Ağdam rayonunun Gülablı kəndi ərazisində ötən gün başlayan yanğın Xocavənd rayonunun Mirikənd kəndinə keçib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam, Ağcabədi, Yevlax və Xankəndi rayonlarından 130 nəfərlik şəxsi heyət səfərbər olunub. Eyni zamanda, yanğının söndürülməsinə 2 helikopter də cəlb edilib.
İlkin mərhələdə hadisə yerinə 80 nəfərlik şəxsi heyət göndərilib. Lakin küləkli hava şəraiti yanğının söndürülməsini çətinləşdirdiyindən, əlavə olaraq 50 nəfərlik qüvvə də əraziyə yönəldilib.
Bundan başqa, Ağdərə rayonunun Həsənriz kəndində də günorta saatlarında yanğın baş verib. Həmin əraziyə də FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub.
Məlumata görə, meşəlik əraziyə keçən aktiv yanğın ocaqları artıq məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
17:37
Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Moderator.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir:
"Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir. Əlavə məlumat veriləcək".