Bəhruz Quliyev: "Rəsmi şəkildə strateji tərəfdaşlıq sazişi imzalamaq istəyən Fransa artıq qeyri-rəsmi olaraq Ermənistanı ağır hərbi texnikalarla təmin edir"
Fransa Milli Assambleyasında yayılan qətnamədə Aİ və Paris İrəvanla sülh sazişi imzalamaq üçün Bakıya təzyiq göstərməyə çağırır.
Fransa Milli Assambleyasında Ermənistanla sülh sazişinin imzalanmasını sürətləndirmək və Bakıda qeyri-qanuni saxlanılan erməni əsirlərin azad edilməsi üçün Fransa hökumətini və Avropa İttifaqını Azərbaycana təzyiqləri artırmağa çağıran qətnamə yayılıb.
Fransa parlamentarilərinin təqdim etdikləri qətnamədə Ermənistanla sülh sazişinin imzalanması və erməni hərbi əsirlərin azad edilməsinin sürətləndirilməsi üçün Fransa hökuməti və Avropa İttifaqı Azərbaycana təzyiqləri artırmağa çağırılır. O, Fransa hökumətindən yaxın vaxtlarda Ermənistanla strateji əməkdaşlığa dair sənədi yekunlaşdırıb imzalamağı tələb edir, həmçinin Aİ-dən Ermənistanla siyasi, iqtisadi, hərbi, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın həcmini artırmağı tələb edir.
Maraqlıdır, sülh sazişinin şərtlərindən yayınan, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən Ermənistan olduğu halda, nəyə görə Azərbaycana təzyiq göstərilməlidir?
Digər tərəfdən, Aİ və Fransa hökuməti Azərbaycana bu istiqamətdə necə təzyiq göstərə bilər?
Eyni zamanda o da maraqlıdir ki, Fransa ilə Ermənistan arasında strateji tərəfdaşlıq sazisinin də imzalanması nəyi dəyişəcək. Onsuz da Fransa bu saziş olmadan Ermənistanı ağır və öldürücu silahlarla silahlandırır. Bu da Cənubi Qafqaza sülh yox, qarşıdurma və münaqişə vəd edir...
"Bu günlərdə Fransa Milli Assambleyasında qəbul edilən qətnamə bir daha göstərdi ki, rəsmi Paris Cənubi Qafqazda sülhün yox, qarşıdurmanın tərəfdarıdır. Qətnamədə, guya sülh sazişinin sürətləndirilməsi və Bakının “erməni əsirləri”ni azad etməsi üçün Azərbaycana təzyiq çağırışı edilir. Halbuki, reallıq tamam fərqlidir: Ermənistan bu gün də konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır, mina terrorunu davam etdirir və sülh sazişindən yayınır". Bunu "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, sülh danışıqlarını pozan tərəf Ermənistan olduğu halda, Fransa nəyə görə Azərbaycana təzyiq tələb edir? Bu, artıq siyasi qərəzin açıq ifadəsidir.
"Hesab edirəm ki, özünü “sülh tərəfdarı” kimi təqdim edən Paris, əslində Ermənistanı silahlandırmaqla regionda yeni münaqişə ocaqları yaratmağa çalışır. Rəsmi şəkildə strateji tərəfdaşlıq sazişi imzalamaq istəyən Fransa artıq qeyri-rəsmi olaraq Ermənistanı ağır hərbi texnikalarla təmin edir. Bu saziş isə sadəcə həmin siyasətin hüquqi rəsmləşməsindən başqa bir şey deyil.
Digər tərəfdən, Aİ və Fransa Azərbaycana necə təzyiq göstərə bilər? Azərbaycana qarşı təzyiq cəhdləri nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan nəticə verəcək. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, regionda real güc mərkəzinə çevrilmiş, prinsipial və ədalətli mövqe nümayiş etdirən dövlətdir.
Azərbaycan bu gün də sülh istəyir – amma bu sülh təzyiqlə, qərəzlə deyil, ədalətlə və qarşılıqlı hörmət əsasında qurulmalıdır.
Fransanın ikili standartlara əsaslanan, erməni təəssübkeşliyinə hesablanan mövqeyi isə təkcə Azərbaycanla münasibətlərə deyil, Avropanın özünün regionda etimadını itirməsinə yol açır" - deyə siyasi şərhçi əlavə edib.
Akif NƏSİRLİ