AZ

Paytaxt köçürülə bilər - su qıtlığı daha kəskin problemə çevrilir...


Məlum həqiqətdir ki, Azərbaycan coğrafi mövqeyinə görə su ehtiyatları baxımından məhdud resurslara malik ölkələrdən biridir.

Hazırda ölkəmizdə mövcud olan su ehtiyatları əhalinin və kənd təsərrüfatının tələbatını tam ödəyə bilmir. Azərbaycanın ərazisinə düşən çay sularının əhəmiyyətli hissəsi xarici ölkələrdən gəlir. Lakin son illərdə bu çayların səviyyəsində azalma müşahidə olunur. Eyni zamanda, iqlim dəyişmələri, quraqlıqlar və əhalinin artması suya olan tələbatı daha da artırır. Bu fonda su ehtiyatlarının düzgün idarə olunması ön plana çıxır. Azərbaycan bu sahədə beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte də bunu təsdiq edir.

Onun sözlərinə görə, Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda özəl investisiyalar üçün yüksək potensiala malik olan üç əsas sahəni - kənd təsərrüfatı, su təhlükəsizliyi və dayanıqlı tikintini fərqləndirir: “Kənd təsərrüfatında biz hökumətlə birgə innovativ maliyyələşdirmə alətlərini, o cümlədən aqrar və anbar qəbzlərini tətbiq edirik. Onlar kiçik fermerlərə gələcək məhsullardan və ya anbarlarda saxlanılan məhsullardan dövriyyə kapitalı əldə etmək üçün girov kimi istifadə etməyə imkan verir. Bu model fermerlərin qlobal istehsal-satış zəncirlərinə inteqrasiyasına yardım edir, artımı stimullaşdırır və kənd yerlərində iş yerlərini yaradır. Su ehtiyatlarının 50-70 %-nin özləri su çatışmazlığı ilə üzləşən qonşu dövlətlərdən gəldiyini nəzərə alsaq, su sektoru ölkə üçün çox vacibdir. Biz ölkədə artan su qıtlığı probleminin həllinə kömək etməyə çalışırıq və dayanıqlı sudan istifadə strategiyalarının hazırlanmasına, tullantı sularının təmizlənməsi sistemlərinin modernləşdirilməsinə dəstək verməyə hazırıq. Biz həmçinin suyun duzsuzlaşdırılması layihələrinin maliyyələşdirilməsində iştirak etmək imkanlarını araşdırırıq”. Hələlik isə ölkədə su problemi davam edir. Havalar kəskin istiləşəndən sonra, xüsusilə də son bir həftədə Bakı və Abşeron yarımadasında su təchizatında problemlər yaranması barədə şikayətlər səngimək bilmir. Həm sosial şəbəkələrdə yayılan məlumatlara, həm də ayrı-ayrı paytaxt sakinlərinin bildirməsinə görə, suyun verilməsində hər gün fasilələr yaranır, bəzi hallarda isə gün ərzində, ümumiyyətlə, verilmədiyi vurğulanır.

Şikayətlərdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində içməli suyun günlərlə verilmədiyi, Yasamal rayonunun bəzi ərazilərində də günün böyük bir hissəsində suyun kəsildiyi bildirilir. Xırdalan şəhərindən, Lökbatan, Masazır və Zığ qəsəbələrindən də şikayətlər eşidilir. Hətta Zığ qəsəbəsindən yerli media orqanlarına bildiriblər ki, onlar maşınlarla suyun tonunu 11–13 manata almağa məcbur qalıblar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən APA-ya bildirilir ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır: “Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb. Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq, Bakı şəhərinə tələbatından 0.3 milyon kubmetr çox su verilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənmsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir”. Qurum vəziyyətdən çıxışı yeni layihələrdə görür: “Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür qurğuları kompleksində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir”.

Qeyd edək ki, ötən ay da paytaxt Bakı və Abşeron rayonunun bəzi ərazilərində su verilməsində fasilələr yaranmışdı. Rəsmi qurumlar bunu Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəza ilə izah etdilər. Qəzanın nəticələri yalnız bir neçə günə ardan qaldırıldı. Amma hər il yay fəslində isti havaların düşməsi ilə Bakı və Abşeronda su şikayətləri eşidilməyə başlanır. Bu ilin əvvəlində isə ölkənin yerli saytlarında su tariflərinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarsalamadığı ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlardan sonra sosial şəbəkə istifadəçiləri arasında suyun qiymətinin yenidən artacağı ilə bağlı narahatlıqlar müşahidə edilmişdi. Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci il fevralın 1-dən artırılıb. Onda artım 100 faiz olmuşdu. Suyun 1 kubmetr qiyməti kanalizasiya suları ilə birlikdə 1 manata qaldırılmışdı. Onu da qeyd edək ki, su probelmi bəzi ölkələrdə özünü daha kəskin formada göstərir. Məsələn, İranın paytaxtı Tehran o qədər ciddi su çatışmazlığı ilə üzləşib ki, onun 15 milyonluq əhalisi köçmək məcburiyyətində qala bilər. İran prezidenti Məsud Pezeşkian bildirib ki, vəziyyət ciddidir və Tehranın artıq suyu qalmayıb. O, fövqəladə həll yolu kimi paytaxtın köçürülməsi variantının istisna edilə bilməyəcəyini də vurğulayıb. İranın 31 əyalətindən 20-dən çoxunda su böhranı yaşayır. Dövlət xəbər agentliyi - IRNA ən böyük su anbarlarından birinin növbəti dörd həftə ərzində tamamilə quruyacağını yazıb. Ölkə boyu yeddi su anbarında suyun səviyyəsi 10 faizdən aşağı düşüb. Cənubdakı Hörmüzqan və Fars vilayətlərində iki bənd tamamilə quruyub və ölkə daxilində su anbarlarının 80 faizi, demək olar ki, boş qalıb. İqlim mütəxəssislərinin sözlərinə görə, qarşıdakı iki ay ərzində normal su təchizatı mümkün olmayacaq və vəziyyət ilin sonuna doğru yağıntılarla yüngülləşə bilər. Pezeşkian cari böhranın səbəblərindən biri kimi illərlə davam edən quraqlığı vurğulayıb. O, eyni zamanda əvvəlki hökumətin bu problemə məhəl qoymadığını deyərək tənqid edib. Tənqidçilər mərkəzi hökuməti və vilayət rəhbərliklərini hava şəraiti ilə bağlı problemləri idarə etməkdə səriştəsizlikdə ittiham edir. Tehranın bir çox sakini artıq paytaxtı tərk edərək su təchizatı problemi yaşanmayan Xəzər dənizi sahilindəki şimal vilayətlərinə köçüb. Təbrizdə isə su istehlakı qırmızı həddə çatıb, şəhərdə 75 günlük su ehtiyatı qalıb. Şərqi Azərbaycan əyalətinin Regional Su şirkətinin başçısı Yusif Qafarzadənin sözlərinə görə, bölgədə içməli suyun orta istehlakı saniyədə 12 min litrə çatır, pik saatlarda bu göstərici 13 min litri ötür. Başçı bildirib ki, illik içməli su istehlakı artıq 380 milyon kubmetr təşkil edir, bu da ciddi idarəetmə tələb edən böyük bir rəqəmdir: “Kənd ərazilərində də 90 milyon kubmetr su istehlak olunur”. O, əyalətin beş şəhərinin hazırda böhranlı vəziyyətdə olduğunu, doqquz şəhərin isə böhran həddinə yaxınlaşığını deyib: “Təbriz də bu böhranlı şəhərlər sırasında yer alır”.

Ramil QULIYEV

Seçilən
25
baki-xeber.com

1Mənbələr