ibarətdir ki, bu müraciət həm respublikaçı, həm də demokrat konqresmenlərin birgə imzasını daşıyır. Ancaq bu müraciətin heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan operativ şəkildə buna reaksiya verdi. Azərbaycanın qeyri-hökumət təşkilatları ABŞ Dövlət Katibinə və konqresmen Marko Rubioya müraciət ünvanladılar və həmin müraciətdə kifayət qədər geniş və hazırkı reallıqları əks etdirən fikirlər yer aldı.
Digər tərəfdən, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında konstruktiv danışıqlar keçirildi. Səmərəli müzakirələr aparıldı, hər iki tərəf sülhə dair möhkəm inam ifadə etdi və bu danışıqların davam etdirilməsi haqqında qərar qəbul olundu. İkitərəfli formatın uğurlu nəticələr doğura biləcəyi ilə bağlı təəssürat yarandı. Bütün bunları nəzərə alaraq, ABŞ konqresmenlərinin Dövlət Departamentinə ünvanladıqları müraciət tamamilə qəbuledilməzdir və sülhə əngəl yaradan, onu pozan bir amil kimi qiymətləndirilməlidir.
Bu cür müraciətlər sülh prosesinə ciddi zərbə vurur, yanlış normativlər formalaşdırır, Azərbaycan haqqında mənfi fikirlərin yaranmasına səbəb olur. Hesab edirəm ki, ABŞ konqresmenləri bu cür addımlardan çəkinməlidirlər. Çünki ABŞ Konqresində dərin kök salmış ermənipərəst mövqe var. Adam Şiff, Frank Pallone kimi şəxslər Azərbaycanın düşməni kimi çıxış edir və tamamilə erməni maraqlarını müdafiə edirlər. Belə şəxslər, eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərinə də zərbə vururlar.
Üçüncü Şuşa Qlobal Media Forumunda Cənab Prezidentin ABŞ-Azərbaycan münasibətləri ilə bağlı səsləndirdiyi dəyərli fikirlər ABŞ prezidenti Donald Trampın şəxsi sosial şəbəkə hesabında paylaşılmışdı. Bu, bizim Cənab Prezidentə olan inamın göstəricisidir. Azərbaycan Prezidentinin ABŞ-Azərbaycan münasibətlərinin strateji yolla, qarşılıqlı faydalı əməkdaşlıq əsasında, bərabər hüquqlu əsasda inkişaf etdirilməsinə dair mövqeyi ABŞ rəhbərliyi tərəfindən də qəbul olunur.
Təəssüflər olsun ki, ABŞ Konqresindəki bəzi şəxslər bu möhkəm strateji münasibətlərə və liderlər arasında formalaşan sarsılmaz bağlara zərər yetirməyə çalışırlar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
59
olaylar.az

1Mənbələr