Sosial şəbəkələrdə corab satdığı görüntüləri yayıldıqdan sonra diqqət mərkəzinə düşən aktyor Allahverdi Yolçuyev işlə təmin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə aktyor Baku TV-yə açıqlamasında məlumat verib.
"Mənim corab satmağım barədə yayılan görüntülərdən sonra böyük ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. İki dəfə zəng etdi, vəziyyətimi soruşdu. Mən də dedim ki, təqaüdüm dərmanlarıma belə çatmır, vəziyyətim ağırdır. Bundan sonra Musiqili Komediya Teatrına işə bərpa olundum. Artıq aidiyyəti qurumlar mənimlə maraqlanırlar. Corab satmağım isə bir tarix olaraq qaldı" , - deyə aktyor bildirib.
***
"Biz çalışırıq ki, mədəniyyət xadimlərimizin, mədəniyyət sahəsində çalışan işçilərimizin yanında olaq. Yaşlı və gənc fərqi qoymadan onlara dəstək göstəririk".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Allahverdi Yolçuyevin və ümumilikdə aktyorların sosial təminatı ilə bağlı danışan mədəniyyət naziri Adil Kərimli deyib.
Nazir qeyd edib ki, əlavə sosial təminatlar qanunvericilik səviyyəsində təmin olunub:
"Təbii ki, mədəniyyət sahəsində çalışanlarla bağlı dövlətimizin sosial təminat paketləri çoxdur. Bu mexanizmin inkişaf etdirilməsi istiqamətində müvafiq dövlət qurumları mütəmadi olaraq fəaliyyətlərini koordinasiya edirlər. Cənab Prezidentin sözügedən istiqamətdə tapşırıqları var".
"Mədəniyyət sahəsində sosial təminatla bağlı qanunvericilikdə ciddi islahatlar nəzərdə tutulur", - deyə nazir bildirib.
15:23
"Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir. Aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:
"Bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir".
Xatırladaq ki, Aktyor Allahverdi Yolçuyev müxtəlif illərdə teatr və televiziya sahəsində fəaliyyət göstərib. O, 1979-1981-ci illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, 1985-1987-ci illərdə isə Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Sonrakı illərdə, 1987-2016-cı illərdə televiziya və radio sahəsində fəaliyyət göstərərək, "Laylay", "Göydən üç alma düşdü" və digər uşaq verilişlərinin aparıcısı və səsləndiricisi olub.
12:52
Azərbaycanın tanınmış aktyoru Allahverdi Yolçuyev maddi çətinliklər səbəbindən corab satdığını bildirib. Sözügedən məsələ rezonansa səbəb olub.
Bəs görəsən, aktyora dövlət qurumlarından hansısa formada dəstək təklif olunubmu? Ümumiyyətlə, aktyorun gözləntisi nədir?
Oxu.Az-ın əməkdaşı Allahverdi Yolçuyevlə söhbətləşib.
O bildirib ki, xəstələndikdən sonra dərman xərclərini qarşılamaq üçün bu yola əl atıb:
"Heç kimə ağız açmamışam, heç kəsin qapısını döyməmişəm. Mən bu cür insan deyiləm. Amma dərman xərclərini qarşılamaq üçün corab satıram. Media sağ olsun, hər şeyi məndən yaxşı bilir. Yazılır, pozulur, danışılır, amma nəticə yoxdur. Mən normal bir təqaüd istəyirəm. Başqa heç nə istəmirəm".
Aktyor qeyd edib ki, Mədəniyyət Nazirliyi ona müəyyən dəstək göstərib:
"Nazir Adil Kərimli mənimlə birbaşa əlaqə saxladı. Dedi, nəyə ehtiyacın varsa, de. Maddi yardım da etdi, sağ olsun. Amma bu, birdəfəlik idi. Bir manat da versələr, təşəkkür edirəm. Amma mən normal, sabit bir təqaüd istəyirəm ki, yaşamaq mümkün olsun. May ayında rəsmi məktub da yazmışam. Tez-tez başqalarına ağız açan adam deyiləm. Bu, mənə xoş olmur".
Allahverdi Yolçuyev əlavə edib ki, bir çox aktyor bu gün ağır şəraitdə yaşayır:
"Elə aktyorlar var ki, məndən də pis vəziyyətdə yaşayırlar. Onlar üçün bir şey fikirləşmək lazımdır".