AZ

Corc Dikdən tarixi bəyanat, yaxud qlobal sülhdə Azərbaycan imzası...

İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkəmizin sülh siyasəti ilə bağlı maraqlı və qürurverici fikirlər səsləndirib. Fəaliyyət müddəti bu gün başa çatan səfir bildirib ki, Azərbaycan həm Türkiyə və İsrail, həm də Yaxın Şərqdəki digər gərginliklərin ortadan qaldırılmasına ciddi səy göstərib, qlobal sülhün əldə olunmasına konkret töhfələr verib.

“Hesab edirəm ki, Azərbaycan İsrail və Türkiyənin yaxınlaşmasında əsas rol oynayıb.

Azərbaycanda İsrail və Türkiyə rəsmiləri arasında mühüm görüşlər keçirilib ki, bu da qarşılıqlı anlaşmaya töhfə verib və tərəflər arasında anlaşılmazlıq riskini azaldıb.

Əminəm ki, Azərbaycan bir sıra regional problemlərin, o cümlədən Yaxın Şərqdəki problemlərin həllində nəinki mühüm rol oynaya bilər, həm də artıq mühüm rol oynayır”.

İsrail səfirinin ölkəmizin sülh siyasəti ilə bağlı açıqlaması ciddi mətləblərdən xəbər verir. Bu açıqlama ilk növbədə onu göstərir ki, Azərbaycanın qlobal sülh siyasəti səmimidir və sözün həqiqi mənasında gərginliklərin ortadan qaldırılmasına hesablanıb. Məhz buna görə də bu siyasət praktik nəticələr verir, mövcud gərginliklərin azaldılmasına zəmin yaradır.

Corc Dikin bəyanatı eyni zamanda Azərbaycanın regional və qlobal güclər arasında balans yaradan, bütün tərəflərin eşitdiyi, qəbul etdiyi tənzimləyici güc olduğunu göstərir. Belə olmasaydı, Azərbaycanın Türkiyə və İsrail kimi güclər dövlətlər arasında vasitəçilik etməsi mümkün olmazdı.

İsrail səfirinin açıqlamasında diqqət çəkən digər bir məqam isə Azərbaycanın bütün Yaxın Şərqdə problemlərin həllində yaxından iştirak etməsi, həll prosesinə ciddi töhfələr verməsidir.

Bütün bunlar ölkəmizin sözün həqiqi mənasında sülhpərvər və humanist siyasət yürütdüyünü göstərir. Bu bəyanat sübut edir ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası sözü ilə əməli uyğun gələn nadir dövlətlərdəndir və dövlətimizə dünyada olan inam və etimadın əsas səbəbi də məhz budur.  

Seymur ƏLİYEV

 

Seçilən
25
moderator.az

1Mənbələr