Milan “İnter”inin 19 yaşlı serb dayaq yarımmüdafiəçisi Aleksandar Stankoviç bundan sonra “Brügge”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Brügge”nin mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “Brügge”yə 9,5 milyon avro məbləğ müqabilində başa gəlib.
Əlavə edək ki, Aleksandar ötənlərin məşhur serb mərkəz yarımmüdafiəçisi, hazırda Moskva “Spartak”ının baş məşqçisi olan Deyan Stankoviçin oğludur.
Aleksandar Stankoviç “İnter”in məzunudur. Yarımmüdafiəçi, karyerası ərzində həmçinin “Lüsern”də icarə əsasında çıxış edib.
Geridə qalmış mövsümdə Stankoviç “Lüsern” üçün 40 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Aleksandar Serbiyanın U-15, U-16, U-17, U-18, U-19 və U-21 komandalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.
Stankoviç “İnter”lə İtaliya A Seriyasının (2023/2024), İtaliya Kubokunun (2023/2024) və İtaliya Super Kubokunun (2022/2023) qalibi olub.
“Transfrmarkt” internet-portalı 19 yaşlı serb dayaq yarımmüdafiəçisinin transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.