“Qəbələ”nin gənc futbolçusu Sənan Ağalarov yeni mövsümdə Birinci Liqa təmsilçisi “Baku Sportinq”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Birinci Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, 20 yaşlı futbolçu “Qəbələ”dən icarəyə götürülüb. O, qarşıdakı mövsümün sonuna qədər “Baku Sportinq”də çıxış edəcək.
Xatırladaq ki, müqavilə ilə “Qəbələ”yə məxsus olan Sənan Ağalarov ötən mövsüm “Araz-Naxçıvan”ın ikinci komandasında çıxış edib.
“Qəbələ” Sənan Ağalarovdan öncə Emil Süleymanovu da “Şamaxı”ya icarəyə vermişdi. Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Elvin Yunuszadə isə komandanı birdəfəlik tərk ediblər. Prins Ovusu əyalət klubu ilə peşəkar müqaviləyə imza atıb. “Qəbələ” İsaak Amoa, Paulo Kimbila və Adriel Ba Luanı da transfer edib.
Yeri gəlmişkən, “Baku Sportinq” daha bir neçə futbolçu ilə yeni müqavilə bağlayıb, həmçinin heyətinə yeni oyunçular cəlb edib. Paytaxt klubu sonuncu iş yeri “Difai” olmuş Xəyyam Məmmədlini heyətinə qatıb. 20 yaşlı yarımmüdafiəçi ilə 1 illik icarə müqaviləsi imzalanıb. Oyunçu müqavilə ilə “Qəbələ”yə məxsusdur.
“Baku Sportinq”in digər yeni futbolçusu Tolqar Yaqubovdur. 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Yaqubovun son klubu “İmişli” olub.
“İmişli”nin bu yay yollarını ayırdığı Elməddin Sultanov da yeni mövsümdə “Baku Sportinq”in uğurları üçün çalışacaq. 24 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.
“İmişli”dən ayrılmış Nəbi Məmmədov da “Baku Sportinq”lə anlaşıb. 25 yaşlı yarımmüdafiəçi də yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Ceyhun Muxtarlı da “Baku Sportinq”in yeni transferlərindəndir. 25 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb. Muxtarlının son klubu “Difai” olub.
İkinci Liqada “Baku Sportinq”in bombardiri olmuş kapitan Röyal Nəcəfov da yenidən bu kluba qayıdıb. Klubun Birinci Liqaya çıxmasında böyük pay sahiblərindən biri olan 34 yaşlı hücumçu 2025/2026-cı illər mövsümündə də “Baku Sportinq”in şərəfini qoruyacaq.
Yarımmüdafiəçi Elşən Abdullayev də klubla yeni müqaviləyə imza atıb. Ötən mövsüm də bu komandanın şərəfini qorumuş 31 yaşlı yarımmüdafiəçi ilə müqavilə müddəti 1 il uzadılıb.
İlham Allahverdiyev də “Baku Sportinq”də qalacaq. Ötən mövsüm bu komandanın şərəfini qorumuş 33 yaşlı hücumçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Əli Mürsəlov da “Baku Sportinq”lə yola davam edəcək. Ötən mövsüm bu komandanın şərəfini qorumuş 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Sonda onu da bildirək ki, “Baku Sportinq” yeni mövsümün hazırlığına iyulun 21-dən start verib. İlk hazırlıq prosesi komandanın Buzovnadakı Məşq Mərkəzində keçirilib. “Ağ-göylər” hazırlıq mərhələsində gündə bir dəfə olmaqla məşq edirlər. Hazırlıq prosesində “Baku Sportinq” 4 yoxlama matçı keçirməyi planlaşdırır.