Nəzakət Məmmədova: “Öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq”
Əbədiyyətdəki əziz ünvanımızdır şəhidlər. Yönümüzü hara çevirsək, hara səs salsaq, hara ünümuz yetsə ora müqəddəs şəhidlərimizin əbədi məskənidir.
Şəhid adı and yerimizdir, şəhid ailəsi əzizlərimiz, şəhid atası atamız, şəhid anası anamızdır, boynu bükük şəhid balaları balamızdır, sevgimizlə, qayğımızla o buruq boyunları dikəldirik.
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası uzun illərdir ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, kitablaşdırılması yönündə şərəfli bir missiyanı yerinə yetirir. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Xatirə Kitabı Redaksiyasının cəfakeş, fədakar kollektivi diyar-diyar dolaşıb şəhidlərimiz haqda məlumatlar toplayır və onu kitab şəklində çap edib onların adlarını kitab yaddaşına həkk edirlər.
Qəhrəmanlar diyarı Quba da, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində öz əziz oğullarını Vətəndən əsirgəməyib, o oğullardan qazi olanlar da, şəhidlik mərtəbəsinə yüksələnlər də var. Onu da deyək ki, Quba rayonunun dörd igid oğlu Vətən müharibəsində göstərdikləri şücaətə görə Vətən müharibəsi adına layiq görülüb, bu yüksək titulu daşıyanlardan ikisi həyatda olsa da, ikisi əbədiyyən ana torpağın qucağında binələnib.
“Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir”
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə iyulun 24-də Qubaya yola düşdük. Yol yoldaşlarımız şair-publisist Rəfail Tağızadə, redaksiyanın əməkdaşları-Hikmət Məlikzadə, Vüqar Əsgərov, Kəmilə Dilbazi, Sevinc Əsgərova, Aynurə Murad,Cəvahir Hüseynova, bir də balaca və gözəl dostumuz Mələk idi.
Qubaya-Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın II və III cildinin təqdimatını keçirmək üçün yola çıxmışıq. Şəhid ailələri redaksiya kollektivinin yolunu səbrsizliklə gözləyir - hər kəs intizarla tezliklə övladı barədə məlumat əks olunan kitablara qovuşmaq istəyir.
Şəhid ailələri ilə hər görüşdə deyirlər ki, övladları barədə bircə cümləlik yazı belə onları bəxtiyar edir və bunu özlərinə təsəlli bilirlər.
Haşiyə: Quba yolçuluğunda Nəzakət Məmmədova keçən il Xatirə Kitabı Redaksiyasının Naxçıvanda keçirdiyi kitab təqdimatını xatırlatdı.
“Biz Naxçıvanda kitab təqdimatı keçirəndə şəhid analarından biri söz alıb danışdı. “Nəzakət xanım, siz mənim oğlumu məndən çox istəyirsiniz. Çünki oğluma olan sevgim mənimlə qəbrə gedəcək və onunla da bitəcək, amma siz onu bütün Azərbaycan xalqına sevdirdiniz. Oğlum bu kitabda illər, əsrlər boyu yaşayacaq və xalq onu həmişə sevəcək” dedi.
Duyğulanmamaq, kövrəlməmək, həm də qürurlanmamaq mümkün deyil, Xatirə Kitabı bir yaddaş salnaməsidir ki, əbədiyyən şəhid oğulları yaşadacaq.
Qubaya çatanda bizi ilk qarşılayan Quba rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri
Asif Şirinov və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov mehribanlıqla və səmimiyyətlə qarşıladılar. Şəhid adını yaşadanlar, əbədiləşdirənlər Azərbaycanın hər güşəsində sevgi və sayğı ilə qarşılanır.
Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində isə bizi şəhid valideynləri, şəhid ailəsi nümayəndələri gözləyirdi.
Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi“44 gün - Tarixi zəfər” adlı kitabın II və III cildinin təqdimat mərasimi şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməklə başladı. Tədbiri aparıcı, şair-publisist Rəfail Tağızadə açaraq Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi mühüm işlər barədə danışdı, indiyə qədər redaksiyanın çap etdiyi kitablar haqqında məlumat verdi. R.Tağızadə bildirdi ki, İkinci Dünya müharibəsində həlak olan azərbaycanlılardan tutmuş Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində şəhid olan Vətən oğullarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görür, kitablar nəşr edir: “Xatirə Kitabı Redaksiyası hər bir şəhidimizin xatirəsini əbədiləşdirir. Çox böyük əziyyətlə, çox böyük məsuliyyətlə hər bir şəhidimiz barədə informasiya toplayırlar. Bu informasiyaları rayon icra hakimiyyətlərindən, Müdafiə Nazirliyindən, eyni zamanda da şəhid ailələrindən alırlar və bu əsasda kitablar nəşr edirlər.
Şəhid hamımız üçün əziz və doğmadır. Şəhid bir ailənin deyil vətənin övladıdır. Vətən üçün canından keçənlər bizim üçün ona görə müqəddəs və əzizdir ki, Vətəni müqəddəsləşdirən onu qanı ilə suvaran oğullardır. Şəhidlər elə bir uca zirvədir ki, o uza zirvəyə biz nə qədər arzu etsək də qalxa bilmərik”.
R.Tağızadə onu da dedi ki, nə qədər Azərbaycan xalqı və Azərbaycan dövləti var, şəhidlərimiz unudulmayacaq, onlar yaşayacaqlar:“Əvvəllər övladlarınız sizə görə tanınırdısa indi siz övladlarınıza görə tanınırsınız”.
O, sonra sözü Quba rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Asif Şirinova verdi. O, hər kəsi Quba rayon icra hakimiyyəti başçısı adından salamladı: “Bu xeyirxah işlərinizə, bizim şəhidlərimizin adlarını əbədiləşdirərək xatirələrdə yaşatmaq üçün çap etdiyiniz bu kitablara görə sizə təşəkkür edirik. Xatirə Kitabının gördüyü bu işlər misilsiz əhəmiyyətə malikdir. İgid şəhidlərimiz bizim milli kimliyimizi, bizim mənliyimizi-torpaqlarımızı özümüzə qaytardılar, gözəl Qarabağımızı, digər torpaqlarımızı işğaldan azad etdilər. 30 il işğal altında qalıb qan ağlayan torpaqlarımızı bu qəhrəman ata və anaların böyüdüb boya-başa çatdırdırdığı igid, qəhrəman oğullar bizə qaytardılar, üçrəngli bayrağımızı müqəddəs torpaqlarımızda dalğalandırdılar”.
Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov da çıxış etdi və o da vurğuladı ki, hər birimizin borcu şəhidlərin xatirəsini yaşatmaq, onların müqəddəs adlarını uca tutmaqdır.44 günlük Vətən müharibəsi şəhidi leytenant Səttər Piriyevin anası Ofeliya Piriyeva çıxışında bildirdi ki, dövlət şəhid ailələrini hərtərəfli diqqət və qayğı ilə əhatə edir, maddi və mənəvi dəstək göstərir. Ananın ən böyük arzusu odur ki, bütün şəhidlərin adları küçələrə, məktəblərə, müəssisələrə verilməklə əbədiləşdirilsin. “Dövlət bizə hərtərəfli qayğı göstərir. Ən böyük arzumuz odur ki, hər bir şəhid haqqında ayrıca kitab yazılsın, film çəkilsin, onların qəhrəmanlıq yolu daha çox təbliğ olunsun. Xatirə Kitabı Redaksiyasından istəyimiz odur ki, bizim övladlarımızın hər biri barədə ayrıca kitab hazırlasın. Bu bizə böyük təsəlli olardı.
Şəhid Mehdi Murtuzovun atası Muxtar Murtuzov, şəhid İsayev Ceyhunun atası Rüstəm İsayev də çıxış etdilər. Hər iki şəhid atası oğullarının xatirəsinə göstərdiyi ehtirama görə Xatirə Kitabı Redaksiyasına təşəkkürlərini bildirdilər.
Tədbirdə şəhid aiələrinə məlumat verildi ki, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci,2-ci və 3-cü cildi işıq üzü görüb, 4-cü cild çapa hazırdır. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır.
Respubublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında qeyd etdi:“Əziz tədbir iştirakçıları!
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.
Bu kitabda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür.
Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».
Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.
Respublika Xatirə Kitabı redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür.
Respublika Xatirə Kitabı redaksiyası həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub.
Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları - öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.
Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir.
Yaşasın Azərbaycan xalqı!”
Tədbirin sonunda “44 gün - Tarixi zəfər” adlı kitabın II və III cildi şəhid ailələrinə təqdim edildi və xatirə şəkli çəkildi...
Üzü Bakıya qayıdırıq, gözlərimizin önündən şəhid analarının soluxmuş üzləri, qüssəli baxışları getmir, şəhid atalarının əyilmiş qaməti ürəyimizi sıxır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün nə qədər çox işlər görülsə, bu onların ailələri üçün daha böyük təsəlli olar və onlar bu təsəlliyə söykənib oğul dağına bəlkə bir təhər dözərlər...
Sağ ol, igidlər yurdu Quba! Sağ ol, qəhrəman Fətəli xanın ovlağı, igid şəhidlərin məskəni müqəddəs torpaq!!!
İradə SARIYEVA
Quba-Bakı