Cahandar Bayoğlu: “Əgər Ermənistanın Azərbaycanla müqayisə ediləcək yeri varsa, Ermənistan liderlərinin də Azərbaycan liderləri ilə müqayisə etmək yeri ola bilər”
Erməni Milli Konqresinin (EMK) sədr müavini Levon Zurabyan Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbyönümlü siyasətini tənqid edib və onun bu mövqeyini Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin yürütdüyü siyasətə bənzədib. Zurabyan bu barədə yazıb:
“...Bu arada biz Azərbaycanın 1992-1993-cü illərdə keçdiyi yolu təkrarlayırıq və Paşinyanla Elçibəy arasında paralellər heç də təsadüfi deyil.
Necə ki, Paşinyan Ermənistanı müəyyən geosiyasi istiqamətə aparır, Elçibəy də Azərbaycanı NATO-ya, Türkiyəyə apardı, bu da sonradan ölkənin dağılmasına gətirib çıxardı - ta ki Əliyev gəlib çıxış yolu tapana qədər.
İndi Paşinyan da qalib gəlmək şansı olmayan oyuna girdiyinin fərqinə varmayaraq, eyni yolla gedir.
Əgər Ermənistanda balanslaşdırılmış diplomatiya aparan və müxtəlif geosiyasi oyunçuların maraqlarını əlaqələndirməyə qadir olan adekvat hökumət olsaydı, bizdə tamam başqa vəziyyət yaranardı. Söhbət son dərəcə mürəkkəb vəzifədən gedir, onun həllini uzun müddətdir, o cümlədən 2021-ci il seçki proqramımızda səsləndirmişik. Sünik (Qərbi Zəngəzur-İ.S) belə yüksək geosiyasi maraq kontekstində şimaldan cənuba, şərqdən qərbə dəmir yollarının kəsişəcəyi nəqliyyat qovşağına çevrilməlidir. Belə bir konsorsium yaratmaq və müxtəlif dövlətlərin maraqlarını balanslaşdırmaqla Ermənistan ölümcül geosiyasi mübarizədən çıxa bilər... Amma bu gün əlimizdə olan budur - Elçibəy ruhunda hakimiyyət”.
“Bu gün Paşinyanı Elçibəylə müqayisə etməklə ona bir mesaj verirlər ki, biz səni Moskvanın əli ilə devirəcəyik”
Zurabyanın bənzətməsi ilə bağlı Turan Partiyasının sədri Cahandar Bayoğlu “Bakı-Xəbər”ə bildirdi ki, əslində Paşinyan Qərbyönümlü siyasət aparmır və bu gün onun apardığı siyasət Ermənistanı xilasetmə siyasətidir: “Paşinyan çalışır ki, Ermənistan bir dövlət kimi məhv olmasın, ermənilər az da olsa Ermənistan adlı bir dövlətdə yaşaya bilsinlər. Onun mücadiləsi Ermənistan sınırları içərisində onun varlığını qorumaqla yanaşı, dünya ermənilərinin bir dövlət kimi də yaşamasında ağıllı ermənilərin mövqeyindən çıxış etməkdir. Təbii ki, bağımsız, milli dəyərlərini düşünən ermənilər indiyə kimi çox az olub. Amma bu gün Paşinyanın liderliyində belə bir erməni elitasının formalaşdığını görürük. Təbii ki, Ermənistanın iç siyasətində hər türlü qüvvələr var. Moskvayönümlü, daha çox Moskvanın hərbi-sənaye kompleksinə bağlı olan terrorçu güclər, eyni zamanda İran adlanan Azərbaycanda fars-faşist çetesinə bağlı olan narko baronlarla işbirliyində olan qüvvələr mövcuddur, digər tərəfdən də, erməni diasporu adlanan bir diaspor var ki, o da Batı dünyasının ayrı-ayrı dövlətlərinin əllərində marionet-kukla güclərdir. Ermənistanda olan bu güclər arasında erməni xalqı dağılır, əzilir, öz dövlətini qura bilmir, hətta Qafqazda olan ermənilərin məhv olması, sıradan çıxarılması təhlükəsi var. “Məhv edilməsi” deyəndə söhbət onların fiziki məhvindən getmir. Təbii ki, Ermənistan adlanan bir dövlətdə onların varlığının yox olmasından danışırıq...
Paşinyan çalışır bütün qüvvələr arasında bir mövqe sərgiləsin ki, Ermənistanı xilas etsin. O da bu gün bunu qonşularla anlaşma yolu ilə gerçəkləşdirmək istəyir. Eyni zamanda Batı dünyasından olan güclü bir dövlətdən də təminat almaq niyyətindədir. Belə bir mübarizə içində olan bir Paşinyan var. Təbii ki, Ermənistan liderlərini Azərbaycan liderləri ilə müqayisə edəndə, əslində Ermənistanı Azərbaycanla müqayisə etməliyik. Əgər Ermənistanın Azərbaycanla müqayisə ediləcək yeri varsa, Ermənistan liderlərinin də Azərbaycan liderləri ilə müqayisə etmək yeri ola bilər. Ermənistan varlığını qorumağa, sıfırlanmaqdan qaçmağa çalışan bir dövlətdir, erməni xalqının sayı dünyada 6-7 milyondan artıq deyil. Bu baxımdan nə erməniləri Azərbaycan xalqı ilə, nə də Ermənistan adlı dövləti Azərbaycanla müqayisə etmək olar. Azərbaycanın dövlət olaraq sınırları 2 milyona yaxındır ki, biz onun hüdudlarını görürük. Eyni zaman dünyada 70-80 milyon arasında Azərbaycan türkü yaşayır. Bu da təbii ki, müqayisə ediləcək bir durum deyil.
Biz Azərbaycan və Ermənistan deyəndə Ermənistanın xilası Azərbaycandır anlayışı ilə məsələyə yanaşmalıyıq. Biz hər halda ermənilərin məhvini istəmirik, qonşuluqda bir xalq olaraq yaşayırlar, seçim də erməni xalqınındır. Amma bu gün Paşinyanı Elçibəylə müqayisə etməklə ona bir mesaj verirlər ki, biz səni Moskvanın əli ilə devirəcəyik”.
C.Bayoğlu inanır ki, Moskva gücləri Ermənistanda hər hansı bir dəyişiklik etmək gücündə deyillər. C.Bayoğlunun fikrincə, artıq erməni xalqı da başa düşür ki, Azərbaycan və Türkiyə onları əzmək istəmir, Azərbaycan və Türkiyə Ermənistanı xilas etmək istəyir ki, Qafqazda barış və isitiqlal olsun.
İradə SARIYEVA