"Vahid Suriya, silahsız kürdlər və İsrailə təzyiq..."
ABŞ-ın Türkiyədəki səfiri və eyni zamanda Suriya və Livan üzrə xüsusi nümayəndəsi Tom Barakın son açıqlamaları Vaşinqtonla Təl-Əviv arasında Suriya məsələsindəki dərin fikir ayrılığını üzə çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.
Vaşinqtonun hədəfi və Tel-Əvivin narahatlığı
Səfir "Associated Press" agentliyinə verdiyi müsahibədə İsrailin Suriya ərazisində vahid dövlətin bərpasında maraqlı olmadığını, əksinə, parçalanmış və zəiflədilmiş bir Suriya görmək istədiyini bildirib: "Ərəb milli dövlətləri İsrailin gözündə təhlükə olaraq qalır. Amma Suriyada azlıqlar, məncə, başa düşür ki, mərkəzləşmiş hakimiyyət altında birgə yaşamaq onlar üçün daha yaxşıdır".
Barakın bu fikrinə nə druzlar, nə ələvilər, nə də kürdlər tam dəstək verir. Lakin bu tezis İsrailin Suveyda hadisələrində, o cümlədən hökumət obyektlərinə, generallar qərargahına və prezident sarayı yaxınlığındakı binalara hava zərbələri endirməsi zamanı niyə ABŞ-ın sərt reaksiyası ilə qarşılaşdığını izah edir.
Barak bildirib ki, İsrailin bu müdaxiləsi ABŞ-la razılaşdırılmayıb və "ən uğursuz məqamda yeni və mürəkkəb mərhələ yaradıb". Amma bir sual açıq qalır: druzların qətliamdan keçirildiyi bir vaxtda, İsrail nə etməliydi?
İsrailin strategiyası varmı?
İsrailin Suriyanın gələcəyi ilə bağlı müəyyən bir strategiyasının olduğu aydın deyil. Təl-Əviv gah prezident Əhməd Əş-Şaraa-nı "kostyum geyinmiş cihadçı" adlandırır, gah da onunla razılaşmalar imzalayır, sonra isə bu razılaşmaları pozaraq təhdidlərə və zərbələrə keçir. Suveyda hadisələrindən sonra isə təhlükəsizlik mövzusunda dialoqlar yenidən bərpa olunub.
ABŞ-ın yanaşması isə daha ardıcıldır: Vaşinqton vahid, mərkəzləşdirilmiş və ərazisinə nəzarət edən bir Suriya dövləti qurmaq istəyir. Amma bu strategiyanın həyata keçirilməsi çox çətindir. Bir tərəfdən, ABŞ Suriya rejimini Suveydadakı vəhşiliklərə görə məsuliyyətə cəlb etməyə çağırır, digər tərəfdən Barak etiraf edir ki, yeni formalaşmağa başlayan Suriya hökuməti məhdud resurslarla bu cəmiyyətin birləşdirilməsi üçün əlindən gələni edir.
Azlıqlar sistemi: Kürdlər və druzlar
ABŞ-ın Suriyadakı siyasəti faktiki olaraq iki azlıq qrupuna - kürdlərə və druzlara söykənir. Bu azlıqlar hələ də silahlıdır və hər biri öz havadarına - druzlar İsrailə, kürdlər isə ABŞ-a arxalanır. Bu qrupların liderləri artıq Şaraa ilə müəyyən prinsipial razılaşmalar imzalayıb, amma bu sənədlər hələlik yalnız kağız üzərindədir və ciddi şərtlər, tələblərlə doludur. Bu şərtlərin icrası vahid dövlət ideyasını parçalaya bilər, icra olunmaması isə qarşıdurmalar doğura bilər.
Vaşinqtonun hədəfi kürdlərin inteqrasiyasıdır
ABŞ hazırda diqqətini kürdlərə yönəldib. Vaşinqton istəyir ki, kürd qüvvələri silahı yerə qoyub Suriya ordusuna birləşsin. Bu, həm Suriyanın daxili sabitliyi, həm də Türkiyənin kürd təşkilatlarına qarşı apardığı müharibənin sonlanması üçün vacib sayılır. Tramp administrasiyası Suriya torpağındakı hərbi iştirakını azaltmaq üçün bu məsələni tezliklə çözmək istəyir. Uzun illər boyu ABŞ-ın kürdlərə dəstəyini tənqid edən Türkiyə indi ABŞ-la eyni fikirdədir: kürd məsələsi bağlanmalıdır.
Bu məqsədlə Barak kürd komandanı Məzlum Abdiyə təzyiq göstərir. Bir sıra mənbələrə görə, o, kürdlərə ultimatum verib - 30 gün ərzində rejimlə razılaşma imzalanmalı və orduya qoşulmalıdırlar. Rəsmi Vaşinqton ultimatum olduğunu inkar etsə də, Barak özü deyib: "Əgər kürdlər razı deyilsə, qoy olmasınlar, amma biz burada əbədi qalası deyilik. Alternativlərimiz də var".
Kürdlər bu təhdidi anlayır, lakin hələlik təmkinli davranırlar. Kürd qüvvələrinin sözçüsü Abqar Davud deyib: "Biz silahı yalnız o halda yerə qoyarıq ki, Suriya konstitusiyası bizim xüsusi statusumuzu tanısın". Bu "xüsusi status" anlayışı çoxşaxəlidir: kürdlərin silahlı birləşmələrinin öz bölgələrindəki təhlükəsizlikdən məsul olması və ya bu bölgələrin muxtar ərazi kimi tanınması kimi tələbləri əhatə edir.
Ankaranın sərt mövqeyi və balans axtarışı
Türkiyə isə bu tələblərə qəti şəkildə qarşı çıxır. Xarici işlər naziri Hakan Fidan bildirib: "Suriyanın parçalanmasına səbəb ola biləcək istənilən addımı milli təhlükəsizliyimizə təhdid hesab edəcəyik və müdaxilə edəcəyik. Heç bir qrup Suriyanı bölmək üçün hərəkət etməməlidir". Fidanın bu sözləri ilk baxışda İsrailə ünvanlanmış kimi görünsə də, Türkiyə XİN sonradan izah edib ki, hədəf kürdlərdir. Lakin bu izah əsas güc balansını dəyişmir.
Bu gün Suriya məsələsində ABŞ və Türkiyə, həmçinin səssiz iştirakçı kimi Səudiyyə Ərəbistanı prezident Əş-Şaraa-nı yeganə alternativsiz lider kimi qəbul edir. İsrail isə artıq bu reallıqla barışmalı, ABŞ maraqlarını təhlükəyə atan hərbi və ya siyasi addımlardan çəkinməlidir.
Müəllif: Çvi Barel, "Haaretz"